Kinonun dekonstruktiv
rejisorlarından Gaspar Noenin ilk tammetraj filmi “Seul Contre Tous” filmidir. Noe
öz filmləri arasında bağlılıq qurmağı xoşlayan rejissordur. 1991-ci ildə lentə
aldığı ortametraj “Carne” filminin əsas personajı olan “Qəssab”ın hekayəsi
1998-ci ildə lentə aldığı “Seul Contre Tous”da uzun metraja yansıyır.
Rejissorun ən çox səs-küyə səbəb olan “İrreversible” filmində olduğu kimi
bu filmində də hadisələrə sondan başlayırıq. Film barda oturan 3 nəfərin əxlaq
və ədalət haqda dialoqları ilə başlayır, sonra 4 dəqiqə müddətinə qəssabın bütün
həyatı və başına gələnlər qısa şəkildə göstərilir (Bu qısa fraqmentallıq,
rejissorun 1991-ci ildə çəkdiyi “Carne” filmində, 40 dəqiqəik bir müddətə ətraflı
şəkildə təhkiyə edilir). Nəticədə tamaşaçı filmə, qəssabın həyatına birbaşa
daxil olur. Səhnə keçidləri və dinamizm istər istəməz Jean-Luc Godard kinosunu
xatırladır. Film əvvəlindən sonunadək tamaşaçını fransız mədəniyyətinin və
tarixinin içində yoğurur. Fransız yazıçıları, filosofları, kino adamları və
tarixi sanki filmdə parad keçirir. Qəssabın daxili monoloqları fransız ədəbiyyatının
bir çox obrazı ilə yaxınlıq qurur. Monoloqlara sanki bir az Markiz de Sad, bir
az Alber Kamyu səpilib.
1980-ci illərin Fransasında tənhalığın, heçliyin və daima dəyişən-əslində isə
heç dəyişməyən dünyanın pəncəsində qəssab ölkənin, cəmiyyətin, dolayısı ilə də
özünün keçmiş taleyi və tarixi ilə hesablaşır və bəzən də meydan oxuyur. Filmin
bir səhnəsində qəssab qızını və özünü tərk edən qadın ilə bir dəfə sekslə məşğul
olduğu və sonradan dünyaya gələcək qızının toxumlarını səpdiyi otel otağında təkcə
oturub iç monoloqları və aclığı ilə mübarizə apararkən otağın pəncərəsini açır
və çöl mənzərəyə baxaraq deyir: “Ölkəmi sevirəm. Fransa. Zavallı Fransa,
dünyanın bütün ağrıları burada toplanıb.”
Buna baxmayaraq qəssab Fransaya qarşı nifrətlə doludur. Nəticədə Fransanın
tarixi öz tarixidir. Qəssab hamıdan qisas almaq niyyətindədir, varlılardan, əxlaqçılardan,
əxlaqsızlardan, homoseksuallardan, kommunist atasını öldürən nasistlərdən: “...
Amma varlılar əsla həbs olunmur. 10 ildə
bir və iki dəfə, olar ya olmaz. Həbsxanalar kasıblar üçündür. Qanunlar da
varlılar üçündür. Kasıblar oğurlaya bilməz. Lakin ən əsas oğurladan, sikilən
onlardır. Problem deyil, bəyaz yaxalılar pulumuzu, xoşbəxtliyimizi və şərəfimizi
bizdən ala bilərlər. Hər gün bu hiyləgərlərin və onun əlaltılarının əlləri sənin
ciblərində və götündədir. Sənin, arvadının, uşaqlarının... Hətta səni güldürə də
bilirlər. Yaxşı, gülümsəyəcəm, lakin qisasımı alandan sonra.” Qəssabın bu cür
monoloqları sistemə qarşı necə nifrət qusduğunun göstəricisidir. Həmçinin qəssabın
gözündən varolma ətlə əlaqədardır. Onun zehnində hər yer ətlə örtülüdür,
yuxusunda belə ət görür: At əti, donuz əti, qadın əti. Ən qiymət verdiyi ət isə
at və qızının ətidir. “Carne” filmində bunu dilə gətirir: “Dərisinin altında mənim
qanım hərəkət edir. Yaxın zamanda canlı-qanlı qadın olacaq-mənim ətimdən və
qanımdan ibarət olan bir qadın.”
Qəssab porno filmlərin göstərildiyi kinoteatra gedib kresloda oturanda
varolma səbəbi yenə onu sorğuya çəkir: “Həyat böyük bir boşluqdur. Bu həmişə
beləydi və həmişə belə olacaq.” deyə başlayan monoloqu yenə ətlə bir bağlılıq
qurur: “Porno filmlər çəkmək istəyirəm, həyata yenidən başlamalıyam. Hər şey
aydındı, bu filmləri çəkənlər insanlığı kəşf etmiş insanlardır”. Bütün bu
düşüncələrı ağlından keçirərkən kresloya söykənib öz həyatının, bəlkə də bütün
həyatların xülasəsini izləyir.
Gaspar Noe fərdin çürümüş iç dünyasını diqqətə gətirir, filmin məkanı qəssabın
daxili aləmidir. Qəssabın monoloqlarında bir az eksperimentallıq, bir az roman
amma ən çox şeir var. Filmin son səhnəsində kamera otel otağının balkonunda
bir-birini qucaqlayan və bir-birini tumarlayan qəssab və qızından uzaqlaşaraq
ağrıların cəmləşdiyi Fransanı, küçəni göstərir. Kadrda boş bir küçə var, qəssabın
sözləri isə bir növ bu boş çərçivəni doldurur: “Nə etsək də, etməsək də
insanlıq dəyişməyəcək. Amma etdiklərimiz sənin üçün və mənim üçün tamamilə dəyişmək
deməkdir. İnsanlar azad olduqlarını düşünürlər. Azadlıq deyilən bir şey yoxdur.
İnsanların özlərini qorumaq və məni və kədərimi ört-basdır etmək üçün inşa
etdikləri qanunlar var. Bu qanunlardan biri mənim səni sevə bilməyəcəyimi
deyir. Niyə? Çünki sən mənim qızımsan. Mərc gələk, bunu səhv olduğu üçün deyil,
çox güclü bir şey olduğu üçün qadağan ediblər. Bizim vəziyyətimizdə başqa çıxış
yolu yoxdur. Səni sevirəm. Vəssəlam.”
0 Şərh:
Yorum Gönder