İngilis rejissor Peter Stricklandın 2014-cü ildə lentə
aldığı “The Duke of Burgundy” mövzusu ilə diqqət çəkən filmlərdən biridir.
Rejissorun sayca üçüncü filmi olan bu ekran işi festivallarda da müsbət rəy
toplamağı bacarmışdı. Həmçinin filmin baş rol aktrisaları Sidse Babett Knudsen
və Chiara D’Annanın aktrisalıqları da yüksək səviyyədədir. Onu da qeyd edək ki,
bu film hər tamaşaçıya görə olmayan fərqli bir filmdir.
“The Duke of Burgundy” vaxtın və məkanın naməlum olduğu bir atmosferdə, böyük bir
malikanədə yaşayan Cynthia və Evelynin münasibətlərini mövzu edir. Yaşca böyük
olan Cynthia gününü kitabxanada kəpənəklər haqda araşdırma apararaq və
seminarlara qatılaraq keçirir. Evelyn isə ona bağlı kimi görünsə də əslində
xüsusi bir zövq aldığından bu cür davranır. Sadomazoxist oyunlar oynamağı xoşlayan Evelyn, Cynthiadan evdə ona
kölə kimi davranmağını istəyir. Gənc qızın xətrinə bu oyunları oynayan Cynthia,
bir müddət sonra bu oyunlardan bezir və cütlüyün münasibəti korlanmağa başlayır.
Peter Strickland film haqda verdiyi açıqlamalarda, filmi 70-ci illərin
istismar kinosuna bənzətdiyini və hətta bir çoxunun xor gördüyü bu janra etibar
qazandırmaq üçün çəkdiyini deyib. Həqiqətən Strickland təcrübi bir film lentə
alıb. Asanlıqla gülünc vəziyyətə və mənasızlığa yuvarlana biləcək mövzunu
yerli-yataqlı təhkiyə edib, mesajlarını ustalıqla filmə yerləşdirməyi bacarıb.
Rejissorun mövzunu ustalıqla həll edib istədiyi mesajı tamaşaçıya
çatdırmağı təqdirəlayiqdir. Xüsusilə, filmin cinsi istismar kinosunu cürbəcür
səhnələrlə salamlayan lakin ifrata varmayan tərəfini qeyd etmək lazımdır. Müxtəlif
cür sadomazoxist oyunlar və masturbasiya səhnələri olmağına baxmayaraq heç
birində açıq-saçıqlıq ön plana çıxmır. Nəql etdiyi mövzunu dərk edib filmin aktrisalarından
və mövzusundan istifadə etməkdən bilərək qaçır. Təbii olaraq təhkiyə etdiyi
janrın sənət üçün deyil heteroseksual tamaşaçının zövqü üçün edildiyinin fərqindədir.
Sərhədlərini əvvəldən cızaraq həm janrın bu tərəfini (və kinonun buna alət
edilməyini) tənqid edir, həm də qəribə bir həyəcanverici atmosfer yaradaraq
filmin təhkiyəsini diri saxlayır. Çünki bu tip səhnələrin davamında gələn
alovlu seks səhnələrini görməyə öyrəşmiş tamaşaçı bir anda özünü kəpənək seminarında
tapır. Filmdə heç bir kişi personajın olmamağı da bu səbəbdən diqqətəlayiqdir.
Ümumilikdə kişilərin izlədiyi bu janrda əsas personajlardan birinin kişi olmağı
ənənəvi hal ikən, “The Duke of Burgundy” kişilərə yer vermir. Strickland janra
(daha geniş mənada kinoya) bu məqsəd üçün baxanlara işgəncə edir.
Filmdə əsas məsələlərdən digəri isə sahib-kölə əlaqəsidir. Filmdə sadomazoxist
münasibət olduğu üçün təbii olaraq bir tərəf sahib, digər tərəf də kölə olur.
Amma bu əlaqədə sərhədlər müəmmalıdır və davamlı olaraq istiqamət dəyişdirir.
Oyunlarda Cynthia olduqca cazibədar geyimli ev xanımı ikən, Evelyn onun it kimi
davrandığı xidmətçisi olur. Oyunların sonunda Evelyn həmişə səhv edir və
Cynthia onu cəzalandırır. Ancaq bu cəzadan yalnız Evelyn zövq alır. Çünki bu
ssenariləri Evelynin özü yazır. Cynthianın bir müddət sonra bezdiyini hiss
edirik. Cynthia saatlarla davam edən oyunlarda rahat geyimlər geyinmək istəyir. Evelyn
də rolunu oynaya bilməyən (ya da oynamaq istəməyən) Cynthiadan bezməyə
başlayır. Yəni oyunda Cynthia sahib rolunda olsa da, əslində kölə və sevdiyi
qadın olan Evelyni xoşbəxt etmək üçün edir. Filmdə bir tərəfdən sahib-kölə
münasibətləri tənqid edilir, digər tərəfdən də müasir münasibətlərin ən vacib
problemlərindən biri ilə qarşılaşırıq- adiləşdikdən sonra sıxıcı olmağa
başlayan münasibətdə tərəflərin bir-birinə qarşı marağını itirməyi və başqa
yollara istiqamət almağı. Stricklandın belə bir filmi bu mövzu ilə də əlaqələndirə
bilməyi tamaşaçı tərəfindən gözlənilməzdir və uğurlu gedişdir. Beləcə “The Duke
of Burgundy” filmi sinematikliyi və mövzunu işləmə tərzi ilə bu janrda tamaşaçıya
yeni bir təcrübə yaşadır.
0 Şərh:
Yorum Gönder