This is default featured slide 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

10 Mart 2016

"Chelovek s kinoapparatom" - Dziga Vertov (1929)


“Chelovek s kinoapparatom” Dziga Vertov tərəfindən lentə alınan sovet filmidir. Denis Abramovich adı ilə də tanınan Dziga Vertov bu filmdə futurizmdən təsirləndiyini görmək mümkündür. Vertov həmin illərdə məşhur rejissorlardan biri sayılan Lev Kuleshovun da asistentliyini etmişdir. Rejissorun lentə almış olduğu bu film ssenarisiz, təhkiyəsiz olması ilə yanaşı, həm də sənədli film xüsusiyyətlərini özündə daşıyan sovet kinosunun nümunələrindən biridir. Həmçinin Vertov öz rejissorluğu haqda belə demişdir: “Mən bir gözəm, mən mexaniki bir gözəm”.

Filmdə hadisələr bir rus şəhərində yaşanan günlük həyatı əks etdirir. Əvvəlcə günə yenicə başlayan insanlar görürük. Onlar öz gündəlik həyatlarını yaşamaqdadırlar. Gün sonunadək işləyən bu insanlar, iş bitdikdən sonra rahatlayırlar. Günün sonuna yaxın isə kamera şəhəri get-gedə yaxın planlarla göstərməyə başlayır. Həyatın ritmini tutmağa çalışan kameralı adam bu cür fərqli həyat parçalarını ard-arda birləşdirərək gündəlik insan həyatını ön plana çıxarır. Filmin məqsədi insanın həm fərdi, həm cəmiyyətdə rolunu əks etdirməkdir. Öz dünyasında gəzişərək lentə aldığı görüntülərə görə kameralı adam adı verilən bu filmdə bütün bu sıravi insan həyatı ünsürü əsas ilham mənbəyidir. Filmin rejissorunun filmi montajladığı səhnələrə yer verildiyini də görmək mümkündür. Bu səhnələr rejissorun sənət anlayışına kölgə salmır, hətta bu dürüstlük məqsədi güdməkdədir.

“Sizi melodramın şirin toxunuşlarından və psixoloji təhkiyənin zəhərindən xilas olmağa dəvət edirik...”


Filmin qəhrəmanı olan kameralı adam elə filmin ilk səhnəsində sanki bir dağın zirvəsindəymiş kimi kameranın üstündə görünür. Burada kameranın filmin əsas personajı olduğuna dair işarə edilir və kamera filmin əsas müşahidəçisidir. Həmçinin bu ekran işində Dziga Vertovun sosialist ideallarının təsiri özünü göstərməkdədir. Son səhnə isə animasiya xüsusiyyətinə malikdir. Kamera yavaş-yavaş hissələrini bir yerə yığaraq çəkiliş üçün özünü hazır vəziyyətə gətirir və bir tripodun üzərinə oturur. Artıq kamera sahibinin əmrinə hazırdır.



“Chelovek s kinoapparatom” rejissorun Kino-Göz  adını verdiyi qrupu (Vertov, Vertovun həyat yoldaşı və qardaşı) tərəfindən 1924-1928-ci illərdə çəkilmiş görüntülərdən yığılmışdır. Vertovun ilk səhnələrdə oxuduğu manifest bir növ tamaşaçını izləyəcəyi filmə hazırlamaq məqsədi güdür. Kino manifesti yazmaq və yaratmaqq öz aktuallığını zaman keçdikcə itirməmişdir. Dogma 95 manifestini buna misal çəkmək olar. Film isə ilk dəfə 1928-ci ildə göstərilsə də, geniş kütlə qarşısına 1929-cu ildə Kiyevdə və Moskvada çıxarılır. Lakin ilk təqdimatlardan sonra film kinoteatrlardan götürülür. Dünya səviyyəsində filmin tanınmasına baxmayaraq sovet cəmiyyətində Stalinist rejim tərəfindən qadağaya məruz qalır və filmin cəmiyyətə xeyri olmadığı aşkarlanır. Buna baxmayaraq illər keçdikcə diqqətdən kənarda qalmamış, müasir rejissorlar üçün təsiredici və fərqli material kimi qəbul olunur.

9 Mart 2016

"Citizen Kane" - Orson Welles (1941)




Yazan: Zaur Rzayev


Amerikalı rejissor Orson Uellesin ilk uzun metrajlı filmi olan “Vətəndaş Kane” ( Citizen Kane) ilk dəfə  1941-ci ildə nümayiş etdirilib. Film kino sənətinə bir çox yeniliklər gətirməklə bərabər, eyni zamanda modern subyektə istiqamətlənmiş təhlil kimi də bir çox film tənqidçisinə görə bütün zamanların ən yaxşı filmi sayılır. Belə ki, yeni  montaj texnikaları, “deep focus”, qrim istifadəsinin daha detallaşması, alt bucaqlardan çəkiliş və s. yeniliklər ilk dəfə bu filmdə istifadə olunmuşdur. “Vətəndaş Kane” 1942-ci ildə 9 nominasiyada “Oscar”a namizəd göstərilsə də yalnız “Ən yaxşı ssenari" nominasiyasında qalib olmuşdur.

Film baş obraz Çarlz Foster Kane-in son nəfəsində ağzından çıxan “Rosebud” sözü ilə başlayır. Rejissor jurnalist Thompsonu bu sözün ( Rosebud) mənasını araşdırmaq üçün güclü və məşhur “Media tanrısı” Kane-in həyatının arxasınca göndərməklə həm  izləyicini Kane-in həyatına şahid edir, həm də maraq ünsürünü davamlı canlı tutaraq filmin axıcılığını təmin edir.


Uelles bu filmdə Kane-in obrazında bir kapitalist portretindən daha çox modern zaman fərdinin yalnızlığını, eqoizmini, hakimiyyət hərisliyini, gücə tapınmasını, istehlak hərisliyini, yadlaşmasını təsvir etmişdir. Bu mənada Kane-in yaxın dostu Leland Kaneni təsvir edərkən “Həyatda tək sevdiyi insan Çarlz Foster Kanedir. Həyatda tək istədiyi şey sevgi ikən bunu əldə edə bilmir çünki onun insanlara verəcək sevgisi yoxdur” deyir. Kane hələ uşaq ikən anasından, ailəsindən alınaraq xoşbəxt gələcəyi olması üçün bir bankirə təslim edilir. Malik olmağın xoşbəxt olmaqla eyni mənada istifadə edildiyi modern zamanın ən böyük dilemmalarından biri sevgidən-ailədən alınan bir  uşağın həyat boyu çırpınışı və kədərli sonu filmdə dramatik şəkildə işlənir. Hər şeyə sahib “Media tanrısı”nın heç vaxt sahib olmadığı şey ehtimal ki, bu sevgidir.  Jurnalist Thompsonun da dediyi kimi “Rosebud bəlkə də onun heç vaxt ələ keçirə bilmədiyi və ya itirdiyi bir şeydir”.


Kane-in sahib olma arzusunu ən çılpaq şəkli ilə Xanadu adlı sarayda öz əksini tapır. Belə ki, sahib olma və itirmə qorxusunun bir örnəyi olan Xanaduda bir çox tablolar, heykəllər, digər sənət əsərlərinin kolleksiyası mövcuddur. Xanadu ehtişamı ilə “Pramidalardan sonra insanın özü üçün yaratdığı ən bahalı abidə”dir. Təsadüfi deyil ki, “Rosebud”ın sirri məhz o yığınların arasından çıxır. Bu da öz növbəsində insanın qüdrət və acizliyini eyni kəsişmədə göstərən faktdır.

Uellesin “Vətəndaş Kane”ni eyni zamanda medyanın spekulyativ gücünə də toxunur. Belə ki, Kane cəmiyyətə həqiqətləri çatdırmaq əvəzinə o gerçəkləri yaradan mövqedən çıxış edir. İnsanların nəyi və necə düşünəcəklərini özünün təyin etməsi lazımlılığını düşünən Kane bunu öz qəzetləri vasitəsilə həyata keçirir. Arvadı Susan müğənni olmaq fikrinə düşəndə bu mövzuda nə qədər istedadsız olsa da Kane öz gücü sayəsində bütün mətbuatın bunun əksini yazmasını təmin edir. “Vətəndaş Kane” həm işlədiyi təməl mövzular- bilgi, media, güc- baxımından, həm də fərdin şəxsi böhranlarına işıq tutmaqla həqiqətən kino tarixinin unudulmazları arasında yer alır.
                                                                          


"Rome, Open City" - Roberto Rossellini (1945)



Roberto Rossellinin lentə aldığı “Rome, Open City” filmi II Dünya Müharibəsi haqda ən sarsıdıcı filmlərdən biridir. Buna səbəb filmin müharibənin bitdiyi ildə, müharibənin iz qoyduğu şəhər olan Romada lentə alınmağıdır. Filmin sseranistləri arasında isə mşəhur italiyan rejissor Federico Fellini də var. Film bir çox tənqidçilər tərəfindən müharibə haqda çəkilmiş ən yaxşı fim kimi qiymətləndirilib. Hətta bir çox rejissorun müharibə haqda çəkdiyi filmlərə dərindən təsir göstərib.

Filmdə hadisələr 1944-cü ildə baş verir. Bir nasist zabiti Romadakı antifaşist etirazçıların lideri Giorgio Manfredinin axtarışındadır. Bu filmin əsas mövzusu sayılır. Bununla yanaşı filmdə bir-birilə kəsişən bir neçə yaxın həkayə də cərəyan edir. Filmin əvvəlində Pina və oğlu Marcello ilə tanış oluruq. Atasını itirən Pina başqa bir antifaşist təbliğatçı olan Francesco ilə evlənmək niyyətindədir və toya hazırlaşırlar. Elə bu ərəfələrdə də Pina ilə Giorgionun yolları kəsişir. Şəhərin başqa bir səmtində isə rahib Don Pietro etirazçılara kömək məqsədi ilə yardım kompaniyasına başlayır. Pinanın oğlu Marcello da etirazçıdır, dostları ilə şəhərin bəzi yerlərində barrikadalar quraraq işğalçılara qarşı mübarizə aparır. Etirazçılar isə bir-birlərinə yoldaş deyə xitab edirlər. Bir müddət sonra etirazçıların vəziyyəti filmdə gərginləşir. Giorgio və Don Pietro ələ keçirilir. Nasistlərin etirazçıların toplaşdığı evə basqını nəticəsində Francesco ələ keçməmək üçün qaçmaq məcburiyyətində qalır, onun arxasınca gedən Pina isə vurulur. Georgio həbsxanada çox ağır işgəncələrə məruz qalır. Don Pietro isə öz gənc tələbələrinin gözü önündə vurularaq öldürülür.


Francois Truffaut müharibə filmləri ilə əlaqədar belə bir fikir bildirmişdir: “Ən təsirli müharibə filmləri müharibədən az müddət sonra dağıntıdan başqa heç nəyin qalmadığı şəhərlərdə çəkilən filmlərdir. Rossellininin “Germany Year Zero” və Alain Resnailsin “Night and Fog”  bu tip filmlərin ən yaxşı nümunələridir”. “Rome, Open City” filmi də bu tərifə uyğun gələn filmlərdəndir. Filmi həddən artıq təsirlidir və italiyan tamaşaçısının zehninə hopan müharibə təəssüratlarını kökündən dəyişməyi bacarmışdır. İç-içə olan hadisələr, müharibə travmasıyla mübarizə aparan ayrı-ayrı personajların dramatizasiyası filmə hiss oluna bilən ağırlıq qatmışdır. Yadda qalan digər müharibə filmlərində olduğu kimi bu filmdə də böyük partlayışlarla diqqət çəkən səhnələr yoxdur. Bundan əlavə müharibənin adi insanlarda yaratdığı duyğusal təzyiq ön plana çıxarılmışdır. Bu duyğusal təzyiqi hiss etdirmək üçün hər səhnəni ona uyğun musiqi müşayət edir. Lakin müharibənin ekranda yaratdığı ağır hisslərə baxmayaraq, film həmin dövrdə insanlar üçün vacib olan ümid hissini ötürməyi bacarır.


İtaliya neoralizminin bütün detallarını hiss etdirən, filmin ən təsirli səhnəsi - Pina və nişanlısı Francesco ilə söhbəti zamanı bu travmadan necə qurtulmaq haqda mübahisə etdikləri səhnədir. İkisi də sakit və üz ifadələri donuqdur. Səhnənin bir hissəsində Francesco sakit bir tərzdə “Qorxmaq lazım deyil çünki düz yoldayıq” deyir. Filmin digər bir səhnəsində faşistlərin vəhşi bir robot olmadığı, onların da insan olduğu vurğulanıb. Sərxoş bir nasist əsgərin onların etdiklərinin əxlaqsızlıq olduğunu qışqıra-qışqıra deməyi bu mənada ifşaedici xarakter daşıyır. Bu səhnə düşməni insaniləşdirmək cəhdləridir.


Romanın bombalanmış küçələrində,dağılmış binalarında başqa bir sözlə, gerçək məkanlarda filmin lentə alınması onun dramatik tərəfini gücləndirib. Film yaratdığı güclü matəm duyğusunu bu məkanlara borcludur. Filmin insani tərəflərini ön plana çıxaran səhnələrindən daha biri isə Don Pietronun ölməzdən əvvəl dedikləri idi: “Qəhrəmancasına ölmək çətin deyil, çətin olan qəhrəmancasına yaşamaqdır”

Aleksey Balabanov - "Mən kinonu sənət əsəri saymıram"



Rusiyalı rejissor Aleksey Balabanovun (1959-2013) həyat haqda fikirlərini təqdim edirik: 


(Ruscadan tərcümə edən Əminə Həsənova)


- Mənim ünsiyyət dairəm yoxdur, evdən çox nadir hallarda çıxıram. Çox az hallarda köhnə dostlarla görüşürəm və boşboğazlığa nifrət edirəm.

- Mən sənaye mərkəzində böyümüşəm. Hansı ki “hamı qaçdı, mən də qaçdım”dan başqa heç bir məntiq yoxdur orada. Mənim digərlərindən fərqim onda idi ki, mən “Gənc kimyaçılar” dəstəsində bomba düzəltməyi sevirdim. Mən müxtəlif kimyəvi tərkiblər bilirdim, onları qarışdırıb partladırdım. Niyə?! Niyə sərçələri vurmaq üçün sapand düzəldirlər? Çünki bu ovçu instinktidir. Bəs niyə həmin sapandla pəncərə şüşələrini sındırırlar? Zövq alsınlar deyə.

- Mən heç vaxt səs verməmişəm. Əvvəllər buna görə təqib olunurdum. Amma həmişə seçki qutusuna boş vərəq atmışam. Mən komsomol olmuşam, amma mənim vaxtımda hətta avaralar da komsomol idi.

- Mən mağazada çörəyin neçəyə olduğunu bilmirəm. Niyə bilməliyəm ki?! Mənim onsuz da, xanımım və uşaqlarım var.

- Mənim çox pis yaddaşım var, nə müasirləri, nə adları, nə də soyadları yadımda saxlaya bilmirəm.


- Son 10 ildə həyatım dəyişdimi? Yəqin ki, uşaqlar böyüdü. Filmlər çəkdim. Valideynlərim daha tez-tez xəstələnir. Hə, bir də ki, televiziyada kanallar artıb.

- Hər rejissorun yalnız bir yaxşı filmi olur. Mənim xoşuma “Eybəcərlər və insanlar haqqında” filmi gəlir.


- Daneliya - yaxşı rejissordur. O heç vaxt hollivudsayağı komediya filmləri çəkməyib. Mən çox səs-küylü və hamının qaçdığı filmləri sevmirəm.

- Mən son dəfə nə vaxt güldüyümü xatırlamıram. Belə şeyləri qeyd etmirəm. Mən sadəcə 18 yaşımda Mançesterdə təhsil almağım və fəhlə ailəsi ilə birgə yaşamağımı xatırlayıram. Bu ailədə uşaqlar var idi. Mənə balacaların ingiliscə danışmağı çox qəribə gəlirdi. Axı heç yerdə görməmişdim.

- Mən həmişə Nobakovun “Qaranlıq otaq”ını ekranlaşdırmaq istəmişəm. Amma indi düşünürəm ki, bacarmazdım onun kimi yazmağı, onun kimi getməyi. Bunlar mənlik deyildi. Amma gənc vaxtı arzulayırdım da. Sonra işlər düzəldi və unudulub getdi.

- Mən kinonu sənət əsəri saymıram. Sənət əsəri o zaman olur ki onun üzərində tək işləyəsən. Rəssam sənət əsəri yaradır, yazıçı sənət əsəri yaradır. Əlli nəfərin sayəsində ortaya çıxan iş necə sənət əsəri ola bilər axı?!

- Heç vaxt Tanrı ilə aramda olan münasibəti başa düşməmişəm.

- Dünyanın dərdlərindən otağıma sığınaraq sakitlik tapıram. Otağıma keçib öz işlərimlə məşğul oluram. Evdə mənə heç kim mane olmur. Artıq xasiyyətimə bələddirlər.

- Mən köhnə tramvayları çox sevirəm. Burda heç bir metafora və ya klassika yoxdur. Onlar çox xoşuma gəlir.

- Mən yaxşı və ya pis insan olduğumu bilmirəm. Bunu mən təyin etmirəm. Yəqin öləndə biləcəyəm.

- Mən həmişə jilet geyinirəm. Artıq öyrəşmişəm.

- Böyük oğlumun 18 yaşı var. Tələbədir, yaxşı da oxuyur. Amma çox qapalıdır. Mən onu başa düşmürəm. 

2 Mart 2016

"Qatsi" trilogiyası - Godfrey Reggio



Godfrey Reggionun rejissoru olduğu “Qatsi” trilogiyası tamaşaçının diqqətini sənədli filmə çəkən ekran işlərindən biridir. Qatsi trilogiyası ilə yanaşı bir çox sənədli filmlər var ki, tamaşaçının bu tip filmlərə marağını yönəltməyinə səbəb olmuşdur. Ken Burnsun arxiv materiallara əsaslanan videolar və reportajlarla etnik və tarixi məsələləri qabardan sənədli filmləri və eləcə də Errol Morrisin araşdırmaçı jurnalistikada yeni bir qapı açan “The Thin Blue Line” kimi filmlərinin yanında Godfrey Reggionun lentə aldığı “Qatsi” trilogiyası da mühüm yer tutur. Gənclik illərində keşiş həyatı və sonradan işlədiyi media orqanında kütlə mediası anlayışı Reggionun işlərinə öz təsirini göstərib. Bu mənada filmlərində dərin fikirlərə yönələn xüsusiyyətlər gözə çarpır. 1970-ci illərdə işlədiyi media orqanında onun diqqətini hərəkətli kadrların (obrazların) çəkməsi onu bu sahəyə yönəlməsi üçün münbit şərait yaradır.

Godfrey Reggio

Reggio 1982-ci ildə trilogiyanın ilk işi olan “Koyaanisqatsi” filminə Francis Ford Coppolanın produksiya dəstəyi ilə ekran həyatı verə bilmişdir. Trilogiyanın sonrakı filmi isə Coppola və George Lucasın produksiya dəstəyi ilə çəkmiş olduğu 1988-ci il istehsalı “Powaqqatsi” filmidir. Trilogiyanın sonuncu filmi isə 2002-ci ildə Steven Soderbergin produksiyası ilə ekranlaşdırdığı “Naqoyqatsi” olur. Reggionun müsahibələrində dediyinə görə isə onun əsas təsir qaynağı Luis Bunuelin 1950-ci ildə lentə aldığı “Los Olvidados” filmi olmuşdur.

Reggionun bu trilogiyası bir çox yöndən Dziga Vertovun lentə aldığı “The Man with the Movie Camera” adlı film ilə oxşardır. Vertovun bu filmi də dramatikliyə və teatrallığa söykənməyən bir ekran işidir. Trilogiyanın təsiri bir çox yeni nəsil rejissorların da işlərində özünü göstərmişdir. Bu filmlər haqda kino tənqidçilər “minimal kino” estetikasına sahib olduğunu demişdilər. Çəkiliş tərzi, səhnə və kadrlar arasında yaratdığı ardıcıllığı ilə tamaşaçılarda yeni bir baxış bucağı yaratmaqla yanaşı, modern həyata dair alternativ fikir təqdim edir. Bu trilogiya da “rejissor filosofdur, filmlər də mümkün qədər fəlsəfi fikir irəli sürməlidir” düşüncəsini qabardan ən əsas ekran işlərindəndir.


Koyaanisqatsi  (1982)



Bu ekran işi fərdin mövqeyi, cəmiyyətin quruluşu ilə əlaqədar olan mövzuda film deyil. Filmin mesajları və mövzusu çox da aydın deyil. Filmin əvvəlində ekranda görünən tarixi gücə malik divar rəsmlərindən aydın olduğu kimi film modern dünya ilə arxaik dünya arsında körpü yaratmaq niyyətindədir. Tərkibində kooyanisqatsi sözünün olduğu musiqi filmin fonuna hakimdir. Bu musiqinin fonunda ekranda axıb gedən kadrları tamaşaçı acgözlüklə seyr edir. Filmin açılış səhnəsindən Amerika səhralarından kadrlar ekranda görünür.  Sonra polad, alov görüntüləri və bir kosmik gəminin olduğu görüntü ekranda peyda olur. Geniş və açıq sahə mənzərələri filmdə əsas yer tutur.

Kameranın gəzdiyi bütün bu məkanların bilinən adlarla ön plana çıxarılmamağı, səslərin olmamağı filmin dərinliyini artıran əsas amillərdəndir. Sürət və ləngimə çox açıq şəkildə əks mövqelərdən verilib. Yavaş-yavaş hərəkət edən insan izdihamı görüntülərinin digər kadrlarla iç-içə verilməyi filmdəki kədərli və ağrılı tonu artırır. Film ağırlığı ilə seçilən yorucu bir ekran işidir. Onu həyəcanlı və mənalı edən bu xüsusiyyətidir. Fərdi təcrübələrə çox da yer verməyən kadrlar arxa-arxaya düzülərkən belə, birdən dumanlı bir məkanda oturub təraş olmaq istəyən bir şəxsin görüntüsü ilə sarsılmaq mümkündür. Filmin bəzi səhnələrinə qorxu və gərginlik hakimdir. Xüsusilə yerə düşən kosmik gəminin görüntüsünə kilsə orqunun çaldığı koyaanisqatsı ilahisinin müşayət etdiyi səhnə bu cür qorxulu səhnələrdən biridir.

Powaqqatsi (1988)



Trilogiyanın ikinci filmi “Powaqqatsi” musiqinin müşayəti ilə yüzlərlə işçinin çalışdığı bir mədənin ritmik axan görüntüləri ilə açılır. Bu mexanizmdən hələ geniş şəkildə istifadə olunmadığı dövrlərə aid bir kadr ardıcıllığıdır. Bəstəkar Philip Glass film musiqilərinin səsyazmasını hələ film çəkilişlərinə başlamazdan əvvəl etmişdir. Bu da musiqilərin əvvəldən filmi çəkən qrupun əlinə keçməyinə səbəb olmuş və çəkilişdə görüntülərlə musiqinin sinxronluğu filmin çəkiliş prosedurunu sadələşdirmişdir. Filmdə çox vaxt görkəmli mənzərələr qarşısında insan kiçik və mənasız fiqurlar kimi göstərilmişdir. İnsanların geyimlərindəki parlaq rənglərin verilməyi, yenə torpaq və təbiət görüntülərinin, bilinən bir şəkildə pastel tonlarla əks etdirilməyi düşündürücü və güclü kontrastdır. Bundan əlavə çəhrayı paltarlı kiçik bir qızın müharibə ilə əlaqədar divar qraffitisinin qarşısında verilən görüntüsü qorxuducu kadrlardandır. Qarşısında dayandığı şəklin fərqinə varmadan yalnız kameraya baxır. Filmdə daha bir uşaq görüntüsü var ki, həmin uşaq araba ilə torpaq yolla getməkdədir. Küləyin əmələ gətirdiyi toz burulğanı onun ətrafında fırlanaraq uşağı qorxudur. Teatral xüsusiyyətləri az olan filmdə bu kadraj filmin afişalarında istifadə olunmuşdur.

Film texnologiyanın inkişaf etməmiş ölkələrdəki təsirini və ya təsirsizliyini göstərməyə çalışır. Üçüncü dünya ölkələri ilə modernizm arasındakı dərin uçurum, Philip Glassın musiqilərinin təsiri ilə orta əsrlərin qaranlıq günlərini xatırladan bir modern zamanlar kollajı meydana gətirir. Reggionun seçdiyi sadə görüntülər bir-birinin ardınca axıb gedərkən, insanlığın təməl fəlsəfi sualı olan “varlıq və zaman” haqda cavabları tapmaq üçün baş sındırır. Trilogiyanın ilk filmindəki təbiət görüntüləri ilə insanlığa göndərdiyi mesajları “Powaqqatsi” insan görüntüləri vasitəsilə verməyə çalışır.

Naqoyqatsi (2002)



İlk iki filmin uğuru nəticəsində 3 milyon dollar büdcəyə malik olan trilogiyanın sonuncu filmi “Naqoyqatsi” xüsusi effektlərlə və orkestr musiqiləri ilə dəstəklənən yeni görüntüləri ilə qloballaşmanın yaratdığı vəhşiliyi ön plana çıxarır. Müharibənin və zorakılığın qalasına metaforaların köməyi ilə hücum edən film, modern dünya və təbiət arasındakı ziddiyyətin müəyyən bir müddət ərzində necə bir dəyişikliyə uğratdığını göstərir. Zorakılığın küçələrdə, video salonlarında və meydandakı təzahürü filmin öz-özünü də sorğuya çəkməyinə səbəbiyyət yaradır. 20-25 illik bir əməyin nəticəsi olan bu filmlər öz içində keçirdiyi təkamülü və yaşadığı ziddiyəti göstərməyi baxımından da xoş sözlərə layiq bir trilogiyadır.


1 Mart 2016

"Kes" - Ken Loach (1969)



“Kes” 1969-cu ildə Ken Loachın lentə aldığı dram filmidir. Rejissorun bu işi ingilis kinosuna yön vermiş kult filmlərdən biri kimi qəbul olunur. Sənədli film xüsusiyyətlərini də özündə daşıyan film məşhur kinotənqidçi Roger Ebert tərəfindən də yüksək rəy almışdır. “Kes” Roger Ebertin 1973-cü ildə yazdığı bir yazıda son illərin ən isti, ən sentimental filmlərindən biri kimi qiymətləndirilmişdir.

Film 1960-cı illərdə İngiltərənin şimalında yerləşən kiçik bir qəsəbədə cərəyan edir. Filmin əsəs personajı olan Billy bu qəsəbədə anası və böyük qardaşı ilə birgə sadə bir həyat yaşamaqdadır.  Həmçinin Billynin təhsil aldığı məktəb onun xarakterinə xitab etmir və üstəlik evlərindən də xeyli uzaqdadır. Məktəbə getmək üçün geniş bir ərazini qət edən Billy məktəbdən narazıdır və heç cür təhsil sisteminə uyğunlaşa bilmir. Billy bir gün şahin quşunun yuvasını aşkarlayır və bala quşlardan birini götürüb böyütməyə başlayır.  Billy onu böyütməklə yanaşı əhlilləşdirir, məsələn, bu mənada onun öyrətdiyi quş bir müddət havada uçduqdan sonra geri qayıdaraq onun qoluna qonur. Günlərini daha çox bu quşla keçirən Billy getdikcə ətrafdan uzaqlaşır, dərslərə getmir, bu da müəllimlərində narahatlığa səbəb olur. Digər yandan da evdə baş verən hadisələr ailədaxili münasibətləri gərginləşdirir və qardaşı ilə arası getdikcə pozulur. Ailənin digər fərdlərinin də həyatlarını qabardan film sonda ailə böhranı ilə yekunlaşır.


“Kes” müasir ingilis kinosunda kult film olmaqla yanaşı, ingilis cəmiyyətində insanlara məktəbdə şagird olmaq mövzusunu dərindən dərk etməklərinə səbəb olan bir etalona çevrilmişdir. Bir neçə istisnadan başqa Billynin təcrübələri nəticəsiz qalır, həm evdə, həm məktəbdə yaşadığı yadlaşma onun üçün qorxulu və qəddar olmağa başlayır. Film yadlaşmış, cəmiyyətin təqdim etdiyi həyata uyğunlaşa bilməyən və ondan qopmuş azyaşlı bir uşağın həyatının dramatik yanlarını göstərməklə yanaşı, sonrakı nəsil kino adamları üçün yeni bir təhkiyəvi qapı açır.



Film Billynin böyük qardaşının quşu öldürməyi ilə başa çatır. Bu ölümə görə sarsılan Billy öz əli ilə qazdığı məzara quşu basdırır. Billy başqa bir quş tapdımı? Məktəbdə dərsləri necə gedir? Ailəsi ilə birgə qaldığı evin kira pulu necə ödənilir? Həyatının geriyə qalan hissəsini bu qəsəbədəmi keçirəcək yoxsa doğulduğu bu qəsəbədən çıxıb gedəcəkmi? Sonda film bu sualların heç birinə cavab vermir. Bu suallar filmə baxan hər nəslin ağlına gəldiyi üçün filmin klassikləşmiş ekran əsəri kimi qəbul olunmağına səbəb verir. Dolayısı ilə də filmə baxan hər nəsil bu suallara zamandan və məkandan asılı olaraq öz cavabını verir. Həmçinin, “Kes” “təhsil və ya əks təhsil” mövzusunu diqqətə çatdıran kult bir film kimi də qiymətləndirilir.