1 Mart 2016

"Kes" - Ken Loach (1969)



“Kes” 1969-cu ildə Ken Loachın lentə aldığı dram filmidir. Rejissorun bu işi ingilis kinosuna yön vermiş kult filmlərdən biri kimi qəbul olunur. Sənədli film xüsusiyyətlərini də özündə daşıyan film məşhur kinotənqidçi Roger Ebert tərəfindən də yüksək rəy almışdır. “Kes” Roger Ebertin 1973-cü ildə yazdığı bir yazıda son illərin ən isti, ən sentimental filmlərindən biri kimi qiymətləndirilmişdir.

Film 1960-cı illərdə İngiltərənin şimalında yerləşən kiçik bir qəsəbədə cərəyan edir. Filmin əsəs personajı olan Billy bu qəsəbədə anası və böyük qardaşı ilə birgə sadə bir həyat yaşamaqdadır.  Həmçinin Billynin təhsil aldığı məktəb onun xarakterinə xitab etmir və üstəlik evlərindən də xeyli uzaqdadır. Məktəbə getmək üçün geniş bir ərazini qət edən Billy məktəbdən narazıdır və heç cür təhsil sisteminə uyğunlaşa bilmir. Billy bir gün şahin quşunun yuvasını aşkarlayır və bala quşlardan birini götürüb böyütməyə başlayır.  Billy onu böyütməklə yanaşı əhlilləşdirir, məsələn, bu mənada onun öyrətdiyi quş bir müddət havada uçduqdan sonra geri qayıdaraq onun qoluna qonur. Günlərini daha çox bu quşla keçirən Billy getdikcə ətrafdan uzaqlaşır, dərslərə getmir, bu da müəllimlərində narahatlığa səbəb olur. Digər yandan da evdə baş verən hadisələr ailədaxili münasibətləri gərginləşdirir və qardaşı ilə arası getdikcə pozulur. Ailənin digər fərdlərinin də həyatlarını qabardan film sonda ailə böhranı ilə yekunlaşır.


“Kes” müasir ingilis kinosunda kult film olmaqla yanaşı, ingilis cəmiyyətində insanlara məktəbdə şagird olmaq mövzusunu dərindən dərk etməklərinə səbəb olan bir etalona çevrilmişdir. Bir neçə istisnadan başqa Billynin təcrübələri nəticəsiz qalır, həm evdə, həm məktəbdə yaşadığı yadlaşma onun üçün qorxulu və qəddar olmağa başlayır. Film yadlaşmış, cəmiyyətin təqdim etdiyi həyata uyğunlaşa bilməyən və ondan qopmuş azyaşlı bir uşağın həyatının dramatik yanlarını göstərməklə yanaşı, sonrakı nəsil kino adamları üçün yeni bir təhkiyəvi qapı açır.



Film Billynin böyük qardaşının quşu öldürməyi ilə başa çatır. Bu ölümə görə sarsılan Billy öz əli ilə qazdığı məzara quşu basdırır. Billy başqa bir quş tapdımı? Məktəbdə dərsləri necə gedir? Ailəsi ilə birgə qaldığı evin kira pulu necə ödənilir? Həyatının geriyə qalan hissəsini bu qəsəbədəmi keçirəcək yoxsa doğulduğu bu qəsəbədən çıxıb gedəcəkmi? Sonda film bu sualların heç birinə cavab vermir. Bu suallar filmə baxan hər nəslin ağlına gəldiyi üçün filmin klassikləşmiş ekran əsəri kimi qəbul olunmağına səbəb verir. Dolayısı ilə də filmə baxan hər nəsil bu suallara zamandan və məkandan asılı olaraq öz cavabını verir. Həmçinin, “Kes” “təhsil və ya əks təhsil” mövzusunu diqqətə çatdıran kult bir film kimi də qiymətləndirilir.


0 Şərh:

Yorum Gönder