Godfrey Reggionun rejissoru olduğu “Qatsi” trilogiyası tamaşaçının diqqətini
sənədli filmə çəkən ekran işlərindən biridir. Qatsi trilogiyası ilə yanaşı bir
çox sənədli filmlər var ki, tamaşaçının bu tip filmlərə marağını yönəltməyinə səbəb
olmuşdur. Ken Burnsun arxiv materiallara əsaslanan videolar və reportajlarla
etnik və tarixi məsələləri qabardan sənədli filmləri və eləcə də Errol Morrisin
araşdırmaçı jurnalistikada yeni bir qapı açan “The Thin Blue Line” kimi filmlərinin
yanında Godfrey Reggionun lentə aldığı “Qatsi” trilogiyası da mühüm yer tutur.
Gənclik illərində keşiş həyatı və sonradan işlədiyi media orqanında kütlə
mediası anlayışı Reggionun işlərinə öz təsirini göstərib. Bu mənada filmlərində
dərin fikirlərə yönələn xüsusiyyətlər gözə çarpır. 1970-ci illərdə işlədiyi
media orqanında onun diqqətini hərəkətli kadrların (obrazların) çəkməsi onu bu
sahəyə yönəlməsi üçün münbit şərait yaradır.
![]() |
Godfrey Reggio |
Reggio 1982-ci ildə trilogiyanın ilk işi olan “Koyaanisqatsi” filminə
Francis Ford Coppolanın produksiya dəstəyi ilə ekran həyatı verə bilmişdir.
Trilogiyanın sonrakı filmi isə Coppola və George Lucasın produksiya dəstəyi ilə
çəkmiş olduğu 1988-ci il istehsalı “Powaqqatsi” filmidir. Trilogiyanın sonuncu
filmi isə 2002-ci ildə Steven Soderbergin produksiyası ilə ekranlaşdırdığı “Naqoyqatsi”
olur. Reggionun müsahibələrində dediyinə görə isə onun əsas təsir qaynağı Luis
Bunuelin 1950-ci ildə lentə aldığı “Los Olvidados” filmi olmuşdur.
Reggionun bu trilogiyası bir çox yöndən Dziga Vertovun lentə aldığı “The Man
with the Movie Camera” adlı film ilə oxşardır. Vertovun bu
filmi də dramatikliyə və teatrallığa söykənməyən bir ekran işidir. Trilogiyanın
təsiri bir çox yeni nəsil rejissorların da işlərində özünü göstərmişdir. Bu filmlər
haqda kino tənqidçilər “minimal kino” estetikasına sahib olduğunu demişdilər. Çəkiliş
tərzi, səhnə və kadrlar arasında yaratdığı ardıcıllığı ilə tamaşaçılarda yeni
bir baxış bucağı yaratmaqla yanaşı, modern həyata dair alternativ fikir təqdim
edir. Bu trilogiya da “rejissor filosofdur, filmlər də mümkün qədər fəlsəfi
fikir irəli sürməlidir” düşüncəsini qabardan ən əsas ekran işlərindəndir.
Koyaanisqatsi (1982)
Bu ekran işi fərdin mövqeyi, cəmiyyətin quruluşu ilə əlaqədar olan mövzuda
film deyil. Filmin mesajları və mövzusu çox da aydın deyil. Filmin əvvəlində
ekranda görünən tarixi gücə malik divar rəsmlərindən aydın olduğu kimi film
modern dünya ilə arxaik dünya arsında körpü yaratmaq niyyətindədir. Tərkibində
kooyanisqatsi sözünün olduğu musiqi filmin fonuna hakimdir. Bu musiqinin
fonunda ekranda axıb gedən kadrları tamaşaçı acgözlüklə seyr edir. Filmin
açılış səhnəsindən Amerika səhralarından kadrlar ekranda görünür. Sonra polad, alov görüntüləri və bir kosmik gəminin
olduğu görüntü ekranda peyda olur. Geniş və açıq sahə mənzərələri filmdə əsas
yer tutur.
Kameranın gəzdiyi bütün bu məkanların bilinən adlarla ön plana
çıxarılmamağı, səslərin olmamağı filmin dərinliyini artıran əsas amillərdəndir.
Sürət və ləngimə çox açıq şəkildə əks mövqelərdən verilib. Yavaş-yavaş hərəkət
edən insan izdihamı görüntülərinin digər kadrlarla iç-içə verilməyi filmdəki kədərli
və ağrılı tonu artırır. Film ağırlığı ilə seçilən yorucu bir ekran işidir. Onu
həyəcanlı və mənalı edən bu xüsusiyyətidir. Fərdi təcrübələrə çox da yer verməyən
kadrlar arxa-arxaya düzülərkən belə, birdən dumanlı bir məkanda oturub təraş
olmaq istəyən bir şəxsin görüntüsü ilə sarsılmaq mümkündür. Filmin bəzi səhnələrinə
qorxu və gərginlik hakimdir. Xüsusilə yerə düşən kosmik gəminin görüntüsünə
kilsə orqunun çaldığı koyaanisqatsı ilahisinin müşayət etdiyi səhnə bu cür
qorxulu səhnələrdən biridir.
Powaqqatsi (1988)
Trilogiyanın ikinci filmi “Powaqqatsi” musiqinin müşayəti ilə yüzlərlə
işçinin çalışdığı bir mədənin ritmik axan görüntüləri ilə açılır. Bu mexanizmdən
hələ geniş şəkildə istifadə olunmadığı dövrlərə aid bir kadr ardıcıllığıdır. Bəstəkar
Philip Glass film musiqilərinin səsyazmasını hələ film çəkilişlərinə başlamazdan
əvvəl etmişdir. Bu da musiqilərin əvvəldən filmi çəkən qrupun əlinə keçməyinə səbəb
olmuş və çəkilişdə görüntülərlə musiqinin sinxronluğu filmin çəkiliş
prosedurunu sadələşdirmişdir. Filmdə çox vaxt görkəmli mənzərələr qarşısında
insan kiçik və mənasız fiqurlar kimi göstərilmişdir. İnsanların geyimlərindəki
parlaq rənglərin verilməyi, yenə torpaq və təbiət görüntülərinin, bilinən bir şəkildə
pastel tonlarla əks etdirilməyi düşündürücü və güclü kontrastdır. Bundan əlavə
çəhrayı paltarlı kiçik bir qızın müharibə ilə əlaqədar divar qraffitisinin
qarşısında verilən görüntüsü qorxuducu kadrlardandır. Qarşısında dayandığı şəklin
fərqinə varmadan yalnız kameraya baxır. Filmdə daha bir uşaq görüntüsü var ki,
həmin uşaq araba ilə torpaq yolla getməkdədir. Küləyin əmələ gətirdiyi toz
burulğanı onun ətrafında fırlanaraq uşağı qorxudur. Teatral xüsusiyyətləri az
olan filmdə bu kadraj filmin afişalarında istifadə olunmuşdur.
Film texnologiyanın inkişaf etməmiş ölkələrdəki təsirini və ya təsirsizliyini
göstərməyə çalışır. Üçüncü dünya ölkələri ilə modernizm arasındakı dərin
uçurum, Philip Glassın musiqilərinin təsiri ilə orta əsrlərin qaranlıq günlərini
xatırladan bir modern zamanlar kollajı meydana gətirir. Reggionun seçdiyi sadə
görüntülər bir-birinin ardınca axıb gedərkən, insanlığın təməl fəlsəfi sualı
olan “varlıq və zaman” haqda cavabları tapmaq üçün baş sındırır. Trilogiyanın
ilk filmindəki təbiət görüntüləri ilə insanlığa göndərdiyi mesajları “Powaqqatsi”
insan görüntüləri vasitəsilə verməyə çalışır.
Naqoyqatsi (2002)
İlk iki filmin uğuru nəticəsində 3 milyon dollar büdcəyə malik olan
trilogiyanın sonuncu filmi “Naqoyqatsi” xüsusi effektlərlə və orkestr musiqiləri
ilə dəstəklənən yeni görüntüləri ilə qloballaşmanın yaratdığı vəhşiliyi ön
plana çıxarır. Müharibənin və zorakılığın qalasına metaforaların köməyi ilə
hücum edən film, modern dünya və təbiət arasındakı ziddiyyətin müəyyən bir müddət
ərzində necə bir dəyişikliyə uğratdığını göstərir. Zorakılığın küçələrdə, video
salonlarında və meydandakı təzahürü filmin öz-özünü də sorğuya çəkməyinə səbəbiyyət
yaradır. 20-25 illik bir əməyin nəticəsi olan bu filmlər öz içində keçirdiyi təkamülü
və yaşadığı ziddiyəti göstərməyi baxımından da xoş sözlərə layiq bir
trilogiyadır.
0 Şərh:
Yorum Gönder