Wim Wenders adı nələri xatırladır? Dərhal mövzuya keçək.
Wenders Road-Movienin tarixini yenidən yazan, qısa çəkən Amerika macərasından
sonra nəfəsini yenidən öz xəritəsində-Avropada dərən və Amerikada yaşadığı təəssüfünün
əvəzini 1982-ci ildə çəkdiyi “The State of Things” (film Venesiyada əsas
mükafata layiq görülüb) filmi ilə çıxan, modern dünyadakı özgələşmə, şəxsiyyət
böhranı, tənhalıq və rabitəsizlik kimi mövzulara yer verən alman rejissorudur.
Bu qısa məlumatlar rejissor haqqında ilkin tanışlıq təəssüratları yaratsa da,
həmçinin rejissoru məhdudlaşdıra da bilir. Məsələni
çox əzib-büzmədən "Paris,
Texas" (1984)
filminə keçək.
"Paris, Texas"
filminin
əsas qəhrəmanı Travisin (Harry Dean Stanton) ruhi vəziyyətini belə bir şəkildə çərçivəyə yerləşdirmək mümkündür: özünü tapmaq, şəxsiyyət böhranı, özünü unutmaq, yenidən özünün tapmaq və yenidən şəxsiyyət böhranı. Varolma haqda problemlərin
sahilində gəzinən filmin
ucsuz-bucaqsız, insansız və mədəniyyətsiz isti çölü özünə metafora olaraq seçməsi
əlbəttə boş deyil. Çölün istisində buxarlanmağa meyilli olan Travis, sanki
insansız və mədəniyyətsiz çöl kimi “itib-batıb”. Bu əlbəttə bir hafizə itkisi,
beyin təxribatıdı. Bu travmanın nəticəsi olaraq Travis keçmişini, hətta özünü
unudur, yaddaşsız şəkildə isti çöldə qovrulmağa hazır ikən, bunun fərqinə varıb
qardaşına xəbər verirlər. Çöl metaforasının digər mənası isə filmin adını əhatə
edən və içinə alan daha böyük bir problemi göz önünə gətirir: mədəniyyətin
“sıfırlanmış” halı, “bütünlük axtarışının” iflası.











