28 Ekim 2015

"Paris, Texas" - Wim Wenders (1984)



Wim Wenders adı nələri xatırladır? Dərhal mövzuya keçək. Wenders Road-Movienin tarixini yenidən yazan, qısa çəkən Amerika macərasından sonra nəfəsini yenidən öz xəritəsində-Avropada dərən və Amerikada yaşadığı təəssüfünün əvəzini 1982-ci ildə çəkdiyi “The State of Things” (film Venesiyada əsas mükafata layiq görülüb) filmi ilə çıxan, modern dünyadakı özgələşmə, şəxsiyyət böhranı, tənhalıq və rabitəsizlik kimi mövzulara yer verən alman rejissorudur. Bu qısa məlumatlar rejissor haqqında ilkin tanışlıq təəssüratları yaratsa da, həmçinin rejissoru məhdudlaşdıra da bilir. Məsələni çox əzib-büzmədən "Paris, Texas" (1984) filminə keçək.

"Paris, Texas" filminin əsas qəhrəmanı Travisin (Harry Dean Stanton) ruhi vəziyyətini belə bir şəkildə çərçivəyə yerləşdirmək mümkündür: özünü tapmaq, şəxsiyyət böhranı, özünü unutmaq, yenidən özünün tapmaq və yenidən şəxsiyyət böhranı. Varolma haqda problemlərin sahilində gəzinən filmin ucsuz-bucaqsız, insansız və mədəniyyətsiz isti çölü özünə metafora olaraq seçməsi əlbəttə boş deyil. Çölün istisində buxarlanmağa meyilli olan Travis, sanki insansız və mədəniyyətsiz çöl kimi “itib-batıb”. Bu əlbəttə bir hafizə itkisi, beyin təxribatıdı. Bu travmanın nəticəsi olaraq Travis keçmişini, hətta özünü unudur, yaddaşsız şəkildə isti çöldə qovrulmağa hazır ikən, bunun fərqinə varıb qardaşına xəbər verirlər. Çöl metaforasının digər mənası isə filmin adını əhatə edən və içinə alan daha böyük bir problemi göz önünə gətirir: mədəniyyətin “sıfırlanmış” halı, “bütünlük axtarışının” iflası.
"Paris, Texas" niyə minimalist dənizdə üzür? Niyə bu dənizdə adaya, gəmiyə, günəşin şəfqətli parlaqlığına rast gəlinmir? Niyə sıfır dialoqlar, səssizliklər, boşluqlar bizi öz içinə çəkir? Çünki mədəniyyəti yəni Paris, Texası Travisin gözləri ilə görürük. Travis bizə “dünyanın halı”nı izah edən anti-qəhrəmandır əslində. Ruhən çöl kimi bomboşdur, nihilistdir Travis.



Nitşe nihilizmi belə tərif edirdi: “Fərdin mərkəzdən X-ə doğru yuvarlanmasıdır”. Dünyanın əhvalına işıq tutan bu izah saf nihilizmin tərifi deyil bəlkə də. Bu ifadə düçüncə dünyasında “yol”unu itirənlərin, qınına çəkilənlərin güzgüsü olan ifadədir. Artıq dini dayağı da qalmayan insanoğlunun içinə düşdüyü uçurumun distopik təsviridir. Axtarışın nəhayətə çatması, “kim” olmaq xəyallarının iflası, absurd həyat götəriciləri, mənasızlıq, həyat eşqinin, həyəcanın sonu. Wendersin bu bürkülü həyata alternativ olaraq təqdim etdiyi şey: Travisin saxta mədəniyyətə, bir illüziya olaraq görünən “xoşbəxtliyə” yenidən qayıtmaq üçün eşqi yenidən axtarmağa çıxması, keçmişinin izi ilə getməsi, sönmüş həyəcanı yenidən diriltmək istəyidir. Bəs yaxşı sevgi sonsuzdurmu? Bitmiş bir ehtiras simurq quşu kimi küllərindən yenidən doğula bilərmi? Bu ümidsiz sualların cavabı Travislə birgə bizi köhnə arvadına (Nastassja Kinski), onun işlədiyi yerə aparır: məhrəmlik sərhədlərinin könüllü olaraq pozulduğu yerə. Pəncərəli arakəsmə ilə ayrılan 2 otaqda onlar nəhayət qovuşurlar. Bir-birlərinin üzünü görmədən telefonla danışırlar, Travis kim olduğunu öz arvadından gizlədir. Şüşə qəfəs ikisinin də şüuraltının təsvirinə çevrilir. Son bir “bütünlük” ümidi ilə Wenders əla bir kadr qurur: Travisin üzü arvadının gövdəsinə bitişdirilir. Təbii bu pəncərədən əks olunur. Ayna-surət əlaqəsi yeni bir ölçü qazanır bu nöqtədə, ekizlik motivi yaddaşlara hopur, “bütünlük” və “kim” olma xəyalı saf bir illüziya vasitəsinə çevrilir.


Wim Wenders

Xoşbəxtlik və “bütünlük” axtarışının vasitəsi olan “uşaq” motivi də filmin təmayülü sayılan bir personajdır. “Köhnə” dünyanın yenidən inşa edilməsində bir vasitədir. Əlbəttə, Travis oğlunu asanlıqa qazanmır lakin sonda bacarır. Filmin diqqətəlayiq tərəflərindən biri də, Travisin körpüdə rastlaşdığı və dayanmadan şüar səsləndirən “dəli” dir. Şüar çağına biləvasitə ironik yanaşma olan bu paradoksal motiv, insanlığın xoşbəxt gələcəyi üçün atılan hər addımının sonunda məğlubiyyətlə bitdiyinin təsviridir. Hər bir şüar daha xoşbəxt, daha humanist dünya xəyalının göstəricisdir. Lakin bu da bir illüziya deyilmi? Hər fikir ya da fəlsəfə və bunların əmələ gətirdiyi şüarlar özünün saf reallığını üzə vurmurmu? “Tanrı öldü eşitmədinizmi?”. "Paris, Texas" qlobal bir mövzu ətrafında baş sındırır, Travis və onun bütün qarşılaşdığı və mübarizə apardığı problemlər bütün insanlığın problemlərini əks etdirir. Son olaraq Travisin psixi vəziyyətinin üzə çıxması kimi göstərilə biləcək vərdişinə nəzər yetirmək istəyirəm: Niyə Travis ayaqqabıları sıra ilə və səliqəli bir şəkildə yan-yana düzür?

"Paris, Texas" Fransa və Almaniya ortaq istehsalı olan dramatik bir yol filmidir. Film Fransa və Almaniya ortaq istehsalı olsa da  tamamilə İngilis dilində çəkilmişdir. Filmin adında keçən Parisin Fransanın paytaxtı ilə heç bir əlaqəsi yoxdur. Burada bəhs edilən Paris ABŞ-ın Texas ştatının şimal-şərqində kiçik bir yaşayış məntəqəsinin adıdır. Ancaq filmin tək bir səhnəsi belə burada çəkilməmişdir. Çünki bu şəhər filmin çəkidiyi yerlər kimi bir çöl yox, əksinə meşəlik bir bölgədir. Filmin qəhrəmanı Travis çöldə satın aldığı kiçik bir əraziyə bu adı vermişdir.

"Paris, Texas" 1984-cü ildə Kann Film Festivalında Qızıl Palma və FİPRESCİ (Beynəlxalq Kino Tənqidçiləri Federasiyası) mükafatlarını qazanıb. 1985-ci ildə isə Wim Wenders "Ən yaxşı rejissor" nominasiyasında  BAFTA mükafatını alıb. Bunlardan başqa filmə aralarında Bodil və David di Donatello mükafatlarının da olduğu tam 14 mükafat verilib. 

0 Şərh:

Yorum Gönder