Filmin
qəhrəmanı 16 yaşındakı gənc qız Lilya (Oksana Akinşina), keçmiş Sovetlər
Birliyində adı bilinməyən (amma Estonyanın paytaxtı Tallinn olduğu görsənir) liman şəhərlərinin birində anası (Lyubov Aqapova) ilə birgə yaşamaqdadır. Baltik dənizi sahilində xarabaya
dönmüş yaşayış binalarının olduğu bu kasıb yaşayış məntəqəsində həyat çox çətindir. İşsizlik,
yoxsulluq və onun gətirdiyi səfalət hər
yerdə özünü göstərməkdədir. Sovetlər Birliyi dövründə burada fəaliyyət göstərən və şəhərin
iqtisadi həyatını canlandıran gəmi limanınını bağlanması, şəhərə çox böyük
iqtisadi zərbə vurur. Daha əvvəl burada aşbazlıq etmiş olan Lilyanın anası bir
gün birdən qızını tərk edərək, sevgilisiylə birlikdə ABŞ-a gedir.
Gedərkən isə qızı Lilyanı xalasına tapşırır. Lakin o da Lilya ilə
maraqlanmır, əksinə onu öz evindən çıxardaraq Lilyaya başqa bir yerdə baxımsız,
kiçik bir otaq kiralayır. Özü isə həmən evdə yaşamağa başlayır. Lilya
atasının kim olduğunu belə bilmir. Onun atası isə anasıyla bir zamanlar qısa
bir əlaqə yaşayıb ortadan itmiş olan moskvalı bir dəniz zabitidir.
![]() |
Lukas Moodysson |
Lilya
bundan sonra daha da içinə qapanır və məhəllədəki 12 yaşlı bir uşaq olan Volodya
(Artyom Boquçarski) ilə münasibət qurmağa başlayır. Volodya alkoqolik atası
tərəfindən küçəyə atılmış, saf və zavallı bir uşaqdır, kağızdan düzəltdiyi
toplarla basketbol oynayır. Lilyanın küçələrdə yatıb-qalxan, evsiz-eşiksiz
bu uşağa yazığı gəlir və onu evinə gətirir. Volodya ilə Lilya birlikdə
tez-tez tərk edilmiş gəmi limanına gedir və spirt içib, uyuşdurucu maddə
istifadə edirlər. Lilya bir müddət sonra aclığa dözə bilmir və
istəməyə-istəməyə daha əvvəl getmiş olduğu gecə klubuna gedərək pul qarşılığında
yaşlı bir adamla yatır. Qazandığı ilk pulla kiçik dostuna bir basketbol topu
hədiyyə edir və qarınlarını tıxa basa doldururlar.
![]() |
Lilya və kiçik dostu Volodya Baltik dənizi sahilində tərkedilmiş dəniz limanında |
Bütün
ümidlərini itirdiyi bir anda Lilyanın qarşısına Andrey (Pavel Ponomaryov)
adında yaraşıqlı bir gənc çıxır. Lilya özünə dostca münasibət göstərən bu pullu
gəncə (Andreyin yaxşı bir avtomobili var) aşiq olur. Davamlı olaraq İsveçi
tərifləyən Andrey Lilyaya birlikdə bu ölkəyə getməyi təklif edir. Orda yaxşı iş
imkanlarının olduğunu bildirən Andrey Lilyaya saxta bir adla (18 yaşı tamam
olmadığı üçün) pasport düzəltdirir. Ancaq son anda nənəsinin öldüyünü bəhanə
edərək təyyarəyə minmir. Lilyanın təyyarəsi İsveçin Malmö şəhərinə enincə onu
Andreyin dostu qarşılayır və bir evə apararaq qapını arxadan bağlayır. Artıq
aldadıldığını başa düşən Lilya sonrakı günlərdə sadəcə yemək qarşılığında
onlarla, yüzlərlə müştəri ilə yatır. Lilya
artıq bir seks köləsi olmuşdur. Qaçmağa cəhd
etdiyində döyülür. Tallindəki kiçik dostu Volodyanın qanad taxmış qarabasması tez-tez Lilyanın yuxularına girir. Bir gün
isə fürsət tapıb qaçmağı bacaran Lilya bir şose körpüsündən özünü
aşağıya ataraq intihar edir.
Daima
Lilya 2002-ci il İsveç - Danimarka ortaq istehsalı olan dram filmidir.
Ssenarisini Lukas Moodissonun yazıb çəkdiyi filmin musiqilərini Nathan Larson
bəstələmişdir. Filmin əvvəlində isə Rammsteinin ifasında "Mein Herz
Brennt" mahnısı səslənir.
İsveçdən
kənarda ilk dəfə 30 avqust 2002-ci ildə Venesiya Film Festivalında göstərilən
"Daima Lilya" müxtəlif festival və müsabiqələrdən tam 12 mükafat
qazanmışdır. Həmçinin film İsveçin "ən yaxşı xarici film"
nominasiyasında Oskar Mükafatına namizədi olaraq seçilmiş, lakin filmdəki
dialoqların çoxu Rus dilində olduğuna görə yarışmaya buraxılmamışdır.
Amerika Kino Akademiyasının qaydalarına görə mükafat uğrunda mübarizə aparmaq
üçün film aid olduğu ölkənin öz dilində çəkilməlidir.
0 Şərh:
Yorum Gönder