Liberal sistemdə cinayətkar və qurban dialektikası üzərində
inşa edilən bir satirik film olan "A Clockwork Orange" Stanley
Kubrick filmoqrafiyasında vacib yer tutur. Kubrick bu filmi ilə
cinayətin mənşəyinə enmək əvəzinə nəticələrini araşdırır, tənqidi oxlarını
liberal quruluşa yönəldir. Modern dünyanın təşkilində mühüm yer tutan
dinamikaya sərt və tənqidi yanaşan "A Clockwork Orange" futurustik
bir proqnozdur, şübhəsiz bir şahəsərdir. Bütün şahəsərlər kimi bir başqasına
deyil yalnız özünə bənzəyir.
Stanley Kubrick "A Clockwork Orange" setində (1971)
Filmin əsas qəhrəmanı Aleksin cinayətkarlıq şəbəkəsi
burjua və proletar ayrıseçkiliyinə məhəl qoymadan qarşısına çıxan hər şeyi məhv
edən psixo sxemdir. Filmdə standart təhkiyə üslubundan xilas
olma cəhdləri sistem əleyhinə olan özünüifadə və anarxist bir rəftardır. İnsanlar
arasındakı daha çox güclənmək uğrunda gedən münaqişədə insanlıq anlayışından
qopduğuna şahid oluruq. İnsanlıq anlayışının məhv olması bir müddət sonra
iqtidarın gözətçiləri ilə-artıq tənha və çarəsiz bir fərd mövqeyinə düşən-Aleksi
qarşı-qarşıya gətirir. Bu hesablaşma isə qaçılmazdır. Əvvəllərdə çox da islah
olunmayacağına dair təcavüzkar və dağıdıcı portret cızan Aleksin sonlarda artıq
islah olduğunu görürük. Bu islaholunma filmin finalına aid olunun hissəyə təsadüf
edir: Aleksin başqa əlacı olmadığı üçün özünü iqtidarın şəfqətli qollarına təslim
etdiyində, daha doğrusu iqtidarın gözətçiləri-sistemin sadiq kölələri Aleksi öz
dünyasına qatanda.
Aleksi assimiliyasiya etmə siyasəti əvvəlcə nəcib
bir pedaqoqoun təşviqatı ilə başlayır. Bu cəhddən sonra “xəstə”də
müsbət nəticələr qeydə alınmadığı üçün həbsxana yöntəmlərinə keçid alınır. İşgəncə
metodlarına bənzəyən təcrübələrdən sonra yavaş-yavaş beyninin ələ keçirildiyinə
şahid olsaq da Aleks özünü asanlıqla təslim etmir. Ta ki qarşı qoymaq üçün gücü
tükəndiyində artıq çıxış yolu qalmadığını anlayanadək. Artıq Aleks təslimdir, iqtidarın şəfqətli qollarının istisini iliklərindək hiss edə bilir.
Xüsusilə təktipləşdirmənin ölçülərinə gətirdiyi baxış bucağı və bunu analiz etmə
şəkli filmin universal statusa malik olduğunu göstəricisidir.
Hər dövrün əsas düşüncə sistemi qaynağını dövlətin
idarəçiliyinin təşkili modelindən götürür. Yeri gələndə dövlət
bürokratik güc vasitələrini işə salaraq fərdləri yumşaldır, formalaşdırır,
onları nizam-intizamlı şəkildə “presləyir”. Düşüncə formasına/ideologiyasına tərs
olan mikrobları sterlizə edir, ictimai asayişi poza biləcək cəhdlərin qarşısını
alır. Dövlətin varlığını təhdid edən hadisələr meydana gələrsə təzyiq
mexanizmini gücləndirir, hər şeyi öz çıxarları üçün assimilə edir, lazım
olduğunda zorakılıq tətbiq etməkdən çəkinmir. Filmin sərt və dəqiq fomada
verdiyi suallar, xatırlatdığı mövzular isə bu mərhələdə üzə çıxır. Aid olduğu
sosial sinif fikir verilmədən cəmiyyəti formalaşdıran və ya cəmiyyətdən uzaq fərdlərin
düşüncə qəliblərinə, malik olduqları kimliklərinə xarici və nəzarət altında
olan müdaxilə nə qədər gərəklidir? Bu cür müdaxiləyə məruz qalan fərdlər nə qədər
azad ola bilər? Bu və ya buna bənzər tətbiq olunan vasitələr dövlətin qanuni vəzifəsi
hesab oluna bilərmi?
Qəlibləri pozan bir kino dominant Stanley Kubrick, "A
Clockwork Orange" filmində məsafəli xarakterini qoruyan sosioloq ədasına
bürünür. Dediyi kimi: “Film çəkmək asandır, çətin olan nəyin
çəkilməyidir”. Onun bu sözləri rejissorun üslub və formadan çox mövzunun təşkilinə
daha böyük
diqqət ayırdığını ifşa edir. Kubrick "A Clockwork Orange" filmi ilə iqtidarın
varlığını davam etdirə bilməyi üçün oynadığı oyunları fərdin azadlığı çərçivəsindən
sorğu-sual edir. Nəticə olaraq film müasir cəmiyyətin ironik təsvirdir.
1971-ci ildə "Warner
Brothers" studiyası tərəfindən çəkilən film 136 dəqiqəlik xronometraja
malikdir. 1973-cü ildə Stanley Kubrick həyat yoldaşına qarşı ölüm təhdidləri almağa
başlıyır və film İngiltərədə nümayişdən götürülür. Lakin buna baxmayaraq 80 və
90-cı illərdə insanlar Fransadan pirat disklər gətirərək filmi izləyir. 1993-cü
ildə isə İngiltərədə kifayət qədər məhşur olan "Scala Film Club"
filmi icazəsiz yayımladığına görə Stanley Kubrickin də təzyiqləri ilə "Warner
Brothers" studiyası tərəfindən böyük miqdarda təzminat ödəməli olur. Təzminatın
miqdarı o qədər yüksək olur ki, hətta "Scala Film Club" müflis olmaq
dərəcəsinə çatır. Film yalnız 2000-ci ildə Stanley Kubrickin ölümündən sonra 18+ yaş həddi qoyularaq İngiltərədə nümayiş olunmağa başlayır.
Film 1961-ci ildə Anthony Burgess tərəfindən
yazılan eyni adlı roman əsasında ekranlaşdırılmışdır. İstesalından 44 il keçməyinə
baxmayaraq "A Clockwork Orange" bu gün də ən yaxşı filmlər sırasında
yer almaqdadır.
0 Şərh:
Yorum Gönder