13 Kasım 2015

"Cargo 200" - Aleksey Balabanov (2007)



Aleksey Balabanov öz dəsti-xətti ilə seçilən, rus kinosunda özünəməxsus yeri olan bir rejissordur.  O,  filmləri ilə bilərəkdən Sovet ittifaqının son dövrlərinə qayıdır, SSRİ-yə pozitiv yanaşan və geriyə həsədlə baxanlara öz sərt üzünü göstərir. Rejissorun bu niyyəti “Cargo 200” filmində pik həddə çatır. 1980-ci illərin Sovet İttifaqının dəhşətli bir yer olduğunu, o bu filmdə mükəmməl bir şəkildə tamaşaçıya göstərir. Sovet ittifaqını tənqid etməklə yanaşı rus mafiyasından bəhs edən “Brat”(1997) və onun davam filmi olan “Brat-2”(2000) (hər ikisində də əsas rolda Sergey Bodrov iştirak etmişdi), çeçen müharibəsindən bəhs edən “Voyna”(2002) kimi filmləri ilə  Rusiya Federasiyasının da  çarəsizliyini ön plana çıxarmışdı.

Balabanovun 11-ci filmi olan “Cargo 200” nümayişdən sonra pozitiv  qarşılanmışdı, xüsusilə də Rusiyada.  Lakin tənqid edənlər də az deyildi. Bu film daha çox haqsız və mütəmadi olaraq cavan qıza edilən təcavüzə görə tənqidlərlə üzləşmişdi. Film post-kommunist tamaşaçısını təccübləndirməklə yanaşı, 18 yaş məhdudiyyəti olan rus kinosu yoxdu deyən qərb cəmiyyətinin də təəccübünə səbəb olur. Bəziləri filmdə  göstərilən cəmiyyətin artıq olmadığı üçün bu ekran işinin heç bir mənası qalmadığını deyir, bəziləri isə əksinə filmdə olan sovet ittifaqının mənfi cəhətlərinə diqqət göstərir. Bu kino  həmçinin 80-90-cı illərdə az büdcə ilə çəkilmiş sovet cəmiyyətinin iç üzünü göstərən “çernuxa”nı da xatırladır. Ancaq film bütövlükdə Balabanovun öz demək istədikləri idi. Sadə dillə desək, “Cargo200”ün insanı dərindən silkələyən dəyəri bəzilərinin onu həzm etməmələrində idi.


Əfqanıstandan ölü rus əsgrərlərinin bədənlərini karqo ilə göndərdiklərinə görə film də elə buna uyğun sovet hərbi kodu olan “Cargo 200” adlandırılmışdır. Filmin adının bu cür seçilməsi xüsusi məna daşıyır, çünki rejissor süjet xəttində müharibəni vurğulayır- sovet cəmiyyətinin insanları hökümət tərəfindən ölümə göndərilən bu meyitlər haqda heç bir şey demir. Əksinə onlar bu ölü bədənləri qəbul edir və kütləvi insan travmasına və cinayətlərinə səslərini çıxarmırlar. Kinonun sujeti axıcı və izləmək də bir o qədər asandır.  Bundan əlavə, Balabanov qarışıq dialoqlardan istifadə etmir, əksinə obrazlar arasında fikir mübadiləsi aparır və daha çox simvol, təsəvvür və musiqinin rolunu vurğulayır.

Film həqiqətən olmuş  hadisəyə  əsaslanır, hadisələr isə 1984-cü ilin avqust ayının sonlarında baş verir. Həmin vaxt kommunist partiyasının baş katibi Konstantin Çernenko idi, sovet-əfqan  müharibəsi isə öz axarı ilə davam edirdi, üstəlik bu səbəbdən də çürüməkdə  və durğunluq dövründə olan sovet cəmiyyəti özünü çox da yaxşı tərəfdən göstərə bilmirdi. Film də bu hadisəni əsas götürərək-iki yaşlı qardaş- Mixail və Artyom Kazakovun balkonda oturub quru balıq yeyib, pivə içərək gündəlik adi şeylərdən danışmaqları ilə başlayır. Açılış səhnəsini izlədikdən sonra, kinonun konteksti Rusiya tarixini bilən hər bir izləyici üçün aydın olur. Artyom Leninqrad Universitetinin Elmi ateizm departamentinin direktorudur, O, Yuri Andropovun ölümündən sonra çox şeylərin dəyişdiyini vurğulayır, bununla da tamaşaçıya göndərilən mesaj odur ki, hadisələr artıq hardasa 1984-cü ildə Çernenkonun dövründə cərəyan edir. Filmin başqa detalları-80-ci illərin ortasında sovet cəmiyyətini məşğul edən  problemlər qardaşların  danışığında getdikcə açılır. Artyom deyir ki, onun oğlu məktəblə maraqlanmasa da, öz oğlunu universitetə qəbul elətdirməyə    əfqan müharibəsindən saxlatdırmağa gücü çatır. Mixail isə,  sovet ordusunda polkovnikdir, o qızının sevgilisi olan Valeri haqqında danışır, Valerinin  nə işlə məşğul olduğunu isə bilmir. Bildiyi odu ki, qızının sevgilisi onun qazandığı pulun üç qatını qazanır və Artyomun maşınından qat-qat bahalı bir maşın sürür. Hətta Mixail Valerini əsgərlikdən saxlatdırmaq üçün ona kömək də etmişdir. Dialoq əsnasında həddindən artıq narahat olan Mixail öz hərbi rolunu qeyd edir - “Cargo 200”lə artıq 26 tabut qəbul olunduğunu diqqətə çatdırır.  Artyom getməyə hazırlaşan zaman Mixhail ona qızını universitetə qəbul elətdirdiyi üçün təşəkkür edir, qarşılığında isə Artyom deyir ki, Liza çox ağıllı qızdır və onsuz da o imtahanları özü keçə bilərdi.

Qısası, filmin açılış səhnəsi sovet ittifaqının gündəlik həyatı haqqında güclü mesaj verir, həmin dövrdə yaşayan insanlar haqqında həqiqətləri göstərir. Hər kəs bilir ki, yüksək nəticə heç də universitetə qəbul olunmağın qarantiyasını vermir. Məsələn, burda, Liza savadlı qız olmağına baxmayaraq əmisinin köməyi ilə universitetə qəbul olur. Çünki korrupsiya halları o qədər artıb ki, əziyyət tələb edən məsələni pulla rahatlıqla etmək mümkündür. Bundan başqa, qara bazarla əlaqəsi olan insanlar daha çox varlanırlar nəinki öz sahələri üzrə çox işləyən insanlar. Balabanovun sovetə olan hücumunun effektivliyi ondadı ki, o  sovet dövrünün yalnız siyasi hərcmərcliyini təsvir etmiyib, həmçinin o, müasir tamaşaçıya həmin dövrün ağır həyat şəraitini və yoxsulluğunu da göstərib.

Balabanov sınıq-sökük mənzillərdə divarlardakı daş hissəcikləri belə dağılmaqda olan evlərdə, ümumi hamamlarda, elektrik naqillərinin belə korlandığı şəraitdə həyat yaşayan yoxsul təbəqəni göz önünə gətirir. Xəyali şəhər olan Leninsk tamaşaçıya post-apokaliptik bir sənayə şəhərini xatırladır, bununla bərabər yağış suları ilə dolmuş çuxurlar, sovet üslubunda olan telefon və poçt qutuları filmdə xüsusi vurğulanır. O dövrdə kefiyyətli və bahalı maşınlar , televizor, qurğular  və hətta paltarlar belə yox idi. Maraqlı olan odur ki, Balabanov ümumi yoxsulluğun üzərində çox dayanmır, daha çox  obrazlara və onların dramlarına ağırlıq verir. Halbuki bu xırda detallardan yayınmaq qeyri-mümkün idi çünki onlar o dövr Rusiyası ilə birbaşa əlaqəlidir və 1980-ci illəri xatırlayan insanlara tanış olan şeylər idi. Sovet insanın gündəlik həyatının həqiqiliyindən başqa rejissor  sənətçi azadlığına əl ataraq saf və cəsur hissini aşılayır.


Filmdə baş verən əsas hadisə isə kommunist partiyasının bölgə rəisinin qızı olan Angelikanın psixi problemləri olan sovet polisi Jurov tərəfindən qaçırılmasıdır. Angelikanı qaçıran psixopat polis ona təcavüz edir. Şahidlər çox olsa da ancaq ortalığa çıxıb ədaləti bərpa etməyə cəsarəti olan cəmi bir insan tapılır, Angelika xilas olunur və polis öldürülür. Əslində isə baş verən hadisənin əsas faciəsi budur ki, ölü bir cəmiyyətdə insanlar artıq bir-birini maraqlandırmır və baş verən hadisələrə biganədirlər. Jurov bu çirkli quruluşun metaforasıdır və insanlar dərk edirdilər ki, onların açıq danışıb hər şeyi deyə bilmək kimi bir cəsarətləri olsa da artıq onlar uduzublar, bunun heç nəyə faydası yoxdur-sakit qalmaq daha yaxşıdır nəinki ədaləti deyən insanın əlindən işinin, mənzilinin alınması, həyatı şərtlərinin məhdudlaşdırılması.


Kinodakı zorakılığın dozası tamaşaçını dəhşətə salır. Angelika oğurlanır, təcavüz olunur, onun nişanlısının ölü bədəni “Cargo 200” təyyarəsi ilə gəıtirilib qızın da zəncirləndiyi yatağa atılır (orada başqa cəsəd də vardı). Balabanov kapitan Jurov ilə SSRİ-nin prototipini yaradır. Jurov zahiri görkəmcə çirkindir, anası natəmiz və özü kimi psixoloji problemləri olan biridir. Onun anası alkoqolikdir və birlikdə  infeksiya mənbəyi olan iyrənc mənzildə yaşayırlar,  ev avadanlıqları isə baxılmayacaq qədər iyrənc təsir bağışlayır. Bununla da “Cargo 200” estetik olaraq çirkabın, çirkinliyin, iyrəncliyin təsvirini cızır. Qan donduran cinayətlər, ölü bədənlər, zorakılıqlar isə kinodakı gözəl musiqilərlə təzad təşkil edir.


“Cargo200”  sovet dövrünün ən sevilən və tanınan mahnıları ilə doludur. Bunu Balabanov bilərəkdən etmişdi. Sovet dövründəki musiqilərə aşiq olan çox insan onlara qulaq asdıqca nostalji hisslər yaşıyırdılar. O bu cür gözəl musiqləri filmə yerləşdirərək bu cür bir ziddiyət yaradır :  gözəl musiqilər o demək deyil ki sovet ittifaqı mükəmməl bir yer olub və sonra da nələrəsə qulaq asıb nostalji hisslər keçirdəsən.

“Cargo 200” də Balabanov 1980-ci illərin sovet quruluşuna həsədlə baxanların cəhdlərini darmadağın edir, onun mesajı isə ucadan və aydın səslənir - SSRİ haqqında heç bir pozitiv şey yoxdu. Əksinə əxlaqi dəyərləri çürüyən qaranlıq bir məkandır, ümidsizlik və kasıblıq isə baş roldadır. Balabanov isə məhz buna görə psixi problemləri olan obrazlar, əxlaq  dəyərlərini itirən insanlar və günahsız adamların çəkdiyi əzabı filmdə görməyimizi istəyirdi.

0 Şərh:

Yorum Gönder