Bu dəfəki yazımız Uzaq Şərq kino sənətinin ustası Akira
Kurosawanın 1950-ci
ildə çəkmiş olduğu və dahi rejissora Venesiya Film Festivalında baş mükafatı (Qızıl Aslan) qazandıran filmi "Rashomon" haqqındadır.
![]() |
Akira Kurosawa |
Kurasawa filmi Yapon hekayə janrının atası sayılan Ryunosuke
Akutagawanın 1915-ci ildə yazmış olduğu iki ayrı hekayəsi əsasında ekranlaşdırıb.
Film azsaylı aktyor heyəti, zamanını aşan texniki imkanları və böyük bir hissəsinin
cəmi üç məkanda çəkilməsinə rəğmən bu gün də Kurosawa kinosunun zirvə nöqtələrindən
biri olaraq qiymətləndirilir. Həmçinin "Rashomon" kameranın günəşə
tərəf yönləndirildiyi ilk film olaraq da kino tarixinə düşmüşdür. "Rashomon" Akira Kurosawanı beynəlxalq arenada məşhurlaşmasına səbəb olan və Yapon
kinosunu dünyaya tanıdan film olaraq xarakterizə edilməkdədir.
Yağmur, günəş kimi təbiət hadisələrinin filmdəki istifadəsi, şahidlər dindirilərkən varlığı bizə məlum olmayan hakim və insanlığa olan ümidi təmsil edən rahib obrazları kinoalleqoriyanın ən müvəffəqiyyətli nümunələrindən biri sayılır.
"İnsan zəif
məxluqdur. Buna görə də yalan danışır. Hətta özünə belə!"
Qaçaq Tajomaru meşəlik ərazidən keçərkən qarşı
yoldan atın üzərində gözəl bir qadın və ona yoldaşlıq edən gənc bir adamın gəldiyini
görür. Qadınlara qarşı həssas olan Tajomaru yanındakı gəncə zərər vermədən qadını
əldə etmək üçün bir plan quraraq ər-arvad olduqlarını təxmin etdiyi cütlüyə
yaxınlaşır. Yaxınlarda bir qılınc və güzgü tapdığını deyən Tajomaru əşyaları münasib
bir qiymətə onlara sata biləcəyini söyləyərək cütlüyü aldadır. Daha sonra oğlanı
iplə bağlayıb təsirsiz hala gətirən Tajomaru əsl məqsədini reallaşdıraraq gənc
qadına zor gücünə sahib olur.
Məhkəmədə buraya qədər bütün şahidlərin ifadəsi üst-üstə
düşür. Bundan sonrakı ifadələr isə bütünlüklə ziddiyyət təşkil edir... Ortadakı
tək konkret gerçək isə arvadına gözləri qarşısında təcavüz edilən adamın cansız
bədənidir. Bu hadisəni qarmaqarışıq hala gətirən məsələ, hadisənin hər üç qəhrəmanın
da qurbanın qatili olaraq özünü göstərməyidir. Tajomaru adamı duelə dəvət edərək
şərəfli bir şəkildə öldürdüyünü, qadın hadisənin ardından isterik böhran keçirərək
yoldaşını öldürdüyünü, bir medyum vasitəsilə danışan qurbanın özü isə öldürülməsinə
razı olan həyat yoldaşından duyduğu utanc üzündən öz canına qəsd etdiyini iddia
edir. Rahibin də dediyi kimi böyük yalanlar ancaq zəiflikləri gizlətmək
üçün deyilə bilər. Ancaq necə bir zəifliyi gizlətmək? Elə bir zəiflik ki, hətta
bir insanı başqa bir insanın canına qəsd etmək kimi böyük bir günahı öz boynuna
götürməyə razı salır.
Şiddətli yağan yağışın fonunda sığındıqları
uçuq-sökük bir daxmada yağışın kəsilməyini gözləyən bir odunçu ilə bir rahib kəndlərində reallaşan bu cinayətin
üç qəhrəmanının üst-üstə düşməyən hekayələrindəki həqiqətin əslində nə olduğunu
tapmağa çalışırlar. Ancaq odunçu və rahib üçün əsas məsələ cinayəti kimin işlədiyi
deyil. Burada Kurosawanın etmək istədiyi şey Hitchcock filmlərinə xas olan
ssenarini sürpriz şəkildə sona çatdırıb tamaşaçını çaşdırmaq deyil, təfəkkürün ən
dərin qatlarına enib, cinayət işləməyi belə yüngül bir cinayət səviyyəsinə
endirən insanın zəif tərəflərini tamaşaçıya çatdırmaqdır.
Filmin sonlarına doğru ortaya çıxan sürpriz bir
dördüncü şahid hadisənin əsl təfərrüatını böyük ölçüdə tamaşaçıya çatdırsa da, əvvəlki
ifadəsindəki xəncər detalı tam olaraq onun da yalan söylədiyini üzə çıxardır. Çünkü
həqiqət Kurosawanın film boyunca ağac yarpaqları arasından tez-tez kamerasını tuşladığı
günəş kimidir.
Filmin sonunda isə odunçunun qucağında körpə uşaqla
uzaqlaşarkən yağışın birdən-birə kəsilməyi və havanın açılmağı, hər şeyə baxmayaraq
insanlığa olan inancın və ümidin ölmədiyinin simvoludur.
0 Şərh:
Yorum Gönder