3 Kasım 2015

Aki Kaurismaki və onun "Cinayət və Cəza"sı


Finlandiyalı ssenarist və rejissor Aki Kaurismaki daha çox 2002-ci ildə ekran həyatı verdiyi "The Man Without a Past " filmi ilə tanınır. Film 2002-ci ildə "Xarici Dildə Ən Yaxşı Film" nominasiyasında Oskara  namizəd göstərilmiş və həmin ildə də  Kann Film Festivalında Qran Pri mükafatını qazanmışdır.
Kaurismaki kariyerasına böyük qardaşı Mika Kaurismaki ilə birlikdə rejissorluq etməklə başlayıb. Müstəqil bir rejissor olaraq isə ilk filmi 1983-cü ildə  Dostoyevskinin "Cinayət və Cəza" (Crime and Punishment) romanının motivləri əsasında çəkdiyi eyniadlı filmidir. 1989-cu ildə ekranlaşdırdığı "Leninqrad Cowboys Go America" filmi isə Kaurismakinin dünya səviyyəsində tanınmasında böyük rol oynayıb.


Kaurismaki filmlərindəki mesajları izləyicisinə çatdırmaq üçün sadə kino dilindən istifadə etməyi üstün tutur. Bu da onun  daha çox Jean-Pierre Melville və Robert Bresson kimi rejissorlardan təsirləndiyini göstərir. Kinotənqidçilər isə onun Rainer Werner Fassbinderdən təsirləndiyini desələr də,  Kaurismaki Fassbinderin heç bir  filminə baxmadığını bildirmişdir.
Kaurismaki daha çox kino dünyasında öz protestoları ilə yadda qalıb. 2002-ci ildə Oskara namizəd göstərilən filminin Qala şousuna qatılmaq istəməyən rejissor bunu ABŞ-ın xarici siyasəti ilə əlaqələndirir. Bir sonrakı filmi "Lights in the Dusk " da 2006-cı ildə eyni nominasiyada mükafata namizəd göstərilir. Lakin Kaurismaki bu dəfə də ABŞ prezidenti Corc Buşun xarici siyasətinə etiraz olaraq mərasimi boykot edir. Kaurismakinin məşhur protestolarından biri də 40-cı Nyu-York Film Festivalını boykot etməsidir. İranlı rejissor Abbas Kiorostaminin festivala qatılmaq üçün ABŞ-a viza ala bilməməsi rejissoru bu addımı atmağa məcbur edir:

"Dostum və dünyanın ən sülhsevər insanlarından biri olan Abbas Kiorostaminin  İran vətəndaşı olduğuna görə Nyu-York Film Festivalına qatılmasına maneə törədildiyi xəbərini aldım. Mən də dünyanın ən yaxşı kinofestiallarından  olan bu festivala dəvət olunmuşam. Bu şərtlər altında mən də festivalda iştirak etməkdən imtina edirəm - əgər ABŞ hökuməti bir iranlını görmək istəmirsə, bir finlandiyalını heç görmək istəməz. Bizim neftimiz belə yoxdur. Əgər bu gün Abbas Kiorostami bu cür rəftara məruz qalırsa, sabah digərlərinin başına nələr gələcək? Mən bir Finlandiya vətəndaşı olaraq ABŞ hökumətini "Cenevrə Konvensiyası"nın tələblərini yerinə yetirməyə çağırıram".

Son olaraq Aki Kaurismakinin Dostoyevskinin "Cinayət və Cəza" romanının motivləri əsasında çəkdiyi və hadisələrin 1983-cü ilin Helsinkisində cərəyan etdiyi versiyası olan eyniadlı filmini sizlərə təqdim edirik:

http://www.fixdd.com/rikos-ja-rangaistus.html

0 Şərh:

Yorum Gönder