İnsanoğlunun
yaradılışından və yer üzərinə yayılmağa başlamasından bəri davam edən müharibələr
gətirdiyi dağıntılarla bərabər insanlığın və mədəniyyət adlandırılan məfhumun da təməlini qoymuşdur. Lakin insanlıq, əsrlər sonra mifoloji mənbələrdən
öyrəndikləri bu amansız dağıntıların eyni səbəblərlə bu gün də davam etdiyinə şahid
olmaqdadır. Bir digər tərəfdən ülvi dinlər də cinayət və günah üzərinə qurulan
mədəniyyətlərin qarşısında, insanlığın qütbləşmədən xilas olub təsəvvüf və Buddizm səviyyəsində
bir üst insan olma yolunda yaxşılıqlara yönəlməsini məsləhət verir. İpə-sapa
yatmayan və yaramaz insan daima özbaşına hərəkət edərək coğrafi, mədəni, irqi və
dini gerçəkliklərini özünə görə meydana gətirib ilk günahların və dağıntıların
arxasınca getmişdir. Mədəniyyət və inanc fərqli sözlər olsalar da günahın cinayət,
cinayətin isə günah olduğu bir dövrdə ortaya çıxmışdır. Xəyyamın günah olduqda inancın
nəyə yaradığını soruşduğu kimi,
Şekspir də cinayət olmadan inancın mənasız
olduğuna
Hamlet əsərində Xəyyamdan illər sonra təkrar cavab axtarmışdır.
Habil və Qabil ilə
başlayan müharibələr, Xəyyam yaşayarkən də, Şekspirin zamanında da, sənaye
inqilabının sonrasında da davam etmiş və hal-hazırda da davam etməkdədir. Fərqli
ssenari və məqsədlərlə ortaya çıxan müharibələrin təməlində isə güc əldə etmə
arzusunun olduğu danılmaz bir reallıqdır. Haqqında bəhs edəcəyimiz
"Tanngerines" (2013) filminin də əsas mövzusu 1992-ci ildə alovlanan
Gürcüstan - Abxaziya müharibəsi və müharibədən təsirlənən insanların qısa həyat
hekayəsi haqqındadır. Bu günə qədər müharibə mövzusundan bəhs edən bir çox filmlər izlədik. Müharibələrin acı həqiqətlərini
və insanlar üzərində buraxdığı dərin izlərin şahidi olduq. Bu filmdə isə tək bir döyüş
səhnəsi olmamasına baxmayaraq, müharibənin
ən
dərin ağrı-acılarına, çarəsizliyinə, insanlarda yaratdığı boşluğuna və heçliyinə
şahid oluruq.
Filmin əsas personajı
dülgər İvo (Lembit Urfsak) müharibədən
sonra evini tərk etməmiş, ailəsinin arxasınca getməyib doğulduğu torpaqlarda
qalmışdır. Kəndi tərk etməyən və qalıb mandarin yetişdirən yaxın dostu Marqusa
(Elmo Nüganen) kömək edərək onun işinə
ortaq olmuşdur. Film bir gün bir-birilərinə düşmən olan iki əsgərin İvonun həyatını qurtarmasıyla yüksəlmə
nöqtəsinə qalxır.
Filmin düyün nöqtəsində
olan çeçen əsgər Əhməd və gürcü Niko bir-birlərinin düşməni olduqları qədər də
fərqli fikirlərə sahib olan tamamilə zidd personajlardır. Hər nə qədər əsas
personaj İvo olaraq görünsə də, əslində rejissorun mətnaltı antaqonist və protaqonist xarakterləri Əhməd və
Nikodur. Tamamilə köhnə adət- ənənələrə təslim olmuş, başqalarına qarşı
son dərəcə kobud olan Əhməd düşməni Nikonun əksinə olaraq ağlından çox ürəyinin
ona hiss etdirdiyi nifrət hissi ilə hərəkət edir. Niko isə aralarında keçən
dialoqlarda Əhmədə dediyi ''Ağılla fikirləşmirsən. Tarixi bilmirsən'' sözləriylə
zehinini daha çox işlədən bir obraz olduğunu göstərir. Lakin filmin rejissoru
Zaza Urushadze hər iki fərdin "yoxsul" olduğunu və ikisinin kəsişmə
nöqtəsində İvonun dayandığını tamaşaçılara çox böyük ustalıqla çatdırır. İvonun
həm ağlı, həm də ürəyiylə hərəkət etməsi və bunun müharibə şəraitində edilə biləcək
ən gözəl şey olduğu filmdə açıq-aşkar göstərilir. Evində gözəl nəvəsinin fotoşəkilini
saxlamağı və ona baxan hər kəsin diqqətini
çəkməsi də İvonun əslində gözəlliyin mərkəzində olduğuna bir işarə deyilmi?
Əhməd ürəyinin ona diktə etdiyi hisslərlə hərəkət
etməkdədir. Hər nə qədər tolerant olduğunu söyləsə də özü kimi olmayanlara
dözümü yoxdur əslində. Amma insan özünə bənzətmək istədəyi insanların dünyanı
yaşana biləcək bir məkana çevirməsinə və ona yaxşılıqlar etməsinə nə qədər əmin
ola bilər ki? Çeçenlərin, İvonun evinə gəldikləri səhnədə öz tərəfdaşlarının
Əhmədin ölüm əmrini verməsinə qarşı Nikonun düşməni üçün həyatını riskə atması
xarakterlərin aydınlanması anlamına gəlmirmi?
Rejissor filmin düyün nöqtələrini tez-tez Əhməd personajı üzərindən göstərməyə çalışır. Marqusun evinin bombalanması səhnəsində
Əhmədin Marqusa pul uzadıb Estoniyaya - ailəsinin yanına getməyini istəyəndə,
ilk təəssüratda tamaşaçı artıq bu obrazın paklanması yolunda çox az maneə
qaldığını hiss edir. Lakin rejissorun iki personaj arasında qurduğu gərginliyi
aradan qaldırılması ilə tamaşaçı yenidən
əvvəlki hisslərinə qayıdır. Əhməd dediyinə görə muzdlu əsgərdir və bu pul,
qanlı pul deyil, öz əməyinin qarşılığında aldığı maaşıdır. Bu səhnədə Gürcülərin
öz torpaqlarını işğal etdiyini iddia edən Əhməd həqiqətənmi milliyyətçi bir hisslə
hərəkət edir?
Gürcü rejissor Zaza Urushadze bu filmdə dünya
siyasi tarixindən və baş vermiş real hadisələrdən bir hissəni təqdim edərək
insanın ''insan'' olduğunda əslində hər şeyin daha gözəl və aydın olduğuna işarə vurmuşdur. "Tangerines" ya da orijinal
adıyla "Mandariinid" filmi haqq etdiyi kimi 2015-ci ildə 87-ci Oskar
Mükafatına "Ən Yaxşı Xarici Film" nominasiyasında namizəd olmuşdur. Bununla da
film Estonyanın Oskara namizəd olan ilk uzunmetrajlı filmi ünvanını əldə
etmişdir. Varşava və Seattle Film Festivallarından mükafatla dönən film,
insanın içində olan balaca bir gözəlliyi göstərərək, sülh mühitinin insanlığın
adına əslində nə qədər də yaraşdığını gözəl bir ssenari üzərindən müvəffəqiyyətlə
göstərir.
0 Şərh:
Yorum Gönder