Son illərdə inkişaf edən və bir-birindən maraqlı filmlər çəkən yunan
rejissorlar Avropa kinosunda xüsusi yerə malikdir. Yorgos Lanthimosun 2009-cu idə lentə aldığı “Dogtooth” filmi yunan yeni dalğasının ən yaxşı filmərindən
hesab edilir. Rejissorun sayca ikinci filmi olan “Dogtooth” isə Lanthimosun
tanınmasında əsas pay sahibidir.
![]() |
Yorgos Lanthimos |
Film bir ailə və ya dövlət haqqındadır. Rejissor sistemin yaratdığı
qayda-qanun toplusunu tənqid edir və bunu cızdığı qaranlıq bir ailə portreti
vasitəsilə diqqətə çatdırır. Elə ilk səhnədən ünsiyyət qaydaları ailə tərəfindən
manipulə edilir, tamaşaçıya normal şüur anlayışının kənarında qalmış 2 bacı və
1 qardaş təqdim olunur. Onlar üçün təyyarələr oyuncaq, zombilər isə balaca sarı
güllərdir. Beş nəfərlik ailə - ata, ana və 3 uşaq şəhərdən aralı, ətrafı
hasarlarla bağlanmış bir evdə yaşayırlar. Uşaqların evdən çölə çıxmağı
qadağandır. Valideyinlərinin uyğun gördüyü təhsili alan hər 3 uşağın çöl dünya
haqda ciddi məlumatı yoxdur. 3 uşaq atanın öyrətdiyi oyunları oynayıb mükafat
qazanmağa çalışırlar. Oyunlar zamanı rəqabət anlayışının uşaqlar arasında
mövcüdluğu atanın şüurlu bir şəxs olduğunu göstərir.
Çöl dünyadan evə daxil ola bilən isə Christina adlı fahişədir. Bununla ailənin
hakimi, yəni, ata obrazı cinsi aclığın oğlunda yaradacağı aqressivliyin
qarşısını almaqla öz iqtidarını sığortalayır. Lakin ata qızları haqda o qədər də
narahatıq keçirmir. Christinanın digər həyatdan gətirdiyi hədiyyələr isə evin
böyük qızında yeni fikirlərin formalaşmasına imkan yaradır. Belə olan halda ata
xəyanətkar fahişəni ailədən uzaqlaşdırmaq məcburiyyətində qalır. Ancaq böyük
qızın mənimsədiyi fikirlər onu təsirləndirir, bütün yeniyetməlik dövründən sonraki
insanlarda olduğu kimi ailə streotiplərini qırma və azad olma mərhələsinə keçməyinə
şərait yaradır. Əsasən yeniyetməlik dövrünün sonları bioloji olaraq insanların
ailədən qopub öz həyatlarını qurmaq üçün ən yaxşı vaxtlarıdır. Lakin kapitalizmin
inkişafı ilə insanın bioloji inkişafı eyni sürətdə olmadığı üçün yeniyetməlik
dövrünü keçmiş şəxslər öz həyatını qura bilmir və ailələri ilə birgə yaşamaq məcburiyyətində
qalır və bu onlarda böhrana səbəb olur. (Filmdə bunun təsviri eyni ritmdə
gitarada musiqi çalınan zaman böyük bacının oynadığı rəqsdir). Christina vasitəsilə böyük qızın leksikonun
daxil olan yeni sözlər onun üsyankar duyğularının qarşılığına uyğun gəlir. Beləliklə, onun üsyanı konkretləşdikcə ailə tərəfindən problemli qız kimi dəyərləndirilməyə
başlayır. Nəticədə qardaşı ilə cinsi əlaqəyə
girməyə sövq edilən böyük bacı atanın hakim olduğu bu ailədə hər şeyin onun
hakimiyyətinə xidmət etdiyini göstərir. (Atanın gördüyü rəqib oğuldu və onu nəzarətdə
saxlamaq üçün hər şey edir).
Atanın Christinanı evdən uzaqlaşdırmağı, hakimiyyətin özünü gücdən salmamaq
və böhran zamanı qüvvələri nəzarətdə saxlamaq üçün etdiyi diktatora xas
silahlardan biridir. Pişiklərin dünyanın ən vəhşi və təhlükəli heyvanlar
olduqlarını kiçik bir səhnə ilə uşaqlarına izah edən ata onların canına qorxu
salır və çöl dünyanın çox təhlükəli yer olduğunu xəyali olaraq gücləndirir.
Lakin ata yenə də uşaqların çölə çıxacağına dair ümid işığını tamamilə
söndürmür. Onun uydurduğu “Köpək dişi - sağ və ya sol fərq etməz, nə vaxt
özlüyündən düşsə, yalnız o zaman çölə çıxmaq gücünə malik olacaqsınız. Bundan əvvəl
çölə çıxsanız pişiklər sizi yeyəcək” fikri atanın uşaqlarda bəsit ümid yeri
qoyduğunun təsviridir. İçində böyüyən üsyan dalğasına daha çox dözə bilməyən
böyük qız sonda köpək dişinin özlüyündən düşməyini gözləyə bilmir və dişlərini
qırır. Əzab bəlkə də həddən artıqdır, lakin ağzı qan içində olmağına rəğmən
gülümsəməkdən çəkinmir və əzaba baxmayaraq oyunda qələbə qazandığı üçün xoşbəxtdir.
Dişlərini çıxardıqdan sonra qapını çırpıb qaçır və evdən çıxa bilən tək şey
atasının “Mercedes”i olduğundan maşınının yük yerində gizlənərək sabahı gözləyir.
Rejissor bu filmi ilə ilk olaraq ailənin uşaqlara təsirini və şüuraltının dil vasitəsi
ilə manipülə edilərək diktator rejimlərdə necə bir manqurt nəsil yetişdirməyin
təsvirini cızır. Yorgos Lanthimos olduqca güclü bir sətiraltı mətnlə sistem tənqidini
açıq bir dillə ön plana çıxarır. Diktatura ölkələrində gördüyümüz insanların həyatı
fimdəki 3 uşağın həyatına bənzəyirmi? Məsələn Şimali Koreya və digər diktatura
ölkələrində diktator ölən zaman milyonlarla insanın yalandan ağlamağı bizi elə
də çox təəccübləndirmədi. Təəccübləndirmədi elə deyil?
Film, son cümləsini deyərkən, azadlıq üçün üsyan edilsə belə şüuraltının və
manipulyasiyanın gücünün altından xətt çəkir. Ailənin böyük qızı azadlığa nə qədər
çox can atsa belə onun azadlıq anlayışı manipülə edilib və azadlıq üçün
atasının maşınına minməkdən başqa bir fikir ağlına gətirə bilmir.
0 Şərh:
Yorum Gönder