![]() |
Gaspar Noe |
1963-cü
ildə Buenos-Ayresdə doğulan, 12 yaşında olarkən Argentinadan Fransaya köç edən
Gaspar Noe, kinonun ən ziddiyyətli, sensassiyalı, dekonstruktiv rejissorlarından
birincisidir. Noenin kino ilə
tanışlığı Parisdə kino və fəlsəfə təhsili aldığı vaxta - 1985-ci ilə təsadüf edir. Argentinalı rejissor Fernando Solanasın
filmində köməkçi rejissor kimi kinoda addım atan Noe, kariyerasına qısametraj
filmlər çəkməklə başlayır. Fransız “Yeni Dalğa” axımının məqsədini və təsirlərini
hiss etdirən, hər filmində tamaşaçıya kinematoqrafik şok yaşadan rejissor,
1991-ci ildə lentə aldığı “Carne” adlı ortametraj filmiylə adından söz etdirir. 30
illik rejissorluq kariyerası boyunca hər il film çəkən rejissorlarla müqayisədə
Gaspar Noe, sadəcə 1 orta və 4 uzunmetraj film lentə alıb. 1991-ci ildə lentə
aldığı “Carne” filmindən əvvəl və sonra “Tintarella di Luna” (1985), “Pulpe
amere” (1987), “Sodomites” (1998) kimi qısa metrajlar, Animal Collective, Nick Cave
and the Bad Seeds və Placebo kimi qruplara reklam filmləri ya da “Destricted”
(2006), “8” (2007), “7 Days in Havana” (2012) kimi antoloji filmlərə hissələr çəksə
də, filmoqrafiyasının əsasını “Carne” (1991), “Seul Contre Tous” (1998), “İrreversible”
(2002), “Enter the Void” (2009) və “Love” (2015) təşkil edir.
Noenin narahatedici xarakterini üzə vuran fiziki görnüşü, həmçinin filmlərinə
də yansıyıb. Noenin filmlərində şiddət, cinsəllik, narkotik, əxlaq, pedofiliya,
təcavüz, insest, ədalət, ölüm, reinkarnasiya kimi qavrayışlar yüksək dozada
özünü göstərir. Neon işıqlar, hallüsinasiyalar, qırmızı tonlarla yüklü rənglərin
epileptik krizə şərait yaradacaq şəkildə kombinasiyası, davamlı hərəkət edən
kameranın ürəkbulandırıcı və başgicəlləndirici təsiri, Thomas Bengalterin
beyinin sərhədlərini aşan elektronik musiqiləri, filmlərinin narahatedici
girişi, filmin ortasında “warning” xəbərdarlıqları onun filmoqrafiyasının əvəzolunmaz
ünsürlərindəndir.
“Ananı sadəcə səni əmizdirdiyi üçün, atanı da sadəcə sənə pul verdiyi üçün
sevirsən. Ananın südü qurudusa və ya atanın cibləri boşaldısa onları
özündən uzaqlaşdırıb ölməyini gözləyirsən. Sürətli və ucuz başa gələcək bir ölüm
olacağına ümid edirsən.” (Seul Contre Tous)
Noe öz filmləri arasında bağlılıq qurmağı xoşlayan rejissordur. 1991-ci ildə
lentə aldığı ortametraj “Carne” filminin əsas personajı olan “Qəssab”ın hekayəsi
1998-ci ildə lentə aldığı “Seul Contre Tous”da uzun metraja yansıyır. “Carne” və
“Seul Contre Tous” filmlərində Noenin kamera istifadəsi ümimilikdə sabit və bir
plan ardıcıllığı ilə davam edən səhnələrdən ibarətdir. Lakin filmin
narahatedici ünsürləri statik kadrlar, səs effektləri və şiddəti ehtiva edən
görüntülərdir. Hər iki filmdə də boğaz kəsmə, hamilə qadının qarnını
yumruqlayaraq dölün öldürülməyi kimi çətin səhnələr, ədalət və insanlıq
haqqında nifrət qusan dialoqlar at oynadarkən, birdən “Ti amo” musiqisinin müşaəti
ilə xəfif, sakitləşdirici səhnə şokuyla qarşılaşmaq mümkündür. “Qəssab” obrazı
ilk baxışda bir çox tamaşaçının fərqinə varmadığı şəkildə “İrreversible”
filminin açılış səhnəsində də özünü göstərir. “Seul Contre Tous”da özünə “homoseksual”
dediyi üçün arvadına əsəbləşib, onun qarnını yumruqlayıb uşağını öldürən “Qəssab”ı
burada illər sonra köhnə bir binanın içində yarı çılpaq şəkildə bir adamla
siqaret çəkərkən görürük. Filmdə qəssab “Zaman hər şeyi məhv edir!” deyərək
söhbətə başlayır. Ya da “Enter the Void” filmində Oscar, öz bacısı Lindanın
birlikdə olduğu sevgilisindən nifrət edir və “Ondan hamilə qalsan uşağını öldürərəm”
deyir. Noenin filmoqrafiyasında bu cür oxşar gedişlər kinosevərlər üçün şok təsiri
yaradır.
“Geriyə qayıtmaq mümkün deyil. Çünki
zaman hər şeyi məhv edir. Bəzi
şeylər düzəlmir. İnsan bir heyvandır və intiqam istəyi təbii bir hissdir. Bir
çox cinayət cəzalandırıla bilmir. Sevdiyin kimisə itirmək, insanı ildırım
vurmuş kimi sarsıdır. Çünki sevgi həyatın bulağıdır.” (İrreversible)
Dünyanın ən narahatedici filmlərindən biri kimi qiymətləndirilən
“İrreversible”, Kann Film Festivalında nümayiş olunduğunda salonun yarısından
çoxunun filmi yarımçıq qoyub tərk etdiyi, qusduğu, dözə bilmədiyi, Gaspar Noeni "pozğun" olaraq ittiham etdiyi, protestlərə məruz qaldığı filmdir. Filmdə
tamaşaçı yeraltı keçiddə sabit planda bir insanın sifətinin addımbaaddım
dağılmağını izləyir (deyilənlərə görə Noe bu səhnədə cəsəddən istifadə edib) və
Monica Belluccinin artıq dillər əzbəri olan 15 dəqiqəlik, bir planda dözülməz
şiddət içində təcavüzə məruz qalmağı səhnəsi Noe kinosunda zorakılıq
anlayışının zirvəsidir. “Carne” və “Seual Contre Tous” filmlərindəki sabit
kamera, “İrreversible”da yerini bitib-tükənmək bilməyən kamera hərəkətliliyinə verir.
Noe burada yenə öz dekonstruktivliyini nümayiş elətdirərək bir çox insanın
kameranın hərəkətindən və qaranlıqdan fərqinə vara bilmədiyi səhnədə - bir gey
bar tualetində masturbasiya edərkən özünü göstərir. “İrreversible” filminin hər
baxışdan çıxılmaz bir cəhənnəmi xatırladan, sondan əvvələ doğru gedən təhkiyəsi
sonda özünü daha xəfif, sakit və qəribə bir xoşbəxtliyə təslim edir. “Carne”
filmində “Ti amo” musiqisinin müşaiəti ilə mətbəx silmə səhnəsinin film içindəki
qəribəliyi, “İrreversible”da isə filmin sonunda yer alan (əslində ilk səhnəsi
olan), Belluccinin çəmənlər, uşaqlar, çiçəklər arasında hamilə bir şəkildə xoşbəxt
uzandığı səhnədə gizlidir.
“Öləndə ruhun bədənini tərk edir. Başlanğıcda bütün həyatın
gözünün qarşısından keçir. Həyatının sehirli bir güzgüdə yansıdığını fikirləş.
Ardınca bir kabus olaraq davam edirsən. Ətrafında baş verən hər şeyi görürsən,
hər şeyi eşidirsən. Ancaq yaşayanlarla əlaqə yarada bilmirsən. Daha sonra işqları
və parlaqlığı görürsən. Fərqli rənglərdə fərqli işıqlar. Bu işıqlar səni
varolmanın digər mərtəbələrinə çıxarmalı olan qapılardır. Ancaq bir çox insan, əslində,
bu dünyanı çox sevdiklərindən başqa bir yerə getmək istəmirlər. Bu vəziyyətdə səyahət
bərbad bir səyahətə çevrilir. Bu vəziyyətdən tək xilas olma yolu
reinkarnasiyadır.” (Enter the Void)
“Enter the Void” Noenin avanqard kinosunda inqilabi
bir zirvəyə yüksəlir. İlk 3 filmindəki cinsəllik, şiddət, ölüm, insest temaları
davam etməklə yanaşı burada fiziki şiddət nisbətən azalır. Noe bu filmin,
xüsusilə, ilk 40 dəqiqəsində birinci şəxsin gözündən subyektiv təhkiyə üslubu təqdim
edən bir kamera taktikasından istifadə edir. Əsas peronsajın üzünü ancaq güzgüyə
baxdığında əksindən və öldüyü vaxt onun ruhu yerinə keçərkən quşbaxışı şəklində
görürük. Hallüsinasiyalar, parlaq və solğun rənglər, göz alan işıqlar, detallı
və diqqətli kinematoqrafik quruluş, hamısı birlikdə narkotik təsiri ilə tamaşaçını
uyuşdurmağa çalışıb trans vəziyyəti yaradarkən, Tokio küçələrinin havadan
görüntülərinin müşaəti ilə gəzən, ortada qalan bir ruhun arxasınca düşüb
gedirik.
Noenin “psixodelik bir melodrama” olaraq adlandırdığı “Enter
the Void”, şiddət anlayışını yüksək dozada istifadə etmir. Lakin vaginanın
içində gizlənən bir kameradan penisin tamaşaçının üstünə doğru hərəkəti və
kameraya doğru boşalmağı kimi “hardcore” səhnələrlə kinematoqrafik şokun pik həddinə
çatmaq mümkündür. Sona doğru pik həddə çatan qrup seks səhnələri və davamlı
fırlanan kameranın filmin “boşluq” adına uyğun olaraq tapdığı hər boşluğa girərək
tamaşaçının zehnində qısa müddətli “qara dəlik” hissiyatı yaradır. Bütün
bunlarla yanaşı qısa flashback səhnələrində ailənin gəzinti (picnic) zamanı
film, bir almanın-qırmızının ön plana çıxdığı melodram hissi yaradır. Qəza səhnəsində
isə tamaşaçını sarsır Noe. Melodramatik təsir və xoşbəxt anlar qısa olaraq həyatımızın
bir küncündə “xatirə” halında gizlidir, Noe bunu bəlli bir zaman kəsiyində açığa
çıxarır. Lakin şiddətin, cinsəlliyin, narkotikin, intiqam hissinin
unudulmazlığını hər dəfə şapalaq kimi tamaşaçının üzünə çırpır.
Noe, “Enter the Void” filmindən sonra film çəkməyə yenə
uzun bir ara verir. 6 illik aradan sonra Noe yeni filmi “Love” ilə kinoya geri
qayıdır. Filmin sensasiyalı afişaları hələ film çıxmazdan qabaq səs-küyə səbəb olur.
Noe bu filmi ilə də illər sonra yenə öz texnikasına sadiq qalaraq bir sevgi
hekayəsini diqqətə gətirir. Şiddətin və zorakılığın üstündən xətt çəkən
rejissor bu dəfə “hardcore” seks səhnələri ilə tamaşaçıya unuda bilməyəcəyi bir
sevgi hekayəsi təqdim edir. Filmdə özünün adı verildiyi uşağın doğumundan sonra
filmin mərkəzindəki personajların məhəbbətinin sona çatmağı ilə başlayan film
sonda özünü xəyali olaraq xoşbəxt sonluğa verir. Öz ənənəsinə sadiq qalaraq Noe
filmdə yenə flashbacklərə geriyə gedən təhkiyə vasitəsindən istifadə edir.
Noenin 2015-ci ildə ekrana çıxan filmi “Love” hələlik son filmidir. Yəqin ki,
Noenin yeni filmini 2020-ci ildə görmək mümkün olacaq.
0 Şərh:
Yorum Gönder