21 Aralık 2015

"Nifrət" trilogiyası - Shion Sono


Shion Sono
Yapon kinosunun özünəxas rejissorlarından biri də Shion Sonodur. O həm rejissor, həm aktyor, eyni zamanda şairdir. Kariyerası boyunca ssenarisini yazdığı və rejissorluğunu etdiyi bir çox film var. Shion Sononun “Suicide Club” filminə baxanlar onun necə qana aşina rejissor olduğunu bilir. “Suicide Club”da bir neçə qız şagirdin eyni anda metro relsinə özlərini tullamağı və qanın tamaşaçının üzünə sıçramağı onun filmoqrafiyasındakı şiddət və zorakılıq anlayışının göstəricisidir.



Bu yazıda isə rejissorun “Nifrət” trilogiyasından bəhs edəcəyik. Trilogiyanın hər üç filmi nifrət temasına işləsə də, əslində filmin alt qatı sevgiylə yoğrulub. Filmin hər 3 əsas personajı sakit, məsum hətta mülayim olsalar da zaman keçdikcə bu 3 personaj dəyişməyə başlayır. Ən sonda hər biri ağla gəlməz xarakterə bürünür: Ağlını itirən kim, qatil olan kim. Personajların bu cür dəyişilməyinin təbii səbəbi digər insanlardır. Günlük həyatımızda bu cür deyilmi? Dincliyi pozulan personajların nifrət damarlarına yayılır və onların orqanizminin ən vacib hərəkətverici detalına çevrilir.


Love Exposure (2008)


Filmdə Yu adlı gənc əsas personajdır və hadisələr onun ətrafında cərəyan edir. Onun 3 nəfərlik aiəsi var. Lakin anasının ölümündən sonra ətrafında bir çox personajlar peyda olur və hadisələr silsiləsinə təkan verir. Atası anasının ölümündən sonra din adamı olur və özünü kilsəyə verir. Yunun öz anasına verdiyi bir söz var: O öz Mariyasını tapıb evlənməlidir. Hadisələrin qopma nöqtəsi atasının ehtiraslı bir qadınla tanış olmağından sonra başlayır. Hadisələr tam mənada dəyişir. Artıq onun atası normal keşiş deyil və qadınla cinsi yaxınlıq qurmağa başlayır. Lakin bir müddət kilsədən bunu gizlətsə də sonda kilsədən uzaqlaşır. Bu aralıqda Yunun anasına söz verdiyi Mariya ilə tanışlığı baş tutur, lakin bir çox şeyin asan olmadığı kimi Mariyanı öz həyatına qatmağı da asan deyil. Zaman keçdikcə isə Yu ağlını itirməyə başlayır. Buna səbəb atasına özünü qəbul elətdirməyə çalışmağıdır. Qarışqaya belə zərər verə biləcək gücdə olmayan Yunun müddət keçdikdən sonra dəliliyə doğru yolu açılır. Onun qısa geyimli qızların alt paltarını çəkməyi də öz Mariyasını tapmaq yolunda cəhdləri idi. Təkcə qızın gözəlliyi ilə kifayətlənmir, həm də təhrikedici xüsusiyyətlərinin olmağına da fikir verir.


Film olduqca qarışıq, təəccübləndiricidir və hər anı bir mövzunu diqqətə çatdırır. Filmin xronometrajı 237 dəqiqədir, hətta film kəsilməmişdən qabaq 6 saat uzunluğundaymış. Xronometrajının uzunluğuna baxmayaraq yorucu deyil, içində hərəkətlilik, sevgi, Uzaq Şərq estetikası və erotikası kimi mövzulara yer verir. Çoxyünlü komediya, dram və sevgi janrlarını özündə birləşdirib. Həmçinin filmin əvvəlindən sonuna Katolikliyə tənqidi yanaşdığını görmək mümkündür. Din adamının cinsi istəklərinə görə keşişlikdən istefa verməyi, Yu öz Mariyasını (Bakirə Məryəm) axtararkən onu alt paltarının təhrikediciliyinə görə diqqət verməyi, “0 kilsəsi” və beyini yuyulan insanlar. “Love Exposure”nin animasiyanı xatırladan tərəfi də var. Animasiya filmlərinin çəkilişləri çətin olan filmlərin animasiya olaraq ekranlaşdırıldığını düşünmək olar. “Love Exposure” də məhz bu cür estetik çətinliyin öhdəsindən gəlir, filmin böyük bir əzmlə çəkilib başa çatdırılmağı Shion Sononun rejissorluq keyfiyyətlətinin yüksək olduğunun göstəricisidir. Filmdə Yunun nifrəti isə Mariya ilə birliyinə mane olan “0 kilsə”sinədir.


Cold Fish (2010)


Trilogiyanın ikinci filmi “Cold Fish” gerçək hadisələrdən götürülüb. Nifrətin ikinci hissəsi olan bu filmdə yenə xoşniyyətli və sevgi dolu bir adam qarşımıza çıxır. İkinci arvadı və gənc qızı ilə yaşayan, xudmani və kiçik bir akvarium mağazasının sahibi Nobuyuki balıq kimi sakit və həlim personajdır. Hər şey öz qaydasında olduğu kimi görünsə də Nobuyukinin sosiopat qızı marketdən oğurluq etdiyi zaman tutulur və onların durğun həyatı bir anda istiqamət dəyişdirir. Bu xoşagəlməz hadisə nəticəsində Nobuyuki və ailəsi böyük bir akvarium şirkətinə sahib olan Murata ilə tanış olur. Bir müddət sonra Murata ailəyə hökm etməyə başlayır və burada da ən vacib məsələ puldur.


Qan, dilimlənmiş insanlar və erotika ilə harmoniya təşkil edən filmin atmosferində sədaqətsizlik və qəddarlıq ön plandadır. Nobuyukinin də Muratanın cinayətlərinə şahid olmağı onun dəyişilməyini gecikdirmir. Beləcə Nobuyukini də ağuşuna olan hadisələr silsiləsindəki vəhşilik və şiddət tamaşaçıya şok anlar yaşadır. Tərk edilmiş evdə insanların dilim-dilim doğranılmağı cinayəti necə ört basdır eləmək olar mövzusunda tamaşaçıya master keçir. Filmin əsas mövzusu isə deyildiyi kimi real həyat hadisələrinə əsaslanır. Mövzu 90-cı illərdə arvadı Kazama ilə birlikdə öldürdüyü insanlarrın cəsədlərini məhv edən Gen Sekinenin həyatından götürülüb. Həyatını məhv olan, arvadı və qızı əlindən alınan Nobuyukinin nifrəti Muratayadır.


Guilty of Romance (2011)


Trilogiyanın qaranlıq mövzuya malik son filmi, 1997-ci ildə baş verən Yasuko Watanabe cinayətindən təsirlənərək entə alınıb. Elə ilk səhnədən insanın nəfəsini kəsən cinayət səhnəsi filmin sərt üzünü göstərir. Polis maşınları qaranlıq və tərk edilmiş bir binanın qarşısında dayanıb. Bəllidi ki, buna səbəb cinayətdir. Növbəti səhnədə qan donduran cəsədlərə şahid oluruq. Cəsədlər manikenlərə bağlanılıb, yəni mankenin yarısına cəsədin yarısı bitişdirilib. Filmin növbəti hissələrində mövzu istiqamət dəyişdirir. Erotik səhnələrin artmağı, mövzuya fərqli nüansların daxil olmağı filmin marağını artırır.


Filmin hər səhnəsi demək olar klassik musiqinin fonunda cərəyan edir. Giriş səhnəsindəki yarı ölü, yar maniken cəsədlərin olduğu boş bina filmin əsas personajı Mitsuko tərəfindən Kafkanın “Qəsr”inə bənzədilir. Rejissor bu filmdə qadınları seks köləsi və qulluqçu kimi görən kişilərə tənqidi aspektdən yanaşıb. Ev qadını da olsan, universitetdə müəllim olsan da kişilərin əksəriyyətinin qadına yanaşma tərzi seksual istəkləri ehtiva edir. Filmdə İzuminin nifrəti onun qadınlığını unutduran bütün hadisələr silsiləsinədir.

0 Şərh:

Yorum Gönder