"The Lobster" yunan rejissor Yorgos
Lanthimosun Yunanıstandan kənarda ekran həyatı verdiyi ilk filmidir. Rejissor
filmdə Hollywood ulduzlarını bir yerə yığıb, tamaşaçıya distopik bir dünyanın
qapılarını açaraq modern dünyanın ictimai qaydalarına qarşı ironik təhkiyə
üsulu ilə kəskin etirazını bildirib. Lanthimos filmin ssenarisini də özü
yazıb və arzuladığı dünya modelini, müasir
dünyanın axmaq evlilik qaydalarını var gücü ilə kəskin tənqid edib. Colin
Farrell, Rachel Weisz, Ben Whishaw, Jessica Barden, Olivia Colman, Ashley
Jensen, Ariane Labad kimi güclü aktyor heyətiylə diqqətləri üzərinə çəkən filmin
hamımıza izah edəcəyi bir mövzusu var: Dünyanın "monoton" insan yaratma cəhdinə
ironik şəkildə etiraz etmək! Qeyd edək ki, rejissor daha əvvəl eyni məntiqə əsaslanan
"Doogtooth" və "Alps" filmlərini də çəkib.
Filmin süjeti həm distopik,
həm təhkiyəvi, həm də sürrealist quruluşdadır. Yalnızlığın qeyri-qanuni, cinayət
olduğu bir dünyada insanlar özlərinə uyğun bir yoldaş seçmək üçün qorxunc bir
otelə yerləşdirilirlər və bununla da filmin macərası başlayır. Filmin qəhrəmanı
David də subay qaldığı üçün özünə uyğun yoldaş tapmaq arzusuyla itə çevrilən
böyük qardaşı ilə bir otelə gəlir. Otelin içində isə cəmiyyətin hansı hala gəldiyinə
şahidlik edir. 45 gün verilən vaxt ərzində insanlar əgər öz
partnyorlarını tapa bilməsələr özlərinin seçdikləri bir heyvana çevrilirlər. Həmçinin
bu oteldə qalanlar müəyyən fasilələrlə əllərində keyləşdirici silahlarla meşəyə
aparılır və burada "subay insan" ovlayırlar. Nə qədər çox "subay
insan" ovlayıb gətirsələr oteldə qalma müddətinə bir gün əlavə olunur.
Davidin heyvana çevrilməmək üçün yalanla özünə seçdiyi qadınla yaşadığı macəra
və yalanı ortaya çıxdıqdan sonra oteldən qaçaraq subay insanlara qoşulduğu səhnələr
ironik təhkiyənin kulminasiya nöqtəsidir. Meşədə bir qadınla tanış olan Davidin
əsl hekayəsi isə yalnızlığı seçməsiylə başlayır.
Yorgos Lanthimos rejissor kürsüsündə əyləşdiyi və ssenarisini yazdığı "The Lobster"də
qəlibləşmiş dünyanın axmaqlıqlarını çox sərt bir şəkildə tənqid edib.
Məsələn, oteldə özünə uyğun partnyor seçən fərdlər əgər aralarında bir problem yaşasalar
dərhal o cütlüyə bir uşaq verilir. Uşağın cütlüklər arasındakı problemləri həll etdiyi məntiqini izləyicisinə təqdim edən rejissor, başqa bir səhnədə isə "İnsanlar niyə evlənməlidir?" sualının cavabını axtarıb. Eyni şəkildə qayda-qanunlara etiraz edərək meşəlikdə
subay yaşamağı seçənləri də tənqid edən yunan rejissor, burada da yalnızlığı həyat
fəlsəfəsinə çevirənlərə kəskin etirazını bildirib. Subaylar heç vaxt bir
başqasıyla rəqs etməməlidir. Subay insanlar heç vaxt öpüşməməli, sekslə məşğul
olmamalıdırlar. Yalnız evlilər hər zaman birlikdə yaşamalı, eyni yastığa baş qoymalıdırlar.
Evlilər birlikdə rəqs etməli, birlikdə yemək yeməli, birlikdə mahnı oxumalı,
birlikdə gəzməlidirlər... Bu uzandıqca uzanan qaydalar filmdə qara yumoru doğuran
ən böyük faktorlardır.
Lanthimos cəmiyyəti tənqid edərkən
elə təsirli səhnələr çəkib ki, insan öz halına acıyaraq ekranda baş verən hadisələrə
yüksək səslə gülə bilir. Təbii ki, tamaşaçının bunları yaşamasında David
rolunda Colin Farrellin möhtəşəm aktyorluğu da öz sözünü deyib. Rachel Weisz isə
"Short sighted Woman" obrazında meşə səhnələri ilə (əslində içində
yaşadığımız dünyaya lağ edilən səhnələr) filmə öz damğasını vurmağı bacarıb.
Son olaraq Yorgos
Lanthimosun distopik dünyasına daxil olarkən bütün bildiyiniz qəlibləşmiş
qaydaları kinonun qapısı arxasında qoyun. Filmi izləyərkən bu dünyanın sizi
saxta qaydalarla sıxışdırıb yaşamağa məcbur etdiyini çox aydın şəkildə
anlayacaqsınız. Evlisinizsə hazırda içində olduğunuz məcburedici qaydaları;
subaysınızsa niyə inadkarlıqla yalnızlığa doğru getdiyinizi
aydınlaşdıracaqsınız. Son səhnədə isə sevginin göylərə qaldırılması "The
Lobster"in əsas mesajıdır.
Film 2015 Avropa Film Mükafatlarında 2 nominasiyada
qalib olub. Ən Yaxşı Ssenari və Ən Yaxşı Kostyum Dizaynı.
0 Şərh:
Yorum Gönder