Rejissor kürsüsündə
polyak rejsssor Pawel Pawlikowskinin əyləşdiyi “İda” filmi 2013-cü ildən
2015-ci ilədək olan festivalların bir çoxunda əsas mükafatları qazana bilib.
Buna səbəb kimi filmin yəhudi soyqırımına minimalist baxış tərzini göstərmək olar.
Filmin əsas rollarında isə 2 qadın Agata Trzebuchowska və Agata Kulesza rol
alıb.
Deyildiyi kimi filmin mərkəzində 2 qadın var. Anna və onun xalası Wanda.
Anna monastrda rahibədir, doğrusu rahibəliyə namizəddir. Monastrdan xaric həyat
haqda da çox şeyi bilən biri deyil. Bir gün xalası olduğunu öyrənir və baş
rahibənin icazəsi ilə onu görməyə gedir. Bu görüş əsnasında onun kim olduğu,
ailəsinin niyə olmadığı haqda gerçəkləri öyrənir. Adının Anna yox İda olduğunu
da xalası ona deyir. İdanın ailəsi yəhudi soyqırımında öldürülüb. Lakin necə və
kim tərəfindən öldürüldükləri bilinmir. Hekayənin mərkəzi mövzusu elə budur.
İda və onun xalası film boyunca gəzərək, araşdıraraq İdanın ailəsinin başına nələr
gəldiyini tapmağa çalışırlar. Bu hadisələr silsiləsinin bərabərində isə İdanın
çöl həyata açılmağı və öyrəşməyi, xalası Wandanı tanımağa çalışmağı və ən əsası
onun özü ilə mübarizəsini izləyirik. İdanın dəyişməyi, monsatrdan uzaqlaşmağı
mövzu sarıdan klişe olsa da film tamaşaçıya fərqli təcrübə yaşatmağı bacarır. Ümumiyyətlə
filmin klişe mövzunu nəql etməyini digər filmlərdən fərqləndirən ən əsas
xüsusiyyəti minimalist bir üslubda olmağıdır.
İnanc qavrayışının ön plana çıxdığı film, həmçinin insan təbiətinin yeri gəldiyində
hər rola bürünə biləcəyini dini bir tema ilə açıqlığa qovuşduraraq tamaşaçını təsirləndirməyi
bacarır. İda özünü tapmaq və ailəsi haqda gerçəkləri öyrənmə yolunda düşdüyü
ikili vəziyyət və bu ikiləşmənin nəticələri filmin əsas nöqtələrindəndir. Rahibə
olmaq üçün öz həyatını fəda etməyə çalışan İdanın bu qərardan əvvəl tanış olduğu
virtuoz saksafonçu ilə olan münasibəti onun həyatında yeni bir cığır açır. İdanın
monastrdan çıxıb qarlı cığırda yeriməyi də bu mənada İdanın özünün açacağı həyat
cığırının metaforasıdır. İdanın əksinə olaraq onun xalası üzləşdiyi həqiqət
qarşısında özünü içkiyə verir.
İda və Wanda həmçinin əks personajlardır. İda filmin əvvəlindən rahibə olmağa
hazırlaşan həlim bir qız kimi qarşımıza çıxır. Lakin Wandanın azad qadın
portreti İdanın tabularının qırılmağında xüsusi rol oynayır. Monastrdan xaricdə
fərqli bir həyatın varlığını kəşf edən İda özünü tapmaq yolunda Wandadan bir
çox şey öyrənir, hətta öz maraqlarının ardınca gedir. Filmdə Wandanın intihar səhnəsi
də təsiredicidir. Qorxuducu və soyuqqanlı bir intihar. Otaqda dolanan Wanda əvvəlcə
tamaşaçıya saxta gediş edir, onun üşüdüyünü fikirləşirik... və bir anda pəncərədən
tullanır, otaq boşalır.
Film nə möhtəşəm bir son ilə bitir, nə də içində insanı şok edəcək ünsürlər
var. Wandanın intiharı da sanki gözlənilən idi. Mövzu etibarı ilə klişe olsa da
filmin təhkiyə üslubu yenidir. Həmçinin film İdanın xarakteri kimi həlim və
sakit bir tərzdə, boşluqla dolu görüntülərin fonunda cərəyan edir. Nə sürətli
tempi var, nə də qışqırıq, üsyan. Film sakit bir şəkildə axıb gedir, həyat
kimi.
0 Şərh:
Yorum Gönder