Ukraynalı rejissor Miroslav Slaboshpitskynin 2014-cü ildə lentə aldığı “The Tribe” ilin ən çox səs gətirən filmlərindən birinə çevrildi. İlk uzunmetrajlı filmi olmağına baxmayaraq rejissorun bu filmdə olduqca cəsur addım atdığını görmək mümkündür. Sözsüz lakin səsli film olan “The Tribe” Kann festivalından 3 mükafat qazana bilmişdi.
Filmdə hadisələr doğuşdan lal və kar uşaqların xüsusi
təhsil aldığı bir məktəbdə cərəyan edir. Əslində filmin adı müəyyən mənada bir
çox şeyi izah edir. Rejissor məktəbi qəbilə ilə eyniləşdirərək insanlığın ibtidai
istəklərini göz önünə gətirir. Elə personajların lal və
kar olmağı və əl hərəkətləri ilə bir-biri ilə ünsiyyət qurmağı bu ibtidailiyin
bir təsviridir. Onlar ətrafı mühiti hiss etmir, lal dilindən istifadə etsə belə
heç bir zaman qarşısındakı insanlarla anlaşa bilməyən fərdlərdir. Filmin atmosferində
gərginliyin hökm etməyinin səbəbi adını bilmədiyimiz personajların (adsız
olmaqlarının özü də ibtidai həyata dair bir işarədir) bir-biri ilə daima
konfliktdə olmağıdır. Göstərilən personajlar daim bir-birinin etdiyindən
narazıdır. Əgər onları razı salan məsələ varsa, bir müddət sonra baş verən hadisələr,
sözü gedən razılığın və zövqün önündə əngəl yaradır. Cəmiyyətin unutduğu bu qəbilə
eyni zamanda daxilən fərqli quruluşa malikdir.
Bir-birlərini başa düşməyən və daimi bir konfliktin
içində olan bu gənclər birincillik
qavrayışına xidmət edirlər. Film boyunca filmin quruluşuna hakim olan cinsəllik,
zorakılıq, aclıq kimi birincil ehtiyaclar rejissorun cızdığı tablonun əsas
ünsürləridir. Qrup daxilində cinsi gərginliyin çox uzun çəkməməyi və münaqişəyə
səbəb olmağı, iki gənc qızın kamaz sürücülərinə və məktəblə bağlı olan digər şəxslərə
istismar edilməyi, hətta qızların bu istismardan narahatlıq keçirməməyi ibtidai
quruluşa və qəbiləyə işarə edir. Zorakılıq ünsürü filmin əsas mövzusu ikən pul
aclığı, yemək aclığı və başqaları, sanki milyon il əvvəl ov cəmiyyətinin
ritualları imiş kimi rejissor tərəfindən təsvir edilir. Onu da demək olar ki, filmin
işarə etdiyi qəbilə müasir dövrdən, müasir insandan fərqlənmir.
Bütün bu birincilliyin ortasında, filmin əvvəlindən tamaşaçını arxası ilə aparan personaj rejissorun bilinməyən səbəblərdən onu
filmin mərkəzindən uzaqlaşdırmağı ilə tamaşaçı da bir növ boşluğa düşür. Beləliklə, zorakı ünsürlərlə dolu tabloda
tamaşaçının tutunmağa qolu qalmır. Filmin əvvəlində göstərilən və uzun müddət
filmin mərkəzindən uzaqlaşdırılan personaj yenidən özünü göstərdiyində
tamaşaçıda ümid işığı oyatsa da əksi baş verir. O, yenidən göstərildiyində onun
da artıq bulanıq cəmiyyətin bir üzvü olduğunu anlayırıq. Eqoizmin insanın zehni
anlayışını məğlub etdiyini görürük və bu məğlubiyyətin müşaiəti ilə rejissor
ekranı qaraldır.
0 Şərh:
Yorum Gönder