Neo-Nasist dram filmi “American
History X”, abort mövzusuna 2 fərqli cəbhədən yanaşan “Lake of Fire” sənədli
filmi və “Black Water Transit” filmi ilə xatırlanan rejissor Tony Kayenin son
işi “Detachment” filmidir. Filmdə Adrien Brody, Christina Hendricks, Lucy Lui,
Marcia Gay Harden və James Caan kimi məşhur isimlərlə yanaşı, rejissorun qızı
Betty Kaye və Sam Gayle kimi gənc aktrisalar da çəkilib. Tony Kayenin bu cür
heyətə malik təsirli filmi Brodynin canlandırdığı əvəzedici müəllim Henry
Bearthesin məktəbdə şagirdlər və digər müəllimlərlə yaratdığı mənəvi bağı mövzu
edir. Həmçinin film Henrynin keçmişi ilə üzləşməyinə səbəb olan qocalar evində
yaşayan babası və küçədə tanış olduğu fahişə Erica ilə münasibətlərini diqqətə
çatdırır. Bir yandan Henrynin öz varolma problemlərini göstərən film, digər
yandan təhsil sistemini ciddi şəkildə tənqid edir.
![]() |
Adrien Brody & Tony Kaye |
Film Kamyunun “Həyatımda heç bu qədər özümdən qopmuş və
eyni zamanda özümdə hiss etməmişdim” cümləsi ilə açılır və davamında müəllimlərin
niyə müəllimlik etdiyinə dair qısa reportajları təqdim olunur. Brodynin həyat
verdiyi Henry personajının da bu reportaja qatılmağı “qırılma”nın müəllimlər, şagirdlər
və məktəb çərçivəsində necə baş verdiyinə dair hekayəsi filmdə təhkiyə edilməyə
başlayır. Henry tənha biridir, onu keçmişinə bağlayan babası, gündəlikləri və
anasının xatırladıqlarıdır. Gündüzlər müəllimlik etdiyi məktəbdə, gecələr isə
küçələrdə öz varlığını sorğuya çəkir. Filmdəki digər personajlar kimi dərin və
ağrılı xatirələrinin və indiki həyatının içində həbs olub. Məktəbdə Meredith
adlı şagird ilə, küçədə isə Erica adlı fahişə ilə yaxın və mənəvi bağ qurur. Henrydən
başqa məktəbdə digər müəllimlər məktəb və təhsil sisteminin yaratdığı boşluqda
şagirdlər ilə birlikdə itkin düşmüş, gənclərlə birlikdə nə edəcəklərinə dair
fikirləri yoxdur. Müəllimlər şagirdlərə həqiqəti deyərkən öz həyatlarının əzabları
da ortaya çıxır və bulanıq sistemdən çıxış yolu axtararkən öz əzablarının
arasında ilişib qalırlar. Bütün bunların içində film təhsil sisteminin səbəb
olduğu gənclərin depressiv və böhranlı vəziyyəti ilə yanaşı müəllimlərin də
depressiyasını diqqətə çatdırır. Filmin digər tərəfi də Henrynin həyatına
kilidləndiyimizdə meydana çıxır. Belə ki, Henry üçün babasının ölümü gözləməyi
ilə anasının xatirələri birləşir. Uşaqlığını xatırlayır və anasının ən pis
xatirəsinin verdiyi ağrını yenidən hiss edir. Digər yandan da Erica və Meredith
ilə qurduğu mənəvi yaxınlıq ona ağırlıq edir. Erica və Meredith filmdə gənclərin
təmsil olunduğu personajlardır. Ümidsiz iki gənc qız sistemdən qaçış yolu
axtarmağa çalışırlar. Xüsusilə, Meredith obrazı film boyunca şəkil çəkərək insanların
həyatından qopardığı anlarla onlar haqqında hiss etdiklərini birləşdirdiyi
kollajlar yaradır. Bu da onun axtarışlarının nəticəsi kimi göstərilə bilər.
Kaye filmi adı kimi depressiv, ağır və əzabla dolu bir
atmosferlə tamaşaçıya təqdim edir, təhkiyəsindəki xaotiklik “qırılma”nı hiss
etdirə bilir. “The Pianist” filmi ilə Oscar qazanan Brodynin prodüsser kimi dəstəklədiyi
filmə və həm də yaratdığı personaja nə qədər etibar etdiyi filmin məxsusi tərəflərindən
biridir. Həmçinin filmdə Lucy Luinin canlandırdığı obrazın şagirdə atdığı şillə,
James Caanın həyat verdiyi Mr. Seaboldt personajının ona söyən tələbənin
söyüşünü poetik hesab edərək təkrar etməyi və filmin görünməz müəllimi Tim
Nelsonun obrazı Mr. Wiattın Henry tərəfindən görüldüyü zaman verdiyi reaksiya
filmin güclü tərəflərindəndir.
Həm rejissorluğunu, həm də operatorluğunu Tony Kayenin
etdiyi filmin ssenarisi Carl Lunda məxsusdur. Film açılış səhnəsindən sonuna
kimi animasiyaya xas planları, köhnəldilmiş görüntüləri, əvvəldə gerçək müəllimlərdən
alınan ağ-qara sənədli film reportajları, Kamyu və Ponun əsərlərindən sitatlarla
fərqli bir təhkiyə üsulunu ehtiva edir. Kayenin seçdiyi bu qarışıq lakin təsiredici
təhkiyə üsulu hekayənin sentimentallığını və dərinliyini artırır və artırmaqla
yanaşı qırılma-qopma psixologiyasını da hiss etdirə bilir.
0 Şərh:
Yorum Gönder