12 Aralık 2015

"Possession" - Andrzej Zulawski (1981)



Dünyaca məşhur avropalı rejissorların lentə aldıqları ekran işləri mürəkkəb və sənət baxımından ağır filmlər sayılır. Andrzej Zulawski də şübhəsiz bu rejissorlardan biridir. Xüsusilə, 1970-80-ci illərdə çəkdiyi filmlərlə Avropada diqqətləri cəlb etməyi bacarmışdı. Şərq Blokunun totalitar illərində filmləri öz ölkəsi olan Polşada qadağan olunmuşdu. Hətta bəzi filmləri Şərq blokunun ölkələri ilə yanaşı İngiltərə kimi azadlıq anlayışı ilə öyünən ölkələrdə də senzuraya məruz qalır ya da video nasty anlayışı ilə “səbətdə qalır”. Lakin Zulawski bu cür münasibətlərə fikir vermir və yenə də dünya kinosu üçün bir çox vacib filmlər çəkir. “Diabel” (The Devil/1972), “La Femme Publique” (Public Woman/1984), “Na Srebrnym Globie” (On The Silver Globe/1987), “Szamanka” (1996), “Le Fidelite” (Fidelity/2000) Zulawskinin çəkdiyi filmlərdən bəziləridir.

Rejissor quruluşca elmi-fantastik janrda olan “On The Silver Globe” filmindən başqa, ümumilikdə bütün filmlərində qadın-kişi münasibətlərindəki şiddəti, yıxıcılığı və naturasını göz önünə gətirir. Bunun üçün o simvolik təhkiyədən istifadə edir. Bəzən də istifadə etdiyi motivlər sürrealist üslubu uyğun gəlir. Zulawskinin istifadə etdiyi qorxu elementləri elə bir tərzdə tamaşaçının qarşısına çıxır ki, bu hər rejissorun bacara biləcəyi bir şey deyil. Vaxt keçdikcə kult filmlər mərtəbəsinə ucalan “Possession” (1981) da, rejissorun bütün məziyyətlərini ortaya qoyan bu cür filmlərindən biridir.


Film, uzun müddətdir ki, evli olan Anna və Marc cütlüyünün həyatlarındakı bir dövrə kilidlənir. Marc, gizli saxlanılan rəsmi bir işi bitirib uzaq olduğu Qərbi Berlindəki evinə qayıdır, ancaq arvadı Annanın onu tərk etməkdə olduğunu öyrənir. Anna, başqa bir kişi ilə əlaqəsi olduğunu, bir müddətdir ki Heinrich ilə eşq yaşadığını etiraf edir. Bu əsnada Anna, eşqinin əsiri olmuş bir qadın portreti cızır, günlərlə evə gəlmir, oğlu Bobu belə vecinə almır, zəngli saat kimi ən şiddətli konflikti belə yarımçıq kəsib sevgilisinin yanına qaçır. Ancaq çox keçmədən Annanın sevgilisi Heinrichi də tərk etdiyi ortaya çıxır. Marc arvadını izlətdirmək üçün dedektiv tutdurur və beləcə həqiqət su üzünə çıxır. Bir neçə qaranlıq, qəribə, isterik, qeyri-real (ya da sürreal) hadisələr silsiləsi baş verir, Anna bu qaranlıq hadisələr silsiləsinə Marc və Heinrichi də daxil edir.


Qərbi Berlinin boş küçələrində, əyyaşlar məkanı olan metroda, uçuq-sökük və köhnə binalarda, bir ölkəni iki yerə bölən Berlin Divarının kölgəsində, bir cütlüyün və cütlüyün həyatına daxil olan sevgilinin, insani keyfiyyətlərin və ya normallığın sərhədlərini aşaraq isterik və qəribə şəkildə dəyişikliyinə şahid oluruq. Filmin qəhrəmanlarının üçü də qorxur. Üstəlik qorxuları o qədər qüvvətlidir ki, bir müddət sonra personajlar özü deyil, onların qorxuları mübarizəyə başlayır. Lakin “Possession” qorxuducu olmaqdan çox narahatedici filmdir. Bu üçlük arasında şiddətin dozasının yüksəkliyinin adiliyi, hətta müqəddəsləşdirilməyi, insanın qaranlıq siması, küçələr, tənhalıqlar və bütün o bir-birinə bənzəyən insanlar, bir otaqda yavaş-yavaş və bir qadının ehtirası ilə bəslənərək canlanmaqda olan bir məxluqatdan daha qorxuludur.

Filmdə İsabelle Adjaninin isterik qışqırıqları, metrodakı dəhşətli kriz anı, yataqda Adjaninin üstündə uzanan məxluq və onun məxluqla sevişdiyi vaxt şəhvət dolu iniltiləri; bütün bu motivlər filmi adi qorxu filmi olmaqdan uzaqlaşdırır. Film “body horror”a, hətta simvolzimlə hörülmüş bir drama çevrilir. Bu mənada məxluqatlı bir filmdən gözlənilməyəcək qədər yavaş və az qanlı olmağı “Possession”un xüsusi məziyyətidir.


Filmdən bəhs edərkən xüsusi diqqət verilməyi lazım olan iki məsələ var. Bunlardan birincisi filmin atmosferi və sinematikliyidir. Filmin atmosferi və sinematikliyi olduqca uğurludur, Şərqi Avropa kinematoqrafiyasının bütün yetkinliyinə sahibdir. Kadrajlardakı minimalizm və davamlı hərəkət edən kamera, bölünmüş bir ölkənin adi boğucu atmosferi ilə birləşdiyində məhtəşəm bir film havası yaradır. İkinci məsələ də aktyorların, xüsusi ilə də İsabelle Adjaninin qeyri-adi bacarığıdır. Film tarixində metrodakı isterik kriz anı kimi narahatedici çox az səhnə var. Adjanı bu filmdəki rolu ilə 1981-ci i Kann film festivalında “Ən Yaxşı Aktrisa” mükafatını və həmçinin “Ən Yaxşı Aktrisa” Cesarını qazanıb.


0 Şərh:

Yorum Gönder