4 Aralık 2015

"Antichrist" - Lars von Trier (2009)



Antichrist filmi Lars von Trierin ən sərt filmlərindən biri kimi qiymətləndirilir. 2009-cu ildə Kann Film Festivalında təqdim olunduğunda bu film tamaşaçıların bir qismi tərəfindən protest edilmişdi. Bir qisim tənqidçilər Trieri qadın düşməni kimi ittiham etmiş, filmin fəlsəfi mesajlarla dolu yönünə qiymət verən bir qisim intellektual isə filmi şahəsər elan etmişdi. Rejissorun qadın düşməni olduğunu irəli ürən tənqidçilər filmdə Dəccalın qadın olduğunu demişdilər, lakin belə bir yanılma var ki, bu film Nitşenin “Dəccal” kitabından təsirlənərək lentə alınıb və Nitşe fəlsəfəsində Dəccal vacib anlayışdır.

 Lars von Trier
Giriş

Film, alman bəstəkar George Frideric Handelin məşhur “Lascia ch`io pianga” (İcazə ver ağlayım) ariasının müşayəti ilə bir cütlüyün sevişdiyi səhnə ilə açılır. Cütlük sevişdikləri əsnada ailənin yeriməyə yeni başlayan kiçik uşağı pəncərədən özünü aşağı tullayır. Film rejissorun “The İdiots” və “Antichrist”dən sonra çəkdiyi “Melancholia” ilə bitirdiyi tematik trilogiyanın ikinci filmidir. Hər 3 filmdə də rejissor tamaşaçıdan sadə bir sual soruşur: Modern insan ölüm qarşısında nə etməlidir? “The İdiots” filmində ölüm qarşısında modern insan özünü dəli kimi aparır. “Melancholia”da isə modern insan  qiyamətin çatdığı anda burjua ailəsindən uzaqlaşaraq intihar edir. Filmin əsas personajlarından biri olan Claire nə edəcəyini bilmir və filmin melanxolik personajı Justine ölüm qarşısında nə etmək lazım olduğunu bilən tək obrazdır (Markez de Sadın “Justine” adlı bir romanı var və romanda dindar qız başına gələn ən əxlaqsız və dözülməz hadisələr qarşısında səbirlə dözüb tanrıya şükür etməyi mövzu edilir). Film modern insanın əxlaq anlayışını ciddi şəkildə tənqid edir. Bəs yaxşı tematik trilogiyanın ikinci filmi olan “Antichrist”də uşağı ölən ailə nə edəcək?


Uşaq tullanmazdan əvvəl stolun üstünə çıxanda stolda 3 dənə trinket görünür. Uşaq əli ilə yerə atdığı bu trinketlərin üstünə “grief/ istirab”, “pain/ ağrı” və “despair/ümidsizlik” yazılıb. Əsgərlərə oxşayan və əllərini dua edirmiş kimi yuxarı qaldıran bu trinketlər filmin hissələrinə verilmiş adları vurğulayır və film boyunca 3 dilənçi olaraq qarşımıza çıxır.


Antichrist xristianlığın tənqidin yönündə filmdir. Xüsusilə vuğulamaq lazımdır ki, filmdəki qadın obrazı xristianlığı təmsil edir. Qadın antologiyası Nitşeyə görə xristianlığın antologiyası ilə eynidir. Filmdə qadının istiqaməti açıqdı lakin kişinin mövqeyi olduqca qarışıqdır. Bəzi tənqidçilərə görə kişi ”ruhani” olaraq  dəyərləndirilsə də, əslində kişi modern insanı təmsil edir. Yəni xristianlığın davamını, kölə əxlaqını...


İstirab

Filmin istirab hissəsində qadının bu travmadan çıxa bilmədiyi və müalicə dövrü diqqətə çatdırılır. Psixoterapevt olan kişi arvadının müalicəsini öz üzərinə götürür və qadının əvvəl qaldığı meşə içindəki bir evə aparır. Meşənin adının “Eden” olmağı rejissorun ironiyasıdır. Rejissorun ironiyasını: “Sizin cənnət hesab etdiyiniz dünya əslində qəddar və xaotik bir yerdir” şəklində izah etmək mümkündür. Lakin istirab adlanan ilk hissədə əsas mövzu qadının davamlı olaraq uşağın ölümündən özünü günahkar bilməyidir. Film boyunca kişinin heç vaxt öyrənə bilməyəcəyi həqiqəti tamaşaçı filmin sonuna yaxın bir flashbacklə görür: Qadının uşağı yıxılan zaman görməyi və onu xilas etmək əvəzinə sevişməyi seçməyi. Filmdə qadının, xüsusən xristianlığın, ümumən insanın içinə düşdüyü istirabın əsas qaynağı budur. Rejissor həzz ilə günah arasında sıxılıb qalan insanın istirabını diqqətə çatdırır. Kişinin davranışı isə təkəbbürlü və qürurludur. Hər imkan düşdükcə qadına kişinin çox ağıllı, qürurlu olduğunu dedirdən rejissor kişinin mövqeyi haqda məlumatlar verməyə başlayır. Gücünü itirən və yenidən qazana bilməyən qadın sadəcə özünü deyil əvvəlcə ərini sonra da uşağını günahlandırır. Filmin sonunda isə bütün təbiəti günahlandıran qadın, ən sonda isə öz cinsiyyətini günahlandırır.


Edənə gedərkən, kişi qatarda ilk terapiyanı tətbiq etməyə başlayır. Qadının təbiət ilə bütünləşməyini istəyən kişi qadını zehnində təbiət ilə bütünləşdirməyi bacarır. Lakin həqiqət həm kişi, həm də qadın üçün başqadır. Zehində gerçəkləşənin əksinə həqiqət tam fərqlidir, onun illuziyasıdır. Hər hissənin sonunda bir dilənçi ilə qarşılaşan kişi, 3 dilənçidən birinci ceyran ilə rastlaşır. Ceyran Tanrını xarakterizə edir və onun bətnindən çıxan döl isə insanlığın təsviridir. Hissənin sonunda isə rejissor daha bir problemi qabardır. Ölüm qarşısında modern insanın nə edəcəyi sualından, günahkar olduğu bir ölüm qarşısında-üstəlik öz həzzi üçün/üstəlik ən yaxını üçün-nə edəcəyini soruşur, həm də Tanrının qəddar olduğu bu kainatda.


Ağrı

Təbiətin qəddarlığı və əsas güc mənbəyinin başlanğıcı olduğu, ağacdan düşən ölü bir quş balasının yırtıcı bir quş tərəfindən parçalanmağı səhnəsi ilə diqqətə çatdırırlır. Üstəlik zehində gerçəkləşən qadın-təbiət bütünləşməsi Edenə çatanda gerçəkləşmir. Bu hissədə qadın möcüzəvi şəkildə yaxşılaşır və sağaldığını deyir. Lakin tamaşaçının beynini məşğul edən bir aforizmi dilə gətirir: “Təbiət şeytanın kilsəsidir”. Filmdə Trier daha bir məsələni diqqətə gətirir. Onun “Antichrist”i Təbiət ilə Tanrının amansızca vuruşduğu bir məkanda mövcud olur yəni qadın cinsəlliyi üzərində. Təbiət şeytanın məbədi, qadın isə şeytanın bədənidir. Qadın cinsəlliyi xristianlıqda ilk günahdan bəri Şeytanın varolduğu yerdir, təbiətdir. Qadının sağalmağı isə böyük bir yalandır. Xəstə yaxşılaşmır, əksinə qisas taxtına oturur. Kölə öz çəkdiyi ağrılardan təkəbbürlənməyi öyrənmiş ziddiyətli bir məxluqdur və təkəbbür ağrını, ağrı təkəbbürü bəsləyir və işlər çıxılmaza girir. Hissənin sonunda ikinci dilənçi olan tülkü ortaya çıxır və “Xaos hökm edir” deyir. Kölənin ziddiyyətli xarakteri bir xaosa səbəb olur və ətrafındakı sağalma təmayüllü nə varsa hamısını məhv etməyə yönəlir.


Ümidsizlik

Hissənin əvvəlində kişi evin tavanını kəşf edir və qadının keçən yay tezisi üçün burada apardığı işləri və yazdıqlarını tapır. Qadın orta əsrlərdə qadın qətliamları haqda bir tezisi hazırlamış lakin kişi aravadının qeydlərindən bu qətliama qarşı çıxacağını gözləyərkən əksinə bu qətliamı dəstəklədiyini anlayır. Sonra qadından “dişinin təbiəti” haqda fikirlərini öyrənir. Qadın “Qadın öz bədənini idarə edə bilmir, təbiət idarə edir. İnsan təbiəti pis olduğu üçün qadınlar da pisdir” deyərək qadın qətliamını dəstəkləyir.


Final

Filmin ən çətin hissəsi isə son qismidir. Yəni üçüncü dilənçinin-qarğanın zühurundan sonra baş verən hadisələr silsiləsi. Artıq hər şey sona çatıb, qadın kişinin və öz cinsiyyətini cəzalandıraraq qisasını alır. Sonra kişi qadını öldürür və meşədən uzaqlaşır. Filmin diqqət çəkən yanlarından biri də buradır. Kişi arvadını öldürüb meşədən uzaqlaşarkən məzardan durmuş kimi görünən qadınlar kişinin ardınca gedir. Əgər kişini ağıl, düşüncə olaraq qəbul etsək, qadınları ehtirasları ölmüş modern insanlar olaraq başa düşmək mümkündür. Üstəlik üzləri də görünmür yeni insanların, güc qaynağını təbiətinin xaricindəki ağıla təslim etmiş bir kölə halındadır yeni insan.

Filmdə cavablandırmalı olduğumuz son sual Dəccalın kim olduğudur. Nitşe “Dəccal” kitabını yazdığında Dəccal adı ilə imzalamışdı. Burada Dəccal xristianlıq əxlaqını yerlə bir edən adamdır. Filmdə isə Dəccal Lars von Trierin özüdür.


0 Şərh:

Yorum Gönder