Laqeydliyin ən son həddi hara qədərdir? Yəqin ki öldürmək. Michael Haneke “Benny`s
Video” filmində bu məsələnin altından xətt çəkir. “Buzlaşma” trilogiyasının
ikinci filmi olan “Benny`s Video” trilogiyanın digər filmlərində olduğu kimi tənqid
mərkəzinə gedən yolda ailə konteksindən istifadə edir.
“Benny`s Video” Avropa cəmiyyətinin ən kiçik birliyi olan ailəyə - Avstriya
ailəsinə kilidlənir. Avropalı üst-orta sinfə aid bir ailə necə və nə qədər şiddətə
səbəb ola bilər? Haneke bu sualları verməklə yanaşı, bizə göstərdiyi Avropada sayı
çox olan şəhərli bir ailə tipidir. Bu ailənin üzvləri ana – Anna, ata – Georg və
məktəbli oğul – Bennydən ibarətdir. Anna və Georg yaxşı qazanclı işdə işləyirlər
və Bennynin də komfortlu həyatından şikayəti yoxdur. Həmçinin Benny ailəsindən
ayrı yaşayan bacısından öyrəndiyi “piramida oyunu” oynayır. Benny oyunun
qurucusu olaraq iki nəfər seçir. Həmin iki nəfər oyuna yeni daxil olanları
seçir və proseduru sıra ilə bu şəkildə tətbiq edirlər. Piramida bəlli bir
hesaba çatanda qurucu mövqeyindəki oyunçu alt sıralardakı oyunçulardan yığılan
pulu alıb oyundan çəkilir. Beləliklə, onun seçdiyi iki nəfər oyun qurucusu
mövqeyinə yüksəlir və bu cür qayda ilə oyun davam edir. “Piramida” qeyri-qanuni oyun sayılsa da, oyunun oynanma
tərzi də bir o qədər avropalıdır. Filmin əvvəllərində göstərilən temalardan
birinin “piramida” oyunu olmağı illeqal bir arzunun necə rasional bir tərzdə
reallaşdırıla biləcəyini göstərmək üçün bir addımdır.
Bennynin başqa bir hobbisi isə video kamerası ilə ətrafı çəkmək və bunu həm
izləmək, həm də başqalarına göstərməkdir. Qara pərdələrlə örtülmüş otağından
çölü belə bir video kamera və televizor vasitəsi ilə seyr edir. Otağına o qədər
bağlıdır ki, atası ondan tez-tez pəncərələri açıb otağını havalandırmağını istəyir.
Çünki Benny kamera görüntülərinə o qədər
özünü verir ki, pəncərələri açıb otağı havalandırmaq ağlına belə gəlmir. Gecələr
yataqda videoya baxır və ondan sonra yatır. Bir gün tez-tez video kasset kirayə
götürdüyü mağazanın vitrininə baxan bir qızla tanış olur və qızı öz evinə dəvət
edir. Bu əsnada ata və ana şəhərdən kənardakı kirayə götürdükləri bağa (təsərrüfat,
ferma) getdikləri üçün Benny həftə sonu evdə tək qalır. Həmçinin, bağ söhbəti
açılmışkən, film bir donuzun qəssab
silahı ilə öldürülməyini yavaş-yavaş göstərən kadrla açılır (buradakı qəssab
silahı Coen qardaşlarının lentə aldığı “No Country For Old Men” filmindəki
qatil Anton Chigurhun istifadə etdiyi silahın oxşarıdır). Daha sonra Benny həmin
görüntüləri qıza göstərərkən bu bağın ailənin kirayə götürdüyü bağ olduğunu başa
düşürük. Ailə həmin bağı həftə sonları istirahət etmək üçün istifadə edir.
Benny də bu bağda keçirdikləri bir gün donuzun həmin silahla öldürülmə anını
videoya çəkir. Əvvəllər əkinçilik və heyvandarlıq üçün istifadə olunan bağların
artıq burjuaziyanın şəhər həyatından qaçmaq və stres atmaq üçün istifadə etdiyi
bir məkan halında olduğu göstərilir. Film modernizmdən əvvəlki bir dövrə aid
bir bağın modern zamanda necə burjuaziya
tərəfindən mənimsənildiyini göz önünə gətirir. Bağı da yalnız donuzun öldürüdüyü video görüntülərdən izləmək
mükündür filmdə. Bennynin televizor izlədiyi vaxtlarda da, ekranda Avropada baş verən dəhşətli hadisələrin
görüntülərinin yer aldığı xəbər proqramları verilir. Bundan əlavə onun kirayə
götürdüyü video kassetlər şiddət və zorakılıqla “zəngin” filmlərdir.
Ailənin evi minimal və soyuq bir şəkildədir və evdə təklikdə qalan
uşaqların bir-birinə yaxınlıq quracağını düşünsək də bu belə olmur. Benny donuz
videosunda istifadə olunan silahı qıza verib onu vurmağını istəyir. Lakin qız
bu təklifi redd edincə Benny qızı qorxaq olduğu üçün günahlandırır və silahı
ondan alıb qızı qarnından vurur. Qız otağın bir tərəfindən digər tərəfinə çətinliklə
sürünür. Bu hissəni otağın həmin qismini çəkən video kameradan görürük. Ağrı
içində qıvrılaraq qışqıran qızı susdura
bilməyən Benny, ona bir dəfə də atəş açır. Qız hələ də ağrı içində qıvranır.
Benny üçüncü dəfə ona atəş açır və qız ölür. Bu cinayətdən sonra Benny soyuqqanlılıqla
ətrafı təmizləyir, qana bulaşmış paltarları yuyub, qurutmaq üçün sərir. Sonra
süd içmək üçün mətbəxə gedir, yerə tökdüyü südü də eyniylə qızın yerdən qanını
sildiyi kimi sakit bir şəkildə silir. Təmizlik və səliqəliliyi onun modern varlığının
daxili bir parçasına çevrilir. Nəyi təmizləməyindən əlavə necə təmizlədiyi daha
vacibdir. Bir tərəfdən cinayətin izlərini təmizləyən Benny, bir tərəfdən də
dostları ilə əylənmək kimi həftə sonu aktivliyini də yerinə yetirir. Nə də
olmasa həftə sonu əylənmək üçündür. Sonra bir bərbərə gedib saçlarını kəsdirib özünü “skinhead”ə oxşadır. Burada heç
şübhəsiz nasiszmə işarə edilir və Haneke “Avropa Nasist mentallığından qurtula
bildimi?” sualını da diqqətə gətirir.
Həftə sonu bitəndən sonra ana və ata evə qayıdır və Benny qısa müddətdən
sonra cəsədi valideyinlərinə göstərir. Ana təlaşa qapılsa da, anadan daha üstün
bir işdə işləyən və streslə profossional tərzdə mübarizə etməyi bacaran ata
ananı tez bir şəkildə susdurub sakitləşdirir. Çünki Avropa həyatı hər zaman hər
yerdə professional olmağı tələb edir. Həmin dəqiqə məntiqli analiz aparılır:
Bennynin tutulmağı həm onlar, həm də Benny üçün yaxşı olmayacaq. Benny cinayətdən
dolayı ən yaxşı halda psixi xəstəxanaya salınacaq, oğullarını evdə tək qoyan ailə isə yenə qanuni problemlərlə qarşılaşacaq. Burada təşkilatlanmış qanuni
qurum ailənin əleyhinə işləyəcək və nəticədə ailə qanuni qurumun “islah”
yönündən uzaqlaşmağa və cinayəti gizlətməyə qərar verir.
Ana və ata arasında cəsədi necə gizlətmələri barəsində mübahisə baş verir. Cəsədi
borulardan keçə biləcək qədər kiçik parçalara necə bölə biləcəkləri barədə
fikir mübadiləsi aparırlar. Georgun Benny ilə danışığında aydın olur ki, cinayətin
şahidi yoxdur. Bəli, cəza mexanizmində boşluq tapılır. Şahid yoxdusa cinayət də
yoxdur, cəza da. Təhsil, səhiyyə, təhlükəsizlik və s. kimi orqanlar tərəfindən
qurulan sistemin yenə insan vicdanına ehtiyac duymağı burada qabardılır. Dövlət,
onun polisləri, ədalət sistemi haqqında ciddi şəkildə danışılsa da yenə də
sistemin hesablamadığı və ya hesaba qatmadığı bir teoremdə ilişib qalınır. Beləliklə,
sistemin səni günahlandırmaqda səbəbləri yoxdusa sən də günahsızsan. Cəmiyyətdə
rasional fərdlər bu boşluğu bilərək, rasionallığını illeqal işlər üçün də
istifadə etməyi bacarır. Georg cəsəddən xilas olmaq üçün bütün məsuliyyəti öz
öhdəsinə götürür və arvadi ilə oğlunu Misirə səyahətə yollayır. Anna və
Bennynin avropalıların adam yerinə qoymadığı insanların ölkələrindən biri olan
Misirdə ağla gələ biləcək bütün axmaq orientalist turist hərəkətlərini nümayiş elətdirir və bunu görmək
tamaşaçını daha da dəhşətə salır. Misir piramidaların ölkəsidir. Bennynin
filmin əvvəllərində oynadığı piramida oyunu və daha geniş aspektən baxanda
Avropadakı qurumların idarəetmə mexanizminin şərqə söykənən bir kökü olduğunu
və dolayısı ilə Haneke Avropanın tək düşüncə mərkəzi olmadığını göz önünə gətirir.
Ən azından Bennynin rasional piramida anlayaşı ilə Misirin mistik piramida
anlayışının filmdə qarşılaşdırldığını deyə bilərik. Ailə başçısı Georg sözü gedən
cəsədi ortadan götürərkən ana və oğul Misirdə stres atır. Ancaq ana personajı
az da olsa özünü tuta bilməyib qıraqda-bucaqda ağlayaraq baş verən hadisələrdə
öz sentimentallığını bir daha nümayiş elətdirir. Bəlkə də ona kiçik qızın cəsədini
xatırladan vicdanı işgəncə etməkdədir. Həm də tətil ərəfəsində şəhərdən gələn
avropalının rutinini müəyyənləşdirən “il boyunca işlə sonra tətilə çıx” düsturu
burada dəhşətverici haldadır. Bennynin bu düsturdakı izahı cinayət işləmək
olaraq ön plana çıxır. Nəticədə cinayət də bir işdir.
Tətildən sonraya Avropaya-Avstriyaya qayıdan ailə avvəlki həyatlarına qaldıqları
yerdən davam edirlər. Ailə, məktəb kimi qurumlardan bəhs edərək başlayan film,
son olaraq yenə modern dövlətin olduqca mühüm bir qurumunda-polis şöbəsində
bitir. Benny polisə gedib hət şeyi etiraf edir. Bunu niyə edir? Bəlkə də uşaq
olduğu üçün. Çünki cinayət işləsə də onu gizləyəcək qədər bişməyib (Kim bişirməlidi?).
Ancaq Bennyə nəzərən anası və xüsusilə atası mənsub olduqları modern cəmiyyətdə,
hətta etik olmayan yollarla da olsa belə necə yaşamaq lazım olduğunu biləcək
yaşdadırlar. Benny polis sorğu-sualından çıxdığı zaman ana və atasına baxıb “bağışla”
deyir. Sadəcə “bağışla”? Bəlkə də Benny təmsil etdiyi qurumun təmsil olunma
haqqından istifadə edərək ailənin günahını etiraf etdiyi üçün bağışlanmağını
istəyirdi. Əgər Benny ana və atasından gizli polisə getməsəydi cinayəti etiraf
edə bilməyəcəkdi. Çünki ailədə sərt bir şəkildə onun qərarı rədd ediləcəkdi.
Ata hisslərini işə qatmadan cinayəti bura qədər gizlətməyi bacararkən, ana
cinayəti gizlətdikləri üçün mənəvi böhrana qapılır. Benny isə uşaqlığın səbəb
olduğu saflıqla ən sonda günahını etiraf edir.
Filmdə ailənin bir qurum olaraq daxilində nəcə bir şiddət gizlətdiyini və
ya hansı cür şiddətə səbəb olduğu diqqətə gətirilir. Haneke bu film ilə Avropa
insanın və Avropa həyat tərzini ciddi şəkildə tənqid edir. Göründüyü kimi
Haneke Avropa insanını(?) sıxmaqdan zövq alır.
0 Şərh:
Yorum Gönder