9 Mart 2016

"Citizen Kane" - Orson Welles (1941)




Yazan: Zaur Rzayev


Amerikalı rejissor Orson Uellesin ilk uzun metrajlı filmi olan “Vətəndaş Kane” ( Citizen Kane) ilk dəfə  1941-ci ildə nümayiş etdirilib. Film kino sənətinə bir çox yeniliklər gətirməklə bərabər, eyni zamanda modern subyektə istiqamətlənmiş təhlil kimi də bir çox film tənqidçisinə görə bütün zamanların ən yaxşı filmi sayılır. Belə ki, yeni  montaj texnikaları, “deep focus”, qrim istifadəsinin daha detallaşması, alt bucaqlardan çəkiliş və s. yeniliklər ilk dəfə bu filmdə istifadə olunmuşdur. “Vətəndaş Kane” 1942-ci ildə 9 nominasiyada “Oscar”a namizəd göstərilsə də yalnız “Ən yaxşı ssenari" nominasiyasında qalib olmuşdur.

Film baş obraz Çarlz Foster Kane-in son nəfəsində ağzından çıxan “Rosebud” sözü ilə başlayır. Rejissor jurnalist Thompsonu bu sözün ( Rosebud) mənasını araşdırmaq üçün güclü və məşhur “Media tanrısı” Kane-in həyatının arxasınca göndərməklə həm  izləyicini Kane-in həyatına şahid edir, həm də maraq ünsürünü davamlı canlı tutaraq filmin axıcılığını təmin edir.


Uelles bu filmdə Kane-in obrazında bir kapitalist portretindən daha çox modern zaman fərdinin yalnızlığını, eqoizmini, hakimiyyət hərisliyini, gücə tapınmasını, istehlak hərisliyini, yadlaşmasını təsvir etmişdir. Bu mənada Kane-in yaxın dostu Leland Kaneni təsvir edərkən “Həyatda tək sevdiyi insan Çarlz Foster Kanedir. Həyatda tək istədiyi şey sevgi ikən bunu əldə edə bilmir çünki onun insanlara verəcək sevgisi yoxdur” deyir. Kane hələ uşaq ikən anasından, ailəsindən alınaraq xoşbəxt gələcəyi olması üçün bir bankirə təslim edilir. Malik olmağın xoşbəxt olmaqla eyni mənada istifadə edildiyi modern zamanın ən böyük dilemmalarından biri sevgidən-ailədən alınan bir  uşağın həyat boyu çırpınışı və kədərli sonu filmdə dramatik şəkildə işlənir. Hər şeyə sahib “Media tanrısı”nın heç vaxt sahib olmadığı şey ehtimal ki, bu sevgidir.  Jurnalist Thompsonun da dediyi kimi “Rosebud bəlkə də onun heç vaxt ələ keçirə bilmədiyi və ya itirdiyi bir şeydir”.


Kane-in sahib olma arzusunu ən çılpaq şəkli ilə Xanadu adlı sarayda öz əksini tapır. Belə ki, sahib olma və itirmə qorxusunun bir örnəyi olan Xanaduda bir çox tablolar, heykəllər, digər sənət əsərlərinin kolleksiyası mövcuddur. Xanadu ehtişamı ilə “Pramidalardan sonra insanın özü üçün yaratdığı ən bahalı abidə”dir. Təsadüfi deyil ki, “Rosebud”ın sirri məhz o yığınların arasından çıxır. Bu da öz növbəsində insanın qüdrət və acizliyini eyni kəsişmədə göstərən faktdır.

Uellesin “Vətəndaş Kane”ni eyni zamanda medyanın spekulyativ gücünə də toxunur. Belə ki, Kane cəmiyyətə həqiqətləri çatdırmaq əvəzinə o gerçəkləri yaradan mövqedən çıxış edir. İnsanların nəyi və necə düşünəcəklərini özünün təyin etməsi lazımlılığını düşünən Kane bunu öz qəzetləri vasitəsilə həyata keçirir. Arvadı Susan müğənni olmaq fikrinə düşəndə bu mövzuda nə qədər istedadsız olsa da Kane öz gücü sayəsində bütün mətbuatın bunun əksini yazmasını təmin edir. “Vətəndaş Kane” həm işlədiyi təməl mövzular- bilgi, media, güc- baxımından, həm də fərdin şəxsi böhranlarına işıq tutmaqla həqiqətən kino tarixinin unudulmazları arasında yer alır.
                                                                          


0 Şərh:

Yorum Gönder