9 Mart 2016

Aleksey Balabanov - "Mən kinonu sənət əsəri saymıram"



Rusiyalı rejissor Aleksey Balabanovun (1959-2013) həyat haqda fikirlərini təqdim edirik: 


(Ruscadan tərcümə edən Əminə Həsənova)


- Mənim ünsiyyət dairəm yoxdur, evdən çox nadir hallarda çıxıram. Çox az hallarda köhnə dostlarla görüşürəm və boşboğazlığa nifrət edirəm.

- Mən sənaye mərkəzində böyümüşəm. Hansı ki “hamı qaçdı, mən də qaçdım”dan başqa heç bir məntiq yoxdur orada. Mənim digərlərindən fərqim onda idi ki, mən “Gənc kimyaçılar” dəstəsində bomba düzəltməyi sevirdim. Mən müxtəlif kimyəvi tərkiblər bilirdim, onları qarışdırıb partladırdım. Niyə?! Niyə sərçələri vurmaq üçün sapand düzəldirlər? Çünki bu ovçu instinktidir. Bəs niyə həmin sapandla pəncərə şüşələrini sındırırlar? Zövq alsınlar deyə.

- Mən heç vaxt səs verməmişəm. Əvvəllər buna görə təqib olunurdum. Amma həmişə seçki qutusuna boş vərəq atmışam. Mən komsomol olmuşam, amma mənim vaxtımda hətta avaralar da komsomol idi.

- Mən mağazada çörəyin neçəyə olduğunu bilmirəm. Niyə bilməliyəm ki?! Mənim onsuz da, xanımım və uşaqlarım var.

- Mənim çox pis yaddaşım var, nə müasirləri, nə adları, nə də soyadları yadımda saxlaya bilmirəm.


- Son 10 ildə həyatım dəyişdimi? Yəqin ki, uşaqlar böyüdü. Filmlər çəkdim. Valideynlərim daha tez-tez xəstələnir. Hə, bir də ki, televiziyada kanallar artıb.

- Hər rejissorun yalnız bir yaxşı filmi olur. Mənim xoşuma “Eybəcərlər və insanlar haqqında” filmi gəlir.


- Daneliya - yaxşı rejissordur. O heç vaxt hollivudsayağı komediya filmləri çəkməyib. Mən çox səs-küylü və hamının qaçdığı filmləri sevmirəm.

- Mən son dəfə nə vaxt güldüyümü xatırlamıram. Belə şeyləri qeyd etmirəm. Mən sadəcə 18 yaşımda Mançesterdə təhsil almağım və fəhlə ailəsi ilə birgə yaşamağımı xatırlayıram. Bu ailədə uşaqlar var idi. Mənə balacaların ingiliscə danışmağı çox qəribə gəlirdi. Axı heç yerdə görməmişdim.

- Mən həmişə Nobakovun “Qaranlıq otaq”ını ekranlaşdırmaq istəmişəm. Amma indi düşünürəm ki, bacarmazdım onun kimi yazmağı, onun kimi getməyi. Bunlar mənlik deyildi. Amma gənc vaxtı arzulayırdım da. Sonra işlər düzəldi və unudulub getdi.

- Mən kinonu sənət əsəri saymıram. Sənət əsəri o zaman olur ki onun üzərində tək işləyəsən. Rəssam sənət əsəri yaradır, yazıçı sənət əsəri yaradır. Əlli nəfərin sayəsində ortaya çıxan iş necə sənət əsəri ola bilər axı?!

- Heç vaxt Tanrı ilə aramda olan münasibəti başa düşməmişəm.

- Dünyanın dərdlərindən otağıma sığınaraq sakitlik tapıram. Otağıma keçib öz işlərimlə məşğul oluram. Evdə mənə heç kim mane olmur. Artıq xasiyyətimə bələddirlər.

- Mən köhnə tramvayları çox sevirəm. Burda heç bir metafora və ya klassika yoxdur. Onlar çox xoşuma gəlir.

- Mən yaxşı və ya pis insan olduğumu bilmirəm. Bunu mən təyin etmirəm. Yəqin öləndə biləcəyəm.

- Mən həmişə jilet geyinirəm. Artıq öyrəşmişəm.

- Böyük oğlumun 18 yaşı var. Tələbədir, yaxşı da oxuyur. Amma çox qapalıdır. Mən onu başa düşmürəm. 

0 Şərh:

Yorum Gönder