10 Mart 2016

"Chelovek s kinoapparatom" - Dziga Vertov (1929)


“Chelovek s kinoapparatom” Dziga Vertov tərəfindən lentə alınan sovet filmidir. Denis Abramovich adı ilə də tanınan Dziga Vertov bu filmdə futurizmdən təsirləndiyini görmək mümkündür. Vertov həmin illərdə məşhur rejissorlardan biri sayılan Lev Kuleshovun da asistentliyini etmişdir. Rejissorun lentə almış olduğu bu film ssenarisiz, təhkiyəsiz olması ilə yanaşı, həm də sənədli film xüsusiyyətlərini özündə daşıyan sovet kinosunun nümunələrindən biridir. Həmçinin Vertov öz rejissorluğu haqda belə demişdir: “Mən bir gözəm, mən mexaniki bir gözəm”.

Filmdə hadisələr bir rus şəhərində yaşanan günlük həyatı əks etdirir. Əvvəlcə günə yenicə başlayan insanlar görürük. Onlar öz gündəlik həyatlarını yaşamaqdadırlar. Gün sonunadək işləyən bu insanlar, iş bitdikdən sonra rahatlayırlar. Günün sonuna yaxın isə kamera şəhəri get-gedə yaxın planlarla göstərməyə başlayır. Həyatın ritmini tutmağa çalışan kameralı adam bu cür fərqli həyat parçalarını ard-arda birləşdirərək gündəlik insan həyatını ön plana çıxarır. Filmin məqsədi insanın həm fərdi, həm cəmiyyətdə rolunu əks etdirməkdir. Öz dünyasında gəzişərək lentə aldığı görüntülərə görə kameralı adam adı verilən bu filmdə bütün bu sıravi insan həyatı ünsürü əsas ilham mənbəyidir. Filmin rejissorunun filmi montajladığı səhnələrə yer verildiyini də görmək mümkündür. Bu səhnələr rejissorun sənət anlayışına kölgə salmır, hətta bu dürüstlük məqsədi güdməkdədir.

“Sizi melodramın şirin toxunuşlarından və psixoloji təhkiyənin zəhərindən xilas olmağa dəvət edirik...”


Filmin qəhrəmanı olan kameralı adam elə filmin ilk səhnəsində sanki bir dağın zirvəsindəymiş kimi kameranın üstündə görünür. Burada kameranın filmin əsas personajı olduğuna dair işarə edilir və kamera filmin əsas müşahidəçisidir. Həmçinin bu ekran işində Dziga Vertovun sosialist ideallarının təsiri özünü göstərməkdədir. Son səhnə isə animasiya xüsusiyyətinə malikdir. Kamera yavaş-yavaş hissələrini bir yerə yığaraq çəkiliş üçün özünü hazır vəziyyətə gətirir və bir tripodun üzərinə oturur. Artıq kamera sahibinin əmrinə hazırdır.



“Chelovek s kinoapparatom” rejissorun Kino-Göz  adını verdiyi qrupu (Vertov, Vertovun həyat yoldaşı və qardaşı) tərəfindən 1924-1928-ci illərdə çəkilmiş görüntülərdən yığılmışdır. Vertovun ilk səhnələrdə oxuduğu manifest bir növ tamaşaçını izləyəcəyi filmə hazırlamaq məqsədi güdür. Kino manifesti yazmaq və yaratmaqq öz aktuallığını zaman keçdikcə itirməmişdir. Dogma 95 manifestini buna misal çəkmək olar. Film isə ilk dəfə 1928-ci ildə göstərilsə də, geniş kütlə qarşısına 1929-cu ildə Kiyevdə və Moskvada çıxarılır. Lakin ilk təqdimatlardan sonra film kinoteatrlardan götürülür. Dünya səviyyəsində filmin tanınmasına baxmayaraq sovet cəmiyyətində Stalinist rejim tərəfindən qadağaya məruz qalır və filmin cəmiyyətə xeyri olmadığı aşkarlanır. Buna baxmayaraq illər keçdikcə diqqətdən kənarda qalmamış, müasir rejissorlar üçün təsiredici və fərqli material kimi qəbul olunur.

0 Şərh:

Yorum Gönder