22 Aralık 2015

"Audition" - Takashi Miike (1999)



Takashi Miike yapon kinosunda tamaşaçıya ekrandan çətin anlar yaşatmaq üzrə master pilləsidir. Filmlərində hekayələrdən daha çox insanın içinin çəkildiyi səhnələrlə yadda qalan rejissordur. Sevdiyi işgəncələr arasında ayaq və dil kəsmə xüsusi yer tutur. “Audition” və “İchi The Killer” (2001) filmlərində hər iki işgəncəyə lazımi qədər yer verilir. Daha fərqli işgəncələr görmək istəyirsinizsə “İmprint” (2006) filminə baxmaq lazımdır; baş barmaq dırnağının arxasından sümüyə doğru yeridilən uzun bir iynə səhnəsi diqqətinizi çəkə bilər.

Miike bu cür səhnələr çəkməyi xoşlayır. Hadisələri insan bədəni və ağrı üstündə qurmaq onun təhkiyə üslubudur. Hekayənin böyük bir qismində ağrı çəkən insanı ön plana çıxarmaq, tamaşaçı ilə əzab çəkən şəxs arasında yaxınlıq yaratmağa çalışmağı onun əsas istəklərindəndir. Bunu edərkən əsəbləri tarıma çəkir, bol qanlı hadisələr silsiləsinə qonaq edir. Miike özünün narahat olduğu mövzuları təqdim edərkən tamaşaçının da narahat olmağını istəyir, tamaşaçı ilə ətdən-sümükdən ibarət bir əlaqə yaradır.

Takashi Miike
“Audition” isə rejissorun sayca 10-cu filmidir. Film başlanğıcda yumşaq, nə ilə qarşılaşacağını bilməyən tamaşaçı üçün bir sevgi hekayəsi kimi davam edir. Müasir Yaponiya kapitalizmi ilə harmoniyada olan orta yaşlı bir kişinin arvadının ölümündən 7 il sonra təkrar evlənməyə qərar verməyi və yuxularındakı qızı tapmağı və yaxud tapdığını sanmağı filmin əsas mövzusudur.

“Audition” sadəcə mələk kimi görünən qızın dünyanın ən psixoz insanı çıxmağı mövzusundan ibarət deyil. Həmçinin digər filmlərində olduğu kimi Miikeni narahat edən həqiqətləri özündə ehtiva edən sistem tənqididir. Filmdə pullu bir kişi evlənmək istədiyi üçün serial seçimləri adı ilə qarşısına bir xeyli qadın çıxarır. Qadınlar seçilə bilmək üçün müxtəlif yöndən özlərini göstərməyə çalışarkən, iki nəfər ortayaşlı kişi niyyətlərini bildirmədən onlara soyuq gözlərlə baxırlar. Həmçinin onlar qadınlardan birini seçib “Bu gözəldir, yeməyə dəvət etmək olar” deyə bilir. Lakin qadının gözəlliyi heç də mələk olacağına dair qaranti vermir. Hamının özünə aid xüsusiyyətləri var. Aoyama seçdiyi mələklə bir neçə günlük ünsiyyətdən sonra həyatının qadının tapdığına əmin olur və ona evlənmək üçün təklif niyyətindədir. Evlənmək təklifi üçün də ən yaxşı vaxt həftə sonudur. Lakin həftə sonu qeybə çəkilən mələk qadın Asami bir neçə gün sonra Aoyamanın evinin ortasında peyda olur. Beləcə saatın Aoyamının əleyhinə işləyən dəqiqələri, saniyələri başlayır. Mələk yoxsa Şeytan? Aoyamanın dilinə enjektə olunan keyləşdirici iynədən sonra seçilmiş mələyin məqsədi tamamilə bəlli olur. Miikenin uzun iynələri yenə səhnəni bəzəyir, Aoyamanın bədəninə-qarnına, göz qapaqlarının altına bir-bir yeridilir. İynələri batırarkən Asami böyük bir zövqlə “krikrikri” deyir, yaponcadan tərcümədə “dərinə” mənasını verir. Aoyamanın mələyi təsəvvür etdiyi kimi seks zamanı ondan “dərinə” girməyini istəmir, o özü dərinə girir, akupunktur iynələri ilə onun dərisinin altında dərin bir yer açır.


Miikeni belə bir film çəkdiyi üçün tənqid edən çox olmuşdu. Zahirən gözəllər gözəli bir qızın şeytani işgəncələr edən bir məxluqa çevrilməyi “qadın şeytandır” mənasına gəldiyini deyirdilər. Qadını şeytan kimi təqdim etdiyinə dair film tənqidlərə məruz qalır. Lakin filmdə ənənəvi kişi hegemonluğuna olduqca post-modern bir üsyan var. Kişinin daima seçən, qadının isə seçilən olmağı açıq şəkildə göz önünə gətirilir və Miike bu mövzuya akupunktur iynələri batırır. Aoyama seçdiyi qadının bir müddət sonra qüsurlarını aşkarlayıb, ondan uzaqlaşmaq üçün bəhanələr axtaracaqdı, nəticədə seçimi həmişə o etməlidir. Miike də buna gülür. Əslində mələk Aoyamının seçdiyi qadın deyil, əslində seçilən özüdür. Asami də gözəlliyin ziddinə gedərək ayaq kəsməyi, qan çıxartmağı xoşlayan qadındır. Gözəl bir qadın o qədər də gözəl deyilmiş, akupunktur iynələrini dərinə batırıb zövq alan məxluq imiş. Beləcə Asami qüsursuz və gözəl qadın axtaran kişilərə öz iynəsini sancır.

0 Şərh:

Yorum Gönder