29 Aralık 2015

"Fish and Cat" - Shahram Mokri (2013)



İran kinosunda son vaxtlar çəkilən “Fish and Cat” filmi ənənəvi İran mövzusundan uzaq, lokal münasibətlərə toxunmayan fimlərdən biridir. 2013-cü ildə Venesiya film festivalında göstərilən film diqqətdən kənarda qalmır. Həmçinin “Fish and Cat” filminə “Sənət və Təcrübə” şəklində izah vermək olar. Çünki qarşımızda bir plan ardıcıllığı ilə çəkilən 134 dəqiqəlik sənət əsəri var.

Filmin əsas mövzusu bir zaman İran mətbuatını işğal edən insan əti verən restoran haqqındadır. “Fish and Cat” saralmış ağacların yüksəldiyi meşəlik ərazinin kənarında, kiçik bir daxmanın qarşısında öz gündəlik işlərini görən iki şəxsin görüntüsü ilə açılır. Bir maşın gəlib daxmanın qarşısında dayanır, gənclərdən biri yaxınlaşıb ünvan soruşur və ünvanın yazıldığı kağızı onlardan birinə verir. Lakin onlar mənasız suallar verərək söhbəti yubadır, ünvanın yazıldığı kağıza tüpürür hətta, gəncdən şəxsiyyət vəsiqəsi istəyərək vəziyyəti daha da gərginləşdirir. Lakin onlar üçün təhlükəli vəziyyətin olmadığı anlayan iki şəxs ünvanın izahını verdikdən sonra meşəyə üz tutur. Filmin əvvəlində kamera bu iki şəxsin ətrafında dövrə cızır, daha sonra onların ardınca meşəyə qoyulur. Onlardan birinin əlində benzin bidonu, digərinin əlində isə dibinə qan çökmüş ağ torba var. Meşənin içində ata və oğula rastlayırlar, ünsiyyətdən sonra kamera oğlun arxasınca düşməyə başlayır və gəlib çıxırıq ənənəvi çərpələng festivalı üçün ərazidə çadır quran gənclərin yanına. Beləcə kamera tamaşaçını sanki labirintdəymiş kimi təkrarlanan hadisələrin girdabına salır.


Shahram Mokri kamera ilə hər dəfə bir personajı izləməyi hadisələr labirintindəki gərginliyi də artırır. Bunu bir plan ardıcıllığı ilə etdiyi üçün zaman anlayışını filmdən uzaqlaşdırır. Beləcə hər personajın kəsişdiyi anda bir hadisəni iki və üç dəfə izləyirik. Shahram Mokrinin bizə göstərmək istədiyi isə bu hadisələr silsiləsinin fonunda baş verən cinayətdir. Hər dəfə kameranın izlədiyi personajın hara apardığı marağa səbəb olsa da hadisələr sonda tamaşaçını gözləmədiyi bir cinayətə gətirir çıxarır və üstəlik Mokri bu cür çətin mövzunu bir plan ardıcıllığı ilə təqdim edir. Qurbanın adının Maral olmağı isə onun ov olacağına işarə edir. Tamaşaçı cinayəti görmür və əvəzində isə qurbanın ən çox sevdiyi musiqinin fonunda titrləri izləyir.



Shahram Mokrinin lentə aldığı bu film kino tarixinin bir plan ardıcıllığı ilə çəkilən ikinci ən uzun filmidir. Mokrinin kamerası kinonun ucsuz-bucaqsız kainatında tamaşaçıya yeni bir təcrübə yaşadır. Bir plan ardıcıllığı ilə çəkilən ən yaxşı filmlərdən biri də Sokurovun lentə aldığı “Russian Ark” filmi olsa da Mokrinin  filmi də bu yöndən geri qalmır. Bu cür estetik filmlər kino tarixində iz qoymağı bacarır.

0 Şərh:

Yorum Gönder