16 Aralık 2015

Lars von Trierin "Avropa" trilogiyası



Kinoda tamaşaçını iki müxtəlif qütbə ayıran məsələlərdən biridə də heç şübhəsiz Lars Von Trierin filmləridir. İlk tammetraj filmi "Element of Crime"dan etibarən kinoya gətirdiyi yeniliklər, kimisi üçün tamaşaçını manipulyasiya edən bir oyun, onu başa düşən və texnikasına heyran olan kəslər üçün  isə günümüzün ən yenilikçi, orijinal rejissoru olduğu qənaətinə gətirib. Kinonun klassik qəlibləşmiş dəyərləri ilə oynayaraq özünəməxsus bir üslub formalaşdıran rejissor "Avropa" adını verdiyi trilogiyasına daxil olan filmlərində də işıq və rəng oyunlarıyla təcrübi işlərə əl atmış, sonrakı illərdə də bir çox müstəqil rejissora məktəb olacaq olan "Dogma 95"çilərin liderliyini etmişdir. Trier kinosu zaman keçdikcə daha çox yeniliklərə məruz qalmış, bəzi vaxtlarda isə hətta bir qanun olaraq xarakterizə etdiyi "Dogma 95" məktəbinin ənənələrini unutduran filmlərə keçid etmiş və Avropadan Amerikaya uzanan trilogiyası ilə müasir kinonun "dəli" sərhədlərində özünə yer etmişdir. Tez-tez tənqidlərə məruz qalsa da Trier haqqında deyiləcək ən əhəmiyyətli şey heç şübhəsiz bir sənət dahisi olmağıdır.

Avropa Portreti

Trier kinosunun ilk nümunəvi xüsusiyyətlərini daşıyan bu filmlərin xronoloji ardıcıllığı belədir: "Element Of Crime" (1984), "Epidemic" (1987) və "Europa" (1991). Filmlərdə təhkiyənin Avropada nəql edilməsinə görə  trilogiyaya "Avropa" adı verilmişdir. Hər üç filmdə də məzmunla birlikdə forma və əsas personajlar bir birinə bənzəyir. Xüsusilə çəkilişlərdə əsas obrazlara hipnoz üsulunun tətbiq edilməsi, "Element of Crime"ın rənglərində ortaya qoyduğu narahatedici reallıq, "Europa"da ağ-qara irəliləyən filmin tədricən personajlarının rəngləndirilməsi Trierin ilk işlərindən kinoda yeni kəşflər etmək istədiyinin və fərqli bir sənət anlayışına malik olduğunun sübutudur. Bu filmlərində Alman ekspressionizmi ilə Amerika film-noir (qara-film) əsərlərindən ilham alan Trier fərdlərin özgələşməsinə diqqət çəkir. Reallıq ilə şüuraltının üst-üstə düşdüyü bu filmlərdə Trier ümumi olaraq qaranlıq bir Avropa portreti cızır. Trierin nəql etdiyi Avropada insanlığa aid üç şey var: epidemiya, cinayət və müharibə. Bu kabusların təsiri altında qalan insanlıq qitəyə ayaq basan personajların doğrularını itirmələrinə gətirib çıxarır.


İdealizmin tənqidi

Trier Avropa trilogiyasına daxil olan filmlərin əsas obrazları haqqında "düzgünlük naminə etdikləri hər şey səhvə çevrilən (anti) qəhrəmanlardır" demişdir. "Element of Crime"da bir cinayət işinin üstünü açmaq üçün Avropaya qayıdan köhnə polis Fisherin sonradan axtardığı silsilə cinayətlər törədən qatil kimi yaşamağa başlamağı və şiddətə bulaşmağı, şiddətin cəmiyyət içində hər fərddə ortaya çıxa bilicək bir davranış olduğuna dair işarədir. Həmçinin cinayətkara qarşı günahkar kimi davranılarsa, cəmiyyət içində problemin zorakılıqla həllinə dair bir fikir formalaşmış olar və bu da polis təşkilatlarının özlərinin cəmiyyətə cinayətkar ünsürlər "bəxş" etməyinə gətirib çıxardır. Dr. Fisherin idealist təfəkkürü Avropaya ayaq basdığı gündən davam etsə də Avropanın qaranlıq fonunda Avropanın özünə çevrilən Fisher zamanla ideallarından uzaqlaşır.


"Epidemic" filminin çəkilişlərində yazdıqları ssenarinin itməsiylə yenidən ssenari yazmağa başlayan rejissor və ssenarist sonradan fərqinə varmadan yaratdıqları epidemiya ilə üzləşirlər. İki fərqli əhvalatın nəticəsində yazarların yaratdığı Dr. Mesmer obrazı epidemiya halına gələn virusun qarşısını almaq üçün çalışan idealist biridir. Ancaq çantasında daşıdığı virus ilə epidemiyanın yayılmasına səbəb olmuşdur. İdeallarının arxasında məğlub olan antiqəhrəmanımız Dr. Mesmer isə son idealist olmayacaqdır.


"Europa"da II Dünya müharibəsindən məğlub ayrılan və çətin günlər yaşayan Almaniyaya gələn amerikalı Leo Kessler dünyanın yaxşı bir yer olduğuna və insanlara kömək edərək dünyanı xilas edəcəyinə inanan idealist biridir. Zentropa adındakı qatarda vaqon konduktoru olaraq işə başlayan Leo tədricən sərt qanunların arasında sıxışıb qalır. Müharibənin Nasist tərəfdarları üçün bitmədiyi bir mühitdə ideallarından son ana qədər imtina etməyən Leonun saflığı və Alman dardüşüncəliliyinin yaratdığı xaos vəziyyəti əslində müharibədən sonrakı Avropanın portretidir. Leonun əmisinin dilindən deyilən bu cümlə isə qanunlara olan sədaqəti müəyyən edir: "Ediləcək bir şey yoxdur!". Sorğu-sualın qadağan olunduğu və verilən əmrlər qarşısında səhv etmə imkanının olmadığı Zentropada siyasi gərginliyin Avropanın gələcəyinə  təsiri mövzu edilir. Qatar və Faşizmin bir-birinə girdiyi filmdə "Ediləcək bir şey yoxdur!" kəlməsi əslində nasistərin boyun əyən bir xalq yaratmağa çalışdıqlarına dair bir işarədir. Müharibəni uduzmuş olsa belə faşizmin təsirlərini Almaniya hələ uzun müddət silə bilməyəcəkdir.


0 Şərh:

Yorum Gönder