11 Kasım 2015

"Four nights with Anna" - Jerzy Skolimowski (2008)



İnsanlar arasında məhrəmlik ciddi anlayışdır. Dövrümüzdə insanların məhrəmiyyətinə və şəxsi həyatına birbaşa və ya dolayısı ilə edilən müdaxilələr getdikcə artır. Xüsusi ilə texnologiya əsrində sürətli inkişaf məhrəmiyyətin pozulmasını asanlaşdırır, fərdlərin gizli saxlamaq istədikləri məlumatları su üzünə çıxarır. Bəs yaxşı məhrəmliyinizi pozan şəxsin sizə zərər verməkdən çox, öz sevgisini göstərmək olduğunu öyrəndiyinizdə nə hiss edərdiniz? Ona qarşı mərhəmətli davranıb bu kortəbii hərəkətlərinə haqq qazandırardınız? Yoxsa bu zorakı aktdan dolayı narahat olardınız? 17 illik fasilədən sonra yenidən kamerasını işə salan polyak rejissor Jerzy Skolimowski triller janrında lentə aldığı “Four nights with Anna” filmində bu sualları məhrəmliyi pozulan Annaya yox, tamaşaçıya ünvanlayır.


Jerzy Skolimowski 
Filmin əsas qəhrəmanlarından biri Polşanın şimalında, kiçik bir qəsəbədə yaşayan, içinə qapanıq və köhnə məhkum Leondur. Onun baxmalı olduğu yaşlı nənəsi və qəsəbə xəstəxanasının krematoriya şöbəsində işi var. Günlərin birində xəstəxanada tibb bacısı işləyən Annanın təcavüzünə şahid olur. Sonacan təcavüzü izləyən Leon Annaya kömək etmir. Təcavüzdən sonra beynində yaratdığı məhəbbət Annaya qarşı daha da alovlanır. Platonik olaraq Annaya bağlanan Leon gündüzlər onu xəstəxanada, gecələr isə evinin pəncərəsindən izləyir. Hətta təcavüzdən sonra qadına qarşı heç bir nəvaziş göstərmir və gizli şəkildə onun evinə girir. Kiçik ev işləri və xırda-para təmirlər edərək qadına kömək etməyə çalışır. Lakin onun bu təşəbbüsü sonda Leonu yenidən bəlaya salır.
Leonun köhnə məhkum olmağı, məhrəmiyyət pozuntusundan başqa heç bir günahı olmadığı halda, ətrafındakı hər cür sadə hadisədən günahkar sayılmasına və etmədiyi təcavüzün üstünə atılmağına səbəb olur. Həbsdən çıxdıqdan sonra Leonun keçən zaman ərzində cəmiyyətə uyğunlaşması mənasını itirir. Cəmiyyətin qərəzli baxış bucağını tənqid edən filmdə tamaşaçının Leonla qurduğu həssas əlaqə ön plana çıxarılır. Həmçinin pozuntu ilə yaranan münasibətin, hətta Leona qarşı mərhəmət duyğusunun yaratdığı əxlaqi problemin üstündə də rejissor ötəri olaraq keçmişdir.


Leonun “sevgi” adına etdiyi hərəkətlərin nəzarətdən çıxmağı və Annanın evinə gizli daxil olmağı qəbul olunmaz bir davranışdır. Bəs yaxşı Leonu Annanın evinə daxil edən amil nədir? Vizual olaraq Annanın diqqəti cəlb edən görünüşü yoxdur, yaşadığı yer köhnə bir evdir. Bəlkə də Leonu bunu etməyə vadar edən təcavüzün qarşısını ala bilmədiyi üçün özünü günahkar saymağıdır?! Skolimowski filmdə bu sualın cavabın vermir, heç filmin əsas problemi də bu deyil. Əsas problem ağır tənhalıq yaşayan Leonun bir yerə aid olma, oyuna kortəbii şəkildə qoşulma cəhdləridir. Belə ki, daxil olduğu evdə xırda-para işlər görərək bu tələskənliyini bağışlatdırmağa çalışır. Əvvəlcə paltardan qopmuş bir düyməni tikir, ardınca yeri silir, saatı təmir edir və bu cür davranışları onun həyatında əsas həyəcanverici qüvvəyə çevrilir. İstənilmədən bir həyata daxil olmağının əvəzini isə, görünməzliyi və hər kiçik xoşbəxtliyinin qarşılığı ilə ödəyir. Onun bu davranışları Leonu üçüncü səhifə xəbərinə aparacaq və yenidən məhkum olmağına səbəb olacaq.


Bütün pozuntular zamanı Annanın dərin yuxusu, həyata passiv dirənişi, məruz qaldığı təcavüz travmasının nəticəsidir. Sanki başına bu məşum hadisə gəlməmiş kimi bütün baş verənləri yaddaşından rədd edir. Məsələyə Annanın tərəfindən baxdıqda bu susqunluğu başa düşüləndir, çünki bu susqunluq onun məhrəmiyyətinə və bədəninə edilən hücumların qarşılığında keçirdiyi utanc hissidir.
17 ildən sonra yenidən rejissor kürsüsündə əyləşən Skolimowski kiçik bir hekayə ilə məhrəmiyyət və travmatik pozuntuları göz önünə gətirir. Həmçinin filmdə tənhalığın səbəb olduğu sevgi aclığı da özünəxas şəkildə həllini tapır.

0 Şərh:

Yorum Gönder