29 Kasım 2015

"White God" - Kornel Mundruczo (2014)



2014-cü ildə Kann Kino Festivalında "Xüsusi baxış" bölümündə “Ən Yaxşı Film” nominasiyasında qalib olan “White God” filmini ilin ən cəsarətli filmlərindən hesab etmək olar. Rejissor Kornel Mundruczo filmi Macarıstanda baş qaldıran irqçilik hadisələrindən dolayı narahat olduğu üçün çəkdiyini deyib. İnsanlarla itləri eyniləşdirən film həmçinin, maraqlı ekran işi kimi kino tənqidçilər tərəfindən yüksək rəy alıb.


Film anasının qısa müddətə ölkə xaricinə çıxmağı nəticəsində  iti Hagen ilə birlikdə atasının yanına köçmək məcburiyyətində qalan Lilinin hekayəsi kimi başlayır. Lakin bir müddət sonra Hagen Lilinin atası tərəfindən küçəyə atılır və beləliklə, Lili ilə Hagenin yolları ayrılır. Bir orkestrda saksafon çalan Lilinin yeniyetməlik probleməri ilə tənha qalan ailə iti Hagenin küçənin qəddarlığı ilə üzləşməyi paralel şəkildə tamaşaçının diqqətinə çatdırılır. Lilinin həyatı böyümə hekayəsi istiqamətində irəliləyir. Lakin Hagenin hekayəsi isə müxtəlif istiqamətlərə yönəlir. Əvvəlcə melodram kimi başlayan, sonradan isə təhlükəli macəralarla dolu bir həyat ona qapı açır. Ən sonda isə Hagenin həyatı Tarantinosayağı qisas hekayəsinə çevrilir. Rejissor filmdə müxtəlif janrları bir arada tutarlı şəkildə istifadə edir və bu janr kokteylini daha da irəli apararaq sonda distopik bir məkanın təsvirinin verir.


Filmin qarışıq görünən amma tutarlı şəkildə hər şeyi bir arada tuta bilən bu hibrid quruluşunun 2 fərqli məna ifadə etdiyini də diqqətə çatdırmaq lazımdır. Birincisi, Lili personajının musiqi müəllimindən tutmuş atasına qədər həyatındakı bütün avtoritar fiqurlara qarşı oyanan ruhi vəziyyəti; ikincisi isə Hagen personajının filmdə cızdığı həyat yolu - küçə itlərinin yaşadığı vəhşi həyatda apardığı mübarizə, bir it döyüşü simsarı tərəfindən qaçırılaraq qəddarlaşdırılmağı, işgəncəyə məruz qalmağı və bunun nəticəsində insanlara qarşı bir üsyan hazırlamağı. Hageni cinsiyyətə və dəri rənginə görə təzyiq altında olan hər kəsin metaforası olaraq görmək mümkündür. Filmin hibrid quruluşu haqqında onu demək olar ki, məhz Hagenin hibrid it olmağının vurğulanmağı və buna görə təhqirlərə məruz qalmağı təhkiyənin sadədillə tamaşaçıya çatdırıldığı ən yaxşı üsuldur. Hagen və Lilinin insanları manqurtlaşdırıb eyniləşdirən avtoritar fiqurlara üsyanı eyni olmayan, bir çox fərqli rəngi və hissi özündə birləşdirən bir estetik təsvir dili ilə göstərilir. Bununla da rejissor müxtəlif insanların avtoritarizmə qarşı mübarizəsinin portretini cızır.

Bir üsyan filmi olaraq dəyərləndirilən “White God”un güclü tərəflərindən biri də tamaşaçının insanlarla yox məhz heyvanlarla üzləşdirməyə çalışmağıdır. Ölü bir inəyin soyuducuda parçalanmağını detallarını göstərərək başlayan film mövzunun geridə qalan hissəsi ilə insanın səbəb olduğu zorakılıq aktlarına da güzgü tutur. Qəssablara satılmaq üçün soyuducularda saxlanan heyvan bədənlərini yeyilməkdən ötrü yox cəsəd kimi göstərən film  olduqca sadə səhnədə gizlədiyi alt mətnlə çox ciddi tənqidi özündə ehtiva edir. Qalan hissələrində Hagenin gözündən çəkilmiş səhnələrdə də filmin insan personajlara qarşı məsafəli davrandığını görmək mümkündür.


Macarıstanda artan irqçilik hadisələrindən narahatlıq hissi keçirdiyi üçün belə bir film çəkən rejissor Kornel Mundruczo metaforaları ilə birlikdə çox güclü ekran işinə imza atıb. Təhkiyədə qətiyyən bəsitlik gözə çarpmır. Əksinə olaraq tamaşaçıya təsir edə bilən cəsur filmlərdən biridir. Avstriyalı romantik Rilkenin “Bizi qorxudan hər şey sevgimizə möhtacdır” sözləri ilə başlayan film, sınıq-sökük cəmiyyəti sadəcə sevgi ilə təmir etməyin mümkünlüyü mesajını ötürür.


0 Şərh:

Yorum Gönder