11 Kasım 2015

Béla Tarr ilə müsahibə

Béla Tarr

Macarıstanlı  kinorejissor, prodüser və ssenarist Bela Tarrın müsahibəsini təqdim edirik: 

(İngiliscədən tərcümə edən Mənzər İsmayılova)


Siz 70-ci illərdə bir həvəskar rejissor kimi nələri öyrəndiniz?

İlk olaraq mən çox sadə şeyləri - insanların həyatına və şərəfinə hörmət etməyi öyrənməklə başladım. Mən bunu yetkinlik dövründən dərk edirdim. İlk kino təcrübələrimdən bu yana və indi də Sarayevo Film Akademiyasında o mənə yol göstərir.

Sizin fikrinizə görə “həvəskar”la “professional” arasındakı fərq nədən ibarətdir?

Mənim fikrimcə onların arasında heç bir fərq yoxdur. Bir film çəkmək üçün sənin kino üzrə diplomunun olması və ya hər hansı professional sertfikata ehtiyacın yoxdur, bu dəqiq belədir.

Budapeştdə “Academy of Drama and Film” məktəbində nələr öyrəndiniz?

Bu suala heç bir şey öyrənmədim deyə cavab vermək istəyirəm. İzah edəcəm. 1977-ci ildə “Family Nest” adlı film çəkdim, düz bir il əvvəl, film məktəbinə daxil olmamışdan qabaq. “Family Nest”dən sonra mən Budapeştdəki “Academy of Drama and Film” məktəbinə qəbul oldum ancaq mənim davamiyyətim yaxşı olmurdu. Gəlin biz buna belə deyək, mən bir növ “əcnəbi bir qonaq” idim. Nadir hallarda dərslərdə özümü göstərirdim. Akademiyada Miklos Szinetar kimi bir rejissor müəllimim olduğu üçün mən kifayət qədər şanslı idim. Szinetar bir insan kimi həddindən artıq açıq fikirli idi. O, məni və sinif yoldaşlarımı cəsarətləndirirdi ki, ağlınızda olan nə varsa gedin çəkin. O, bizim içimizdə olan bütün hissləri göstərməyə sövq edirdi. O həmişə mənə deyirdi ki, hər şeyi mən öz axmaqlığımdan və səhvlərimdən öyrənməliyəm. Və mən indi də onun məsləhətinə qulaq asıram (gülür).

Akademiya imtahanlardan keçmək üçün sizdən film çəkməyinizi istəyirdi, bu doğrudur? Akademiya üçün hansı filmləri çəkmişdiniz?

Bəli, mən Akademiya üçün bir-iki film çəkmişəm. “Hotel Magnezit” adlı qısa film, bir də “The Prefab People and Macbeth”. Bayaq dediyim kimi, film məktəbinə getməzdən əvvəl də “Family Nest”i çəkmişdim. Doğrusu, mən dərslərə getmək əvəzinə proyektlərimin üzərində işləyirdim, axmaqlığmı və səhvlərimi izləyirdim. Açığını desək, akademiyada olan dördüncü ilimdə dərs proqramı haqqında heç bir fikrim yox idi. Mən fikrimi əsas filmlərimə bir də ideyalarıma vermişdim.

Professorlar sizin imtahan filmləriniz barədə nələri demişdi? Maraqlı idilər mi? Yaxşı nəticə əldə edə bildiniz?

Deməzdim ki onlar yüksək fikirdə idilər. Onları mənim filmlərim maraqlandırmırdı. Onlar sadəcə “yaxşıdı” deməklə kifayətlənirdilər. Budapeştdəki “Academy of Drama and Film”dən diplomum var. Amma mən dərəcə və bu kimi şeylərdən heç nə bilmirəm.

Gəlin sizin hal-hazırda Sarayevo Film Akademiyasında olan fəaliyyətinizdən danışaq. Kino sənətini tələbələrə necə öyrədirsiniz?

Açığı heç vaxt çalışmamışam kinonu öyrədəm. Mən hər gün Sarayevo Film Akademiyasındakı cavanlara özləri olmağı və nəyə inanırlar və nəyi hiss edirlər onu etmək lazım olduğunu deyirəm. Onlar özləri olmaq və özlərini ifadə etmək üçün kifayət qədər cəsur olmalıdırlar. Sarayevodakı cavanlardan soruşsanız deyəcəklər ki, mən “öyrətmirəm”, mühazirə demirəm. Onları məcbur etmirəm dərsimdə bir saat yarım otursunlar və yaxud hansısa mövzuda danışsınlar. Əgər onlar məndən bezsələr, öz işlərini görməkdə azaddırlar. Onları məni dinləməyə məcbur edə bilmərəm və onlar da məni kor-koranə izləməyə məcbur deyillər. İstəmirəm fikirlərimi, ideyalarımı onlara məcbur yükləyim çünki bu onlara zərər verə bilər. Sarayevo Film Akademiyasında sosial media tələbələr tərəfindən idarə olunur. Siz onlarala əlaqə saxlayıb mənim haqqımda nə fikirləşdiklərini soruşa bilərsiniz.

Belə, Sarayeva Film Akademiyasında siz özünüzü müəllim kimi hesab etmirsiniz. Onlar sizi “Professor Tarr” deyə çağıranda əsəbləşirsiniz?

Əlbəttə ki (gülür). Rəsmi başlığı bir kənara qoysaq, mən məktəbin yetirməsiyəm. Mən özümü müəllim və yaxud da professor hesab etmirəm. Bu mənim vəzifəm deyil. Mən elə bir atmosfer yaratmaq istəyirəm ki, cavan insanlar öz ideyalarını inkişaf elətdirsinlər, müdrikliyi və özlərini filmə çevirə bilsinlər. Mən indi olduqca yaşlıyam. Əvvəllər bir neçə film çəkmişəm və indi də kifayət qədər təcrübəm var. Mənim indi istədiyim isə cavan insanların öz enerjiləri ilə yaratdığı atmosferdi. Bu da onların inkişafında mühüm rol oynayır.

Bela Tarr Sarayevo Film Akademiyasında tələbələri ilə 

Onda sizə “yol göstərən” deyə bilərik?

Mən yol göstərən biri olmağı müəllim və professor rolundan üstün tuturam. Bilirsiniz, mən kiməsə təsir etməyi sevmirəm. İstəmirəm tələbələrim mənim çəkdiyim filmlərə oxşasın. Onlar Bela Tarrın çəkdiyi filmlər kimi film çəkməməlidirlər. Həmçinin Fred Kelemen, Carlos Reygadas, Jim Jarmusch, Gustav Van Sant kimi də. Film məktəbində biz klonlar yaratmırıq. Mənim yoldaşlarım və mən çalışırıq ki, sərhədlərə hörmət edək. Biz özümüzü bir az kənara qoymalıyıq. Biz həqiqətən də məsləhət istəyən cavanlara kömək edə bilərik. Biz onlara o zaman zərər verə bilərik ki, onların şəxsi seçimlərinə şüurlu və yaxud da şüursuz şəkildə təsir göstərək. Bununla biz gündəlik həyatda da rastlaşırıq, eləcə də yaxın olduğumuz insanlarla münasibətdə də bu cür hallar mümkündür. Münasibətlərdə fundamental olan şey fərqliliklərə, müxtəlifliklərə hörmət etmək və anlamaqdır. Bildiyiniz kimi, “Turin atı”ndan sonra film çəkmək işinə son vermişəm və indi də mənim üçün vacib olan şey film çəkmək istəyən cavanlara kömək etməkdir. Mən hər gün xüsusi diqqət tələb edən hadisələrlə qarşı-qarşıya qalıram. Məsələn, Yaponiyadan gələn biri ilə oturub danışan zaman onun tarixi və mədəni keçmişini nəzərə alıb danışıram, Litvadan gələn biri ilə tamam başqa yolla danışıram. Mənim işlətdiyim dil, yanaşmaq tərzi fərqlidir, bunun universal resepti yoxdur, olmamalıdır da.

Bela Tarr "The Turin Horse" film setində 

Biz sizin çəkdiyiniz filmlər haqqında danışdıq. Siz həmişə sizinlə işləyən insanları yoldaşlarınız kimi yox bir yaradıcı kimi təqdim eləmisiniz. Mən “Turin atı”ının komandası haqqında fikirləşirəm. Mənə o iş yoldaşlarınız haqqında danışa bilərsiniz?

Ümumiyyətlə “bu mənim filmimdir” deməyi sevmirəm. Bu hər kəsin filmidir. Çünki birgə iş kollektiv qabiliyyət tələb edir. Tək qabiliyyət yox, həmçinin də fiziki və ruhən var olmaq və ən əsas da setdə hamının bir-birinə qarşı anlayışlı olması da əsas şərtlərdəndir. Həmişə az-çox eyni insanlarla işləmişəm. Özümü onlarla olanda rahat hiss edirəm və onlara həddindən artıq inanıram. Onlar olmasaydı Bela Tarr rejissor ola bilməzdi. Onlar olmasaydı, mən indi axmaq biri kimi otağımda tək oturacaqdım. Təbii ki, bir rejissor kimi mənim gücüm var, son qərarı mən verirəm və məsuliyyətlə də filmi başa çatdırıram. Hər şeydən əvvəl mənim iş yoldaşlarımın varlığına ehtiyacım var. Baxmayaraq ki, mən artıq film çəkmək işinə son vermişəm, ancaq hələ də mənimlə birgə film çəkən insanlara sual verib məsləhətlər alıram. Məsələn, Fred Kelemenlə Sarayevo Film Akademiyasında birgə işləyirəm. O, kamera1 və kamera2 dərslərini deyir. Biz bir-birimizi çox yaxşı tanımağımıza baxmayaraq (mən bilirəm Fred necə işləyir, o nələri edə bilər, həmçinin o da mənim necə işlədiyimi bilir) ondan nəsə soruşmaq və texniki biliklərini mənimlə bölüşməyini normal hesab edirəm.

0 Şərh:

Yorum Gönder