18 Kasım 2015

"3 Women" - Robert Altman (1977)



"3 Women" 1977-ci il ABŞ istehsalı olan psixoloji dram filmidir. Robert Altmanın rejissorluğunu etdiyi film ilk dəfə 25 May 1977-ci ildə Kann Film Festivalında göstərilib. Filmin baş rollarında Stenley Kubrickin "The Shining"indən də yaxşı tanıdığımız Shelley Duvall, Sissy Spacek, Janice Rule və Robert Fortier oynayıblar. Shelley Duvall isə filmdəki Millie roluna görə  Kann Film Festivalında "Ən Yaxşı Aktrisa" mükafatını qazanıb.

Robert Altman
Rejissorluğa sənədli film çəkərək başlayan Robert Altman hadisələrin Kaliforniyanın çöllük bölgəsində yaşlılara xidmət göstərən bir kurort müalicə mərkəzində cərəyan edən bu filmində üç qadının dərin psixoloji portretini cızıb. Qadın dünyasının mürəkkəb xarakterindən bəhs edən filmin mərkəz nöqtəsində eyni iş yerində çalışan iki gənc qadın və onların kirayə qaldıqları ev sahibinin arvadı dayanır. Film ilk baxışdan ABŞ-ın digər bölgələrinə çox da bənzəməyən Kaliforniya həyat tərzinin fərqliliklərini də izləyicisinə çatdırır.


Texasdan iş dalıyca gələn Pink Rose (Sissy Spacek) Cənubi Kaliforniyanın isti suları ilə zəngin olan bir qəsəbəsindəki müalicə mərkəzində işə başlayır. Burda isə işi öyrənmək üçün onu yenə özü kimi Texaslı olan və uzun müddətdir ki, burada çalışan Millie Lammoreauxa (Shelley Duvall) tapşırırlar.  İki əsas personaj (Shelley Duvall və Sissy Spacek) tədricən bir-biriləri ilə yaxınlaşırlar və sosial mövqelərini birləşdirərək bir yerdə yaşamağa başlayırlar.


Pinky bu qızı bir ideal olaraq görür və ona güvənib onun kimi davranmağa başlayır. Halbuki Millie bilmədiyimiz  bir səbəbdən ətrafında çox sevilən bir insan deyil. İş yerində və qaldığı binada yaşayan insanlara verdiyi salamlar belə qarşılıqsız qalır. Yoldaşları və qonşuları onunla əlaqə yaratmaq istəmir, ondan uzaq durmağa çalışır, hətta arxasınca dedi-qodu eliyirlər. Millie evində parti vermək istəyir lakin dəvət etdiyi qonaqlar belə  bir bəhanəylə aradan çıxırlar.

Millieye isti münasibət göstərən tək insan isə  Edgardır (Robert Fortier). Edgar və hamilə həyat yoldaşı Willie (Janice Rule) həm də Millienin kirayə qaldığı evin sahibləridir. Heç kimlə bir kəlmə belə kəsməyən Willie otel tipində təşkil edilmiş mənzillərindəki hovuzun və işlətdikləri barın divarlarına sürrealist üslubda   qəribə erotik şəkillər çəkməklə məşğuldur. (Rəsmləri real həyatda rəssam Bodhi Wind çəkib). Arvadıyla maraqlanmayan Edgarın isə tək hobbisi spirt, silahlar və motosikletlərdir.



Özünə bənzətdiyi Pinkynin hər davranışını təqlid etməyə çalışan Millie daha sonra onun həddindən artıq uşaq hərəkətlərindən sıxılmağa başlayır və mübahisə zəminində bir gün onu evdən qovmaq istəyir. Bundan təsirlənən Pinky balkondan hovuza tullanaraq intihar etmək qərarını verir. Lakin intihar uğursuz alınır, o həyatda qalmağı bacarır və xəstəxanaya aparılır. Yaddaşın itirən Pinky Texasda onun yanına gələn yaşlı ana və atasını belə tanımır. Bütün bu olanlardan sonar vicdan əzabı çəkən Millie Pinkyə qarşı yaxşı davranmağa başlayır. Belə olan halda hər iki qadının rolları da dəyişir. Üçüncü bir qadının (Janice Rule) da aralarına qatılmasıyla qadınların şəxsiyyətləri əvvəl qarmaqarışıq bir hal alır, daha sonra isə fərqliləşərək və yer dəyişdirərək bir-birinə qarışır. Sonda isə bəlkə də tək bir şəxsiyyət halına gəlir. Film bu baxımdan İsveçli rejissor Ingmar Bergmanın "şəxsiyyət dəyişməsi"ni mövzu edən psixoloji filmi "Persona" (1966) ilə bənzərlik təşkil edir.

P.S Robert Altman kinotənqidçi Roger Ebertə filmin bütün hekayəsini yuxusunda gördüyünü və ssenarini də bu yuxudan ilhamlanaraq yazdığını söyləmişdir.



0 Şərh:

Yorum Gönder