2 Kasım 2015

"The Bothersome Man" - Jens Lien (2006)



"Nə yeyilən yeməklərin dadı var burada, nə isti şokoladın nə də sevişmələrin"

Jens Lienin rejissorluğunu etdiyi "The Bothersome Man" filmi maraqlı mövzusu və xüsusi quruluşu ilə diqqət çəkir. Postmodern bir kino dilinə sahib olan hekayənin ən əhəmiyyətli xüsusiyyəti utopik bir dünyanın təsvir edilməsidir. Filmdə "Hər şeyə sahib olan insan həyatda başqa nədən zövq ala bilər?" kimi bir sual üzərindən cəmiyyətin dinclik anlayışı və fərdin maraqları fərqli bir dillə izah edilir.


Qəhrəmanımız Andreasın (Trond Fausa) timsalında içində yaşadığımız cəmiyyətə uyğunlaşa bilməyən bir adamın tragikomik hadisələrin yaşandığı bir məkana səfərinə şahidlik edirik. Elə bir dünya düşünün ki, orada  insanların yedikləri və içdiklərinin artıq heç bir dadı qalmamışdır. Sevginin mənasının da dəyişdiyi bu dünyada müsbət və mənfi olan hər şeyin aradan qalxdığını görürük. Neytral bir süjet xətti ilə irəliləyən hekayənin atmosferi nihilist bir anlayışa sahibdir. Filmdə insanın təkliyi, müasir cəmiyyətin çətinliyi və insanlığın hissizliyi üzərinə qara bir yumor yaradılmışdır. 

Təsəvvür edin ki, siz bir metro stansiyasındasınız və stansiyada sizdən başqa bir-biri ilə dəlicəsinə öpüşən cütlük var. "The Bothersome Man" Andreasın şahid olduğu və sanki sonsuza qədər eyni şəkildə davam edəcəkmiş kimi irəliləyən bir "öpüşmə" səhnəsi ilə açılır.  Diqqətli baxdığınızda bu "dəlicəsinə" öpüşmənin içərisində heç bir hiss və duyğunun qalmadığının, bir az daha diqqətli baxdığınızda isə eyni öpüşmənin robotlaşmış bir şəkil aldığının və bu cəmiyyətdəki insanların "insan" kateqoriyasına  aid edilən duyğularından tamamilə uzaqlaşmış hala gəldiklərinin şahidi olacaqsınız.


Norveç istehsalı olan film 2006-ci il Kann Film Festivalında ACID mükafatına layiq görülüb. Bundan başqa film qatıldığı müxtəlif festivallardan 19 mükafat qazanıb. Andreas rolundakı Trond Fausaya isə "Ən yaxşı kişi aktyor" nominasiyasında Norveç Amanda mükafatı verilib.

0 Şərh:

Yorum Gönder