Aclıq
... Əgər Tanrıya şükr edirsənsə, mənim üçün də et!
Filmdə 1800-cü
illərdə Danimarkanın bir şəhəri olan Kristianiada yaşayan və bir yazar olan Pontusun
(Per Oscarsson) keçirdiyi ağır günlərdən bəhs edilir. Pontus, günlərinin çoxunu
aclıq və səfalət içində keçirən, tək qazancını ara sıra yazdığı məqalələr sayəsində
əldə edən biridir. İşlərinin heç də qaydasında getmədiyini filmin lap əvvəllərində
anlayırıq (Pontus aclıqdan yazdığı kağızları yeyir).
Qaldığı evin kirayə
haqqını da verə bilmədiyinə görə ev
sahibəsi tərəfindən qovulan Pontusu isə qarşıda daha çətin günlər gözləyir.
Sahib olduğu əşyaları girov qoyaraq aldığı pullar da onun vəziyyətini düzəltməyə
yetmir. Başqa işlər görmək üçün axtarışlara başlayan qəhrəmanımız burada da müvəffəqiyyətsizliyə
uğrayır. Nə olursa olsun həyatı sevən və yaşamaq uğrunda mübarizə aparan Pontus
artıq üsyan etməyə başlayır. Hər şeyin səbəbini tanrıya və tanrının özünə qarşı
pis rəftarına bağlaması ruhunda başqa cür aclıqların meydana gəlməsinə səbəb
olur. Amma bu mənəvi aclıqdan daha ciddi olanı Pontusun mədəsində gündən-günə
böyüyən fiziki aclığıdır.
Per Oscarssonun canlandırdığı Pontus
xarakteri, heç şübhəsiz kino tarixində eyni rolu bu qədər təsirli canlandıran
çox az xarakterlərdən biridir. Pontus ac olmasına baxmayaraq xoşbəxtmiş kimi
davranan, ona yemək almağa çalışan dostuna tox olduğunu söyləyəcək qədər
qürurlu xarakterdir. Bu qədər qüruru isə bir müddət sonra onun
professional bir yalançıya çevrilməsinə səbəb olur. Bütün bunlar azmış kimi
tanış olduğu gözəl bir qadınla olan münasibəti Pontusun işlərini daha da çətinləşdirir.
Danimarka,
Norveç və İsveç ortaq istehsalı olan filmin rejissoru Henning Carlsendir. 1920-ci
ilin Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi Norveçli yazar Knut Hamsunun 1890-cı
ildə yazdığı "Aclıq" romanı əsasında 1966-cı ildə ekranlaşdırılan eyniadlı film, 20-ci əsrin ədəbi açılışı olaraq görülməklə yanaşı
həmçinin müasir və psixo-ədəbiyyatın ən əhəmiyyətli nümunələrindən biri sayılır. Əsərdən uyğunlaşdırma
olduğu üçün ssenarinin müvəffəqiyyətli alındığı inkar edilə bilməz. Filmdə Per
Oscarssonun aktyorluğu da çox uğurlu alınıb. 1966-cı ildə Kann Film
Festivalında ən yaxşı kişi aktyor mükafatına layiq görülməsi də bunu bir daha
sübut edir. Filmdə
Ylajali obrazını canlandıran Gunnel Lindblom isə bizə
Bergmanın "The Seventh Seal", "Wild strawberries" və
"Scenes from a Marriage" filmlərindən tanışdır.
Film, ictimai həqiqətin əhəmiyyətli
nümunələrindən biri sayılır və Danimarka Mədəniyyət Nazirliyi tərəfindən təyin
olunan mədəni kinonun ən yaxşı on filmi sırasında yer alır.
0 Şərh:
Yorum Gönder