2003-cü ildə ekranlara çıxan
“Oldboy” filmi Cənubi Koreya kinosunun dəyər qazanmasına səbəb olan, daha
doğrusu diqqətdən kənarda qalmış Uzaq Şərq filmlərinə yenidən maraq oyadan bir
şahəsərdir. Məsələyə bu aspektdən baxıldığı zaman filmin taleyinin Akira Kurosavanın
“Rashomon”u ilə eyni olduğunu görərik. Eyni taleyi paylaşan bu filmlər arxasını
qərbə dönüb, üzünü şərqə-günəşə doğru çevirmiş bir mədəniyyətin oyanışı
deyilmi? Filmin rejissoru Çan Uk Park Alfred Hiçkok və Roman Polanskiyə olan
rəğbəti ilə tanınır. Rejissor bu filmi ilə sıravi insanların başına heç də
sıravi hadisələrin gəlmədiyini göstərib. Həmçinin bu ekran əsəri rejissorun
“Qisas” trilogiyasının ikinci filmidir.
Chan-wook Park
Film başladığı ilk səhnədən etibarən tamaşaçını cəld bir şəkildə ələ alır, fonda səslənən “Look Who’s Talking” musiqisi ilə kəşfi gözləyən bir qitəyə səyahətə aparır. Üzü seçilməyən naməlum şəxs, intihar etməkdə olan bir digərinin qalstukundan tutmuş vəziyyətdə: “Ölümü sonraya saxla, sənə öz hekayəmi danışacağam” deyir. Bu replikadan sonra film tamaşaçını kənara itələyir və qəhrəmanı ilə üzləşməyə imkan vermir. Tamaşaçı boğazından tutulmuş bir şəkildə obrazın dilindən sadəcə hekayənin bəlli bir qismini eşidə bilir. “Bir heyvandan betər olsam da yaşamağa haqqım yoxdurmu?”
Adı Oh Dae-Su (Min-sik Choi) olan
qəhrəmanımızın adı “insanlarla yaxşı keçinən” mənasını daşısa da
əslində insanlarla yola gedə bilmədiyini göstərmək üçün tamaşaçının qarşısına
polis bölməsində çıxır. Lakin bölmədən çıxdığı gecə naməlum şəkildə yox olur
(xüsusi ilə burada çətirin üstündəki fona diqqət yetirmək lazımdır). Harada
olduğu bəlli olmayan otağa (otağın divarındakı fon çətirin üzərindəki fonla
eyni olduğunu görürük) salınan Oh Dae-Sunun 15 il müddətinə buradakı həyatına
şahid oluruq. Niyə burada olduğuna dair heç bir fikri olmayan qəhrəmanımız, bir
anda hər şeyi yazmağa qərar verir. “Mənasız həyat yaşadığımı fikirləşirdim amma
xeyli günah işləmişəm” cümləsi Oh-Dae Sunun daxili səsi ilə deyilir və film
boyunca Oh Dae-Sunun iç səsi tamaşaçıya bələdçilik edir. 15 il müddətində bir
otaqda saxlanılan Oh-Dae Su buradan çıxıb və bunu edənlərdən qisas almağın
planlarını qurur. Burada diqqət edilməli əsas nöqtə, qəhrəmanın televizor izlədiyi
zaman görünən qısa bir kadrdır. Bu kadrda “Bride of Frankenstein” (1935,
rej. James Whale) filmindən səhnə görünür (məxluqun siqaret çəkdiyi səhnə). Bu
səhnə qəhrəmanımızın məxluqata çevrildiyinə dair kiçik bir mesajdır. Oh Dae-Su
burada qaçmaq üçün plan hazırlayarkən, gözlənilmədən bir binanın ən üst
mərtəbəsində özünü tapır və film yenidən əvvələ qayıdır.
15 ilin qisasini kimdən alacaq?
Necə alacaq? Tamaşaçı bu tip suallar verərkən cavablara aparan açar nəsnələr
ortaya çıxır. Bir telefon, bir portmanat, bir az pul və bir anda zəng: Sən
kimsən? Məni niyə otağa həbs etdin? Suallar, cavablar. Qəhrəmanın zehni
bulanıqlığına səbəb olur. Gedib kafedə canlı osminoq yemək bəzən sağlamlıq üçün
bəzən də zehin açıqlığına xeyirlidir. Kafedə tanış olduğu qızın əlinə toxunan
Dae-Su gerçəyin özü ilə üzləşməyə hazırdır. İki insanı tale yaxınlaşdırır yoxsa
bu insanların iradəsindən asılıdır? Ya da üçüncü bir şəxsin bunu etməyə gücü
çata bilərmi? Artıq bu andan etibarən film tamaşaçını hipnoz etməyə başlayır.
İstifadə olunan metaforalar vəhşiləşmiş məxluq kimi ətrafda gəzişir. Hər
tərəfdə rastımıza çıxan (çətir-Oh Dae-Sunun otağı-dəsmal və hipnoz səhnəsindəki
fon) fon əlaqələri tamaşaçını da qəhrəmanın özünü də gerçəklikdən
uzaqlaşdırır.
Corab söküyü kimi hər şeyi çözələməyə başlayan Dae-Su, sonda 15 illik saxlanıldığı otağın sahibini tapır və Vivaldinin “4 Mövsüm” musiqisinin fonunda dişlərini kəlbətinlə çıxarır. Üstəlik bu əsər filmdə istifadə olunan və soundtrack siyahısında yer almayan tək əsərdir. Zorakılığı poetikləşdirən bu səhnənin oxşarına Stenli Kubrikin “A Clockwork Orange” filmində də rastlamaq mümkündür. “Oldboy” da yer alan bu səhnə “A Clockwork Orange” da Aleksə Bethovenin 9-cu simfoniyasının fonunda edilən ruhi işgəncənin bədən tapmış halıdır. Ardınca koridordakı möhtəşəm bir plan ardıcıllığı ilə davam edən döyüş səhnəsinin bir dəfəyə çəkildiyini də qeyd etsək yerinə düşər. Aldığı yaralar ucbatından yuvarlanan Dae-Sunun köməyinə gələn papaqlı şəxs əlindəki dəsmalı ona verir (diqqət, dəsmalın üstündəki fon yenə eynidir). Axtarışlarına davam edən Oh Dae-Sunun şəxsiyyətinə, şüuruna və həyatına nüfuz edən qisas anlayışı artıq bir vasitə olmaqdan çıxıb onun həyatındakı tək məqsədidir. Beləliklə, film insanın ən primitiv anlayış tərzinə, bir şüuraltı manifestinə çevrilməyə başlayır. Filmdə suallar artdıqca tamaşaçının da zehnini bulandırır, buna baxmayaraq film özünü izlətdirə biləcək qədər şüurları dik saxlaya bilir. Ta ki qisas alınacaq şəxs, “Sən kimsən?” sualının cavabı tapılanadək. Filmin ortası olmağına baxmayaraq Oh Dae-Sunu otağa salan şəxs özünü ifşa edir. Buna görə Alfred Hiçkokun Psixo filmindəki əsas qəhrəmanın filmin ortasında öldürülməsi ilə eyniləşdirmək mümkündür. Filmin sonuna 1 saat qalarkən Li-Vu Jin (Ji-tae Yu) ilə tanış oluruq. Ancaq Oh Dae-Sunun nə edəcəyini bilməməklə yanaşı, hələ qisas üçün bəlli bir planı da yoxdur. Çünki içini yeyən qisas almaqdan çox niyə həmin otaqda saxlanıldığıdır. Qəhrəmanımız maraq hissinə məğlub olur. Maraq hissi insana ən qədim zamanlardan miras qalıb və onun inkişafında mühüm rol oynayıb. Filmin qırılma nöqtəsi də elə buradan başlayır. Li Vu-jin, Oh Dae-Su ilə oyun oynayarkən, tamaşaçı ilə rejissor arasında da bir oyun başlayır. Səhv suallar və səhv cavablar hər şeyin yenidən əvvələ qayıtmağına səbəb olur . Qəhrəmanımız artıq qisasdan uzaqlaşıb və suallara cavab axtarmağa başlayıb. Bu əsnada soruşduğu ən vacib sual “Niyə 15 il müddətinə bir otaqda saxlanılmışam?” olur. Oh Dae-Sunun 15 ilik əzabının səbəbini tapmaq üçün 5 gün vaxtı vardı. “Mənasız həyat yaşadığımı fikirləşirdim amma xeyli günah işləmişəm.” cümləsinin altında əzilməyə başlayır və hər şey yavaş-yavaş aydınlığa qovuşur. Artıq şüuraltındakı hər şey tək-tək ortaya çıxır və əvvəllər işlədiyi günahların əvəzini ödəyir, bunu isə sonra anlayır. Xüsusi ilə keçmişə və şüuraltına etdiyi səyahətə aid səhnələr kino antologiyasında yer ala biləcək potensialdadır. Dae-Su lazım olmayan hadisələrə şahidlik edən bir məktəblidir artıq. Li-Vu Jinin bacısına olan ehtirasını, sevgisini nümayiş elətdirdiyi bir keçmiş yavaş-yavaş canlanır. Yaşanılan qəbul olunmaz sevginin mahiyyətini qavramayan kiçik Oh Dae-Su bu hadisəni hamıya danışır.
Mifologiya görülən insan
davranışlarının bir növ təzahürüdür. Yaşanılan və hiss edilən hər bir duyğu və
hadisələr mifologiyada var. Həmçinin bir çox insani duyğular və olaylar
təkallahlı dinlərdə də baş verib. Qabilin öz bacısını sevməyi və onun uğrunda
qardaşı Habili öldürməyi bu tip cinayətlərin birincisi olmağına dair ən vacib
misaldır. İnsanlar genləri ilə bir-birinə bir çox şeyi miras qoyur: Bu əsnada
“Günahlarımız da miras yolu ilə keçə bilərmi?” sualı qarşımıza çıxır. Eyni
zamanda Hz. Adəmin cənnətdən qovulması və o günahın əvəzini insanoğlunun
çəkməsi bir növ bizə qalan miras-günah deyilmi?
Mifoloji dəyərlərə mötərizə açdıqda, qarşımıza Freydin Elektra və Oidipus kompleksləri, yenə eyni şəkildə və eyni tavan altında birləşir. İstər təkallahlı dinlərdə, istər çoxallahlı dinlərdə olsun insanın şüuraltında yatan insest münasibətlər həmişə qapalı bir qutu, bir tabu olaraq qalacaq. Lakin Oldboy da bu zaman aktivləşir. Kino tarixində az hallarda müraciət olunan mövzunu bir qisas hekayəsi ilə göz önünə gətirir.
Oh Dae-Su otağa həbs olunduğunun
səbəbini tapır. Hesablaşmaq üçün Lee Voo Jinin qaldığı binanın aşağı
mərtəbəsinə gedir. Ancaq qarşısına daha bir sual çıxır. Tamaşaçıları da
yanıldan “Məni niyə 15 il bir otaqda saxlanılmışam” yerinə “Məni niyə azad
etdin?” sualı bir anda yenidən fikirlərdə qarışıqlıq yaradır. Yavaş-yavaş hər
şey aydınlamağa başlayır. Bütün gerçəklər gün kimi parıldayır, bəzi gerçəklər
isə qutuda bağlı şəkildə qalır və ya qalmalıdır. Dae-Sunun qarşısında bir qutu
var (bəs fon kimin yadinda? Çətir-dəsmal-otaq indi də qutu). Qutu açılanda
qəhrəmanımızı alt-üst edən həqiqətlərlə qarşılaşır. Pandoranın qutusunu yenə
bir kişi açır. Qarşısındakı ailəvi şəkillər albomunu vərəqlədikcə restoranda
tanış olduğu qızın öz qızı olduğunu anlayır. Ətrafı sükut ələ keçirir,
qışqırıqlar eşidilməz olur, dodaqlar möhürlənib. Oh Dae-Su öz qızı ilə
yatağa girib! Qəhrəmanımızın açdığı qutunun eynisi qızının da önündədir.
Açılacaq yoxsa bağlı qalacaq? Pandoranın qutusu açıldığında şər dünyaya necə
yayılıbsa eyni zamanda qutunun dibində qalan ümid ilə şərə qarşı dayanmağı
bacarıb insan. Lakin bəzi həqiqətlər bu qutuda qalmalıdır. Bunu göz önünə gətirən
film, Midonun (Oh Dae-Sunun qızı) qutusunun açılmağına icazə vermir və həqiqət
gizlədilir. Bunu bilən Dae-Su qayçı ilə dilini kəsir, bütün bu günahlarının
əvəzini bu şəkildə ödəyir. Film 120 dəqiqəlik xronometraja malikdir və 110 dəqiqə ərzində Oh Dae-Sunun qisas hekayəsini izlədikdən sonra, son dəqiqələrdə U dönüşü edib, Li Vu-jinin eşq hekayəsinə çevrilir.
Film yenə bu şəkildə bitmir, “Bir
heyvandan betər olsam da yaşamağa haqqım yoxdurmu?” cümləsi bu dəfə hipnoz edən
həkimin dilindən deyilir. Qəhrəmanımız artıq dilsizdir və hər şeyi unutmaq,
hadisəni şüuraltının ən qaranlıq diyarına yollamaq üçün bir daha hipnoz
olunmağı seçir. Yenə Vu-jinin qaldığı evin üst mərtəbəsində gözləməkdədir
(diqqət, işıq oyunları ilə hərəkətsiz dayanan Oh Dae-Sunun silueti
Frankensteinə bənzəyir). Məxluq bu kadrdan sonra ölüb, gerçəyi bilən tək insan
da artıq yox olub.
Son olaraq filmin soundtacklərinə
də diqqət yetirsək yerinə düşər. Fondakı “Look Who’s talking” musqisi ilə giriş
səhnəsindəki bağlılıq möhtəşəmdir. Filmin bütün musiqilərinin bəstəkarı isə Co
Yong-Vukdur. Diqqət çəkən məsələ isə musiqi ilə eyni anda gələn səhnələrin
uyğunluğudur. Oh Dae-Su qızını axtararkən arxa planda “The Searchers” musiqisi
eşidilir.
Bir başqa səhnədə Li Vu-jin öz
bacısı ilə sinifdə qaçarkən fondakı musiqi “Breathless”dir. “The Last Waltz”
Martin Skorsezenin muzikal filmlərindən biridir. Hər musiqi bir filmin adına və
o filmin mənasına uyğun gəlir. Digər bir səhnədə- yenə Oh Dae-Sunun uşaqlığına
qayıtdığı səhnədə Li Vu-jin bacısı ilə velosiped sürərkən velosipedin zınqırov
səslərinin fonunda “For from the bell tolls” musiqisi eşidilir. Zınqırov
isə bu dəfə Oh Dae-Su üçün səslənir.
0 Şərh:
Yorum Gönder