29 Ekim 2015

Abel Ferrera və bir neçə filminə qısa baxış

Abel Ferrera
Amerika müstəqil kinosunun əsas simalarından olan Abel Ferrara ölkəmizdə o qədər də tanınmır. Müxtəlif janrlarda film çəkmiş Abel Ferraranın filmlərinin ortaq xüsusiyyəti demək olar hamısının narahatedici olmağı, böyük bir sıxıntı və zülmət duyğusuna sahiblik etməyidir. İtaliya əsilli rejissor filmlərində Amerika cəmiyyətinin qayğılarını, narahatlığını və kabuslarını dilə gətirib. Digər böyük rejissor Skorseze qədər dərin olmasa da bəzi filmlərində  yaşadığı ölkənin arxa küçələrini, kasıb məhəllələrdəki səfaləti, çürüntünü diqqətə çatdırıb. Onun filmləri o qədər qaranlıq və narahatdır ki, bəzi tamaşaçılar onun filmlərini izləməkdə çətinlik çəkir. Bu filmlərə baxmaq üçün sağlam əsəb sisteminə malik olmağınız şərtdir.

Ferrera ilk filmini 1979-cu ildə çəkib. The Driller Killer” adlı qorxu filmində baş rolu da özü canlandırıb. Son dərəcə vəhşi və qanlı səhnələr olan bu istismar filmindən sonra onu məşhurlaşdıran “Ms. 45” adlı filmini çəkir. Təcavüzə məruz qalan gənc bir qızın kişilərdən qisas almağını mövzu edən bu film qorxu janrındadır. Hətta bu filmi kult sayanlar da olmuşdur. 


Daha sonra bir neçə televiziya filmi və 80-ci illərin məşhur serialı olan “Miami Vice”a quruluş verir. Sonradan  baş rolda Peter Vallerin iştirak etdiyi “Cat Chaser” adlı ekran əsəri ilə film-noir janrına müraciət edir. 1990-cı ildə baş rollarında Kristofer Volken və Vesli Snaypsın olduğu “King of New-York” filmini lentə alır. Ardınca Harvey Keitelin baş rolunu canlandırdığı “Bad Lieutenant” filminə quruluş verir. Bu filmi kinokritiklər rejissorun ən yaxşı filmi hesab edirlər. Ancaq bu film də sərt səhnələrdən dolayı bəzi ölkələrdə senzuraya məruz qalıb. 1993-cü ildə yenidən Harey Keytellə işləyən rejissor “Dangerous Game” filmini çəkir. Baş rol ifaçılarından biri də Madonna idi. Amma bu film diqqətləri özünə cəlb etmir. Eyni il Kann kino festivalında Qızıl Palma üçün yarışan “Body Snatches” filmini lentə alır. Bu film 1950-c ildə ekranlara çıxan Don Siegelin rejissoru olduğu filmin 3-cü və ən uğurlu rimeykidi. 1995-ci ildə ən qaranlıq və narahatedici filmi olan “The Addiction”a quruluş verir. Ağ-qara formatda olan film bir vampir hekayəsidir.


Sonra  ən tanınan filmləri olan, baş rollarında yenə Kristofer Volken və İzabella Rosellinin olduğu “The Funeral” adlı mafiya filmi və narkotik aludəçiliyi və şizofreniya haqqındakı baş rollarında Denis Huper, Biatris Dall və məşhur maniken Klaudia Şiferin rol aldığı “Blackout” filmini lentə alır. 1998-ci ildə şizoid elmi-fantastik janrda filmi “New Rose Hotel” və 2001-ci ildə baş rolda Juliet Binoşun yer aldığı “Mary” adlı mistik-fantastik filmlərinə ekran həyatı verir.

Qeyd edək ki, bu filmlər hər tamaşaçı üçün deyil. İçində var olduğumuz bu dünyanın nə qədər zalım və vəhşiləşmiş vəziyyətdə olduğunu kinematoqrafik ustalıqla izləmək, düşünmək və həyata daha fərqli gözlərlə baxmaq istəyisinizsə və kino sizin üçün sadəcə əyləncə vasitəsi deyilsə Abel Ferraranın filmlərinə nəzər yetirin.

P.S. Abel Ferrera filmlərinin ssenarisini Nikolas Cons adlı şəxs yazıb. Deyilənlərə görə bu şəxs Abel Ferreranın özüdür. 

0 Şərh:

Yorum Gönder