27 Ekim 2015

"L'Eclisse" - Michelangelo Antonioni (1962)




L`eclisse filmi, Mikelancelo Antonioninin “Özgələşmə” trilogiyasının son filmidir (bəzi kinokritiklərə görə “İl deserto rosso” filmi trilogiyanın davamı hesab olunur). 1962-ci ildə istehsal olunan filmin baş rollarını Monika Vitti və Alan Delon canlandırıb. Mövzusu bir yazıçı ilə münasibət yaşayan tərcüməçi qadının onunla əlaqəni kəsməyi, birja simsarı olan Piero ilə yeni münasibət qurmağa çalışmağından bəhs edir. Bu zaman filmdə, İtaliyada baş verən iqtisadi möcüzə, kapitalizm, özgələşmə, rabitəsizlik, insanların bir-birinə praqmatik münasibətləri və fərdlərarası əlaqələrdə qırılma diqqətə çatdırılır. Antonioni digər rejissorlarla müqayisədə modern kinoya daha yaxındır. Filmlərində daha çox modern həyata aid xüsusiyyətlər göz önünə gətirilir. Antonioninin xarakteristik xüsusiyyətlərindən biri isə filmlərinin əslində “son” ilə başlamağıdır. 


Michelangelo Antonioni
Leclisse filmində Rikardo ilə Vittorianın arasındakı münasibətin bitməyi “son”un başlanğıcıdır. Rejissor bu səhnədə “səssizliyi” fiziki idrak olaraq istifadə edir. Bununla yanaşı bu element növbəti səhnələrin şəkilləndirilməsində mühüm rol oynayır. Antonioni filmərində məkanın istifadəsi olduqca özünəxasdır. Bunu filmin əvvəlində Rikardonun kresloda oturuş tərzindən anlamaq mümkündür. Məkanın istifadəsi daha çox fraqmental bir şəkildədir. Məkanın bu qaydada istifadəsi Antonioni filmoqrafiyasını vacib xüsusiyyətidir ki, bu onu həm sürrealistlərdən, həm də amerikan eksperimentalistlərindən fərqləndirir. Bununla belə Antonioninin quruluş verdiyi film bəlli bir məna yükü daşıyır. Sürrealistlərdən fərqlənən xüsusi cəhəti isə bu məqamda ortaya çıxır.

Filmin istehsal tarixi 1962-ci ilə təsadüf edir. Bir çox film kimi bu filmi də çəkildiyi dövrün hadisələrindən uzaqlaşdırmaq olmaz. 1962-ci il Sovet Rusiyası ilə Amerika arasında yaşanan Karib böhranı və nüvə gərginliyinin yüksəldiyi tarix idi. Soyuq müharibə də davam edirdi. Nüvə müharibəsinin məşum kölgəsi də daima filmin üzərindədir. Bu ehtimal filmin bir neçə səhnəsində rastımıza çıxan göbələkvari qüllə və Vittoria ilə Rikardonun küçədə gəzdiyi zaman ətrafın boş olması ilə tamaşaçıya çatdırılır. Onlar səhər radələrində ətrafda gəzişərkən qarşılarından keçən tək uşaq bu “apokaliptik” vəziyyətin simvolik təsviridir. Eyni zamanda bu personajların da təcrid olunduğunu göstərir.

Ənənəvi cəmiyyətlərdə insanların şəxsi profilini müəyyənləşdirən vasitələr var. Bunlara din, milliyyət, ailə və s. misal çəkmək olar. Lakin modern bir cəmiyyətdə-Antonionin göstərməyə çalışdığı-bu cür profil anlayışı zədələnir. Vittoria obrazının öz ailəsi ilə rabitəsizliyi, xüsusu ilə anası ilə olan rabitəsizliyi olduqca diqqətə layiqdir. Yaşadığı sevgi münasibəti də onu bu mənada təmin etmir. Bununla yanaşı əslində yaşadığı rabitəsizlik pərişanlıq doğurur və bu da modernizmin yaratdığı səbəblərə köklənir. Bu səbəblərə görə də Vittoria özünü daima inamsızlıq içərisində hiss eləyir. Vittoria isə bunu yaşadığı ani xoşbəxtlik vasitəsi ilə kompensasiya edə bilir. Bunu Vittorianın təsiredici üz ifadələrindən rahat şəkildə anlamaq olur. Ani xoşbəxtlik nəticəsində üzü gülən Vittorianın bir müddət sonra üz ifadəsi dəyişir, qaşqabağını tökür və birdən ciddiləşir. Bunlarla yanaşı Antonioni filmin bir çox səhnəsində Vittorianın öz dünyasına özgələşməyini, varolmanın təməlində dayanan tənhalığı göz önünə gətirir. Bu rabitəsizliyin simvolik təsviri isə, Pieronun maşınını oğurlayan sərxoşun dənizdən ölüsünü çıxaran zaman cansız bədənin maşının pəncərəsindən çölə sallanan əlidir.



Vittorianın yaşadığı tənhalıq, rabitəsizlik olduqca hiss ediləndir. Onun filmdəki qısa çəkən xoşbəxtlik anları heyrətləndiricidir, çünki belə hallarda fəqli bir obrazla qarşı-qarşıya gəlirik. Qalan dəqiqələrdə isə o təcrid olunmuş və tənha haldadır. Antonioninin bizə deməyə çalışdığı isə cəmiyyətdəki bütün strukturların çökmüş vəziyyətdə olduğudur. Bu din ola biləcəyi kimi, ailə və insan əlaqələri də ola bilər. Buna görə də obrazlar tərəddüd və boşluq içindədirlər. Tutunmağa yeri qalmadıqları üçün bir növ məğlubdurlar, bu səbəbdən davamlı səndirləyirlər. Eynilə "Lavventura" filmində Monika Vittinin öz rəfiqəsinin sevgilisi ilə yaşadığı əlaqədə və "La Notte"-dəki Jan Marunun əri ilə arasındakı rabitəsizlikdə dəyərlər sistemindəki boşluğu görmək mümkündür.

Modern insan ağıllı cəmiyyət daxilində ağlın basqısını yaşamağa məcbur olan insandır. Bu ağıllılıq isə burjua həyatında xüsusi ilə gözə çarpır. Modern toplumda ağıl anlayışının əmələ gətirdiyi təzyiq siniflərin bir-biri arasında qurduğu güc olmaqdan çıxıb bütün cəmiyyəti əhatələyib. Tarixi olaraq insanın insana hökm etməsi mərhələsindən ağlın insana hökm etməsi mərhələsinə keçilib. Hökm edən də, hökm olunan da ağıllı sistemin yaratdığı qaydalara görə hərəkət edir. Ağıl insanın və cəmiyyətin üzərinə çıxaraq, onu müəyyənləşdirmiş, hiss və duyğularını kütləşdirməyə başlamışdır. İnsan bu cür təzyiq altında azad deyil. Maariflənmə çağından bəri, insana daha çox azadlıq imkanı yaradacağı düşünülən ağlın əslində insanı məhdudlaşdırdığını görürük.

Bu açıqlamalardan bir sual doğur. Antonioni siyasi filmlər rejisorudurmu? Əlbəttə elədir. Amma o da Jan-Luk Qodar kimi bizə cavabdan çox sual verir və bunu edərkən də hər hansı bir tərəfin mövqeyini qorumur. Filmləri modern cəmiyyət haqqında olduqca təməl suallar verir. Modernleşmənin insanlığa nə qazandıracağı kimi. Antonioninin qəribə bir tərəfi var ki, filmlərində gözlənilməz hadisələr baş verir (bu gözlənilməz hadisələr nəticəsində mövzudan uzaqlaşmalar baş verir). Xüsusilə Marta və Vittorianın əvvəl rəqs etməyi sonra müstəmləkəçilik siyasəti haqda diskussiyası və daha sonra çöldən gələn səslərə görə itləri axtarmağa başladıqlarında meydana gələn hadisələr silsiləsi buna nümunədir. Bu hadisələr silsiləsinin bir-biri ilə bağlılığı demək olar ki yoxdur. Tamaşaçıya daha çox bir-birlərindən ayrı, fərdi səhnə təəssüratı yaradır. Film bu cür rabitəsiz səhnələr meydana gətirməkdədir ki, bu səhnələr də təklikdə bir məna kəsb eləmir. Səhnələrarası məntiq ardıcıllığı ilk baxışda gözə çarpmır. Pioronun bir fahişə ilə görüşü fərdi səhnə təsiri yarada bilər, lakin bu xəfif qadının saçlarına rəng qoymağından dolayı bəyənməməyi onun xarakteri haqda məlumat ötürür. Antonionin bu xüsusiyyəti isə daha çox neorealist köklərə qədər gedib çıxır. Roberto Rosellinin 50-ci illərin əvvəlində çəkmiş olduğu "Viaggio in İtalia" bu tip filmlərdəndir.



Antonioni demək olar ki filmdə musiqidən istifadə etməyib. Onun yerinə dialoqlar, qışqırıqlar və səssizilik Antonioni tərəfindən ən təsirli istifadə olunan elementlərdir. Bu Roma birjasında paqan rituallarını xatırladan gurultu-səssizlik qarşıdurması ilə Vittorianın səssizliyini göstərən səhnələrdə ən yaxşı şəkildə istifadə olunub. Səssizlik vacib bir elementdir. Böyük faciələrə cavab verməyən modern insana bir qınaqdırmı səssizlik?

Antonioni stilinin vacib elementlərindən biri də “ölü zaman” anlayışıdır. "L'Eclisse"-də də “Ölü zaman” anlayışından tez-tez istifadə olunub. Filmin sonlarına yaxın Piero ilə Vittorianin yaşlı cütlüyün arxasında durduğu səhnə bunun klassik bir nümunəsidir. Filmin əsas obrazları bu yaşlı cütlüyün yanından uzaqlaşdıqdan sonra müəyyən müddət kamera onların üzərində dayanır və klassik musiqi dinlənilir. Buradakı zaman anlayışı ssenarinin gedişatından qaynaqlanan zaman deyil. Antonioni burada sadəcə tamaşaçını bundan sonra hekayənin hansı şəkildə irəliləyəcəyinin kənarında düşünməyə vadar edir və bizdən gələcəyə doğru baxmağımızı istəyir. Filmdəki obrazlarda əlaqələrin ölçüsünə dair yaranan boşluq da bu səbəbdəndir.

Film və Antonioni haqda yazılan tənqidlərə, xüsusilə Berqman tərəfindən yazılan tənqidlərə diqqət yetirsək, Berqman Antonionini qeyri-peşəkar və Monika Vittini də bacarıqlı lakin etibarsız aktrisa kimi vurğulamışdı. Berqman ənənəvi film texnikasının ustasıdır. Qaydalara daha çox riayət edir. Lakin Antonioninin bu qaydalara diqqət etdiyini demək olmaz. Onun kino texnikası standartlara uyğun deyil. Ənənəvi kino aspektindən baxıldığı zaman, kamera səhnəyə hakimdir və tamaşaçıya istədiyini göstərir. Antonioninin kamerası isə hər zaman alternativi, mövzudan kənarı göz önünə gətirir. Monika Vittiyə gəlincə… Onunla Antonioni arasındakı münasibət olduqca fərqlidir. Jan-Luk Qodar-Anna Karina ya da Jozef von Sternberq-Marlen Ditrix münasibətləri kimi kamera arxasında rejissorun “gözəllik simvoludur”.

Son olaraq, bu ağır film Antonioni filmoqrafiyasının əsas filmlərindən biridir. Dəfələrlə izlənib müzakirə olunası filmdir təbii ki, əgər filmin əks etdirdiyi zülmətə dözmək mümkün olarsa.

0 Şərh:

Yorum Gönder