Finlandiya
istehsalı “Frozen Land” Aku
Louhimiesin 2005-ci ildə buz bağlamış insanlar haqda lentə aldığı filmdir.
Rejissor bu filmi ilə Tolstoyun “Saxta kupon” adlı
hekayəsindən yola çıxaraq modern insanın laqeydliyi və soyuqluğu ilə yanaşı,
modern cəmiyyətin tənqidi təsvirini yaradır. Filmin orijinal adı “Paha Maa” şəklindədir, "paha" sözü isə pis, yaramaz, ziyanverici mənasını verir. Lakin mövzuya nəzər
yetirdikdə filmin ingiliscə “Frozen Land” adlandırılmağı elə filmin mövzusu ilə uyğunluq təşkil edir. Çünki
Finlandiyanın paytaxtı Helsinkidə baş verən hadisələr silsiləsi məhz elə qarlı,
insanı bıçaq kimi kəsən soyuq atmosferdə cərəyan edir.
Filmdə hadisələr
Niko adlı gəncin dostunun kompüterindən çıxardığı saxta 500 avroya alkoqolik
atasının satdığı maqnitofonu yenidən almağı ilə başlayır. İstifadə olunmuş əşyalar
satan dükandan öz maqnitofonunu alan Niko, həm də satıcıya verdiyi 500 avronun
qalığında gerçək pul alır. Nikonun zəfər sevinci dükandan çıxdıqdan sonra bitir və satıcı qarının dramı başlayır. Ondan sonra aşiq olduğu rəqqas
qızı bahalı axşam yeməyinə çıxarmaq üçün televizorunu satmağa çalışan yaşlı
kişinin məğlubiyyəti. Ondan sonra bir maşın alverçisi, bir tozsoran satıcısı,
bir fahişə, bir polis, ailələr, dostlar, yaxınlar... Kiçik və üstəlik saxta bir
kağız parçasının səbəb olduğu hadisələr zənciri, illərlə davam edən bədbəxtliklə
hasarlanmış insanların hekayəsi.
Finlandiya cəmiyyətindəki
cinayət, narkotik, seks, qəzəb, qorxu kimi mövzulara müraciət edən film
bir-birini tanımayan insanların elə bir-birlərinnə qarşı necə təhlükələr
yaratdığını diqqətə çatdırır. Baş verən hadisələr zəncirinin çatmaq istədiyi əsas
nöqtə filmin 128 dəqiqəlik xronometrajı boyunca həllini tapır. Göstərilən
insanların həyatına oxşar bədbəxtliklərin gerçək həyatda ətrafımızda yaşayan
insanların da başına tez-tez gəlməyi fikri
film boyunca tamaşaçının yaxasından yapışıb silkələyir.
Bir çox beynəlxalq
festivallarda qalib olmağa bacaran film ssenarisi və quruluş tərzi ilə diqqəti
cəlb edir. Üstəlik mövzu etibarı ilə aşağı və orta təbəqə insanlarının çətinliklərlə
və cinayətlə dolu həyatını göz önünə gətirir. Saxta pulun səbəb olduğu hadisələr
zəncirini göstərməklə rejissor pulun insan taleyini həll edən əsas faktor
olduğunu tənqidi şəkildə göstərir-saxta pul, saxta insanlar, baş verən faciələr
isə gerçək.
0 Şərh:
Yorum Gönder