28 Kasım 2015

"Miss Violence" - Alexandros Avranas (2013)



Yunan Yeni Dalğasının gənc rejissorlarından olan Alexandros Avranas lentə aldığı “Miss Violence” filmi ilə 2014-cü il Venesiya film festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülmüşdü. Rejissorun sayca ikinci filmi olan “Miss Violence” ailə konteksində olmağına baxmayaraq, çox ciddi sistem tənqidini özündə ehtiva edir. Avranas Berlində baş verən gerçək hadisədən - kiçik bir qızın intihar etməyindən sonra belə bir film çəkmək üçün ssenari yazır və intihara nələrin səbəb olacağını cavablandırmağa çalışır və bununla belə, öz ölkəsindəki böhran vəziyyətini də göz önünə gətirərək, “baxıb qalmaq” hekayəsinə ekran həyatı verir.




Film ailəvi ad günü səhnəsi ilə açılır. 11 yaşı tamam olan Angeliki üzündəki küskün ifadə ilə şamları üfürür. Ailəvi şəkil çəkdirdikdən sonra Leonard Cohenin “Dance Me to the End of Love” musiqisinin müşaəti iə atası ilə rəqs edərkən Angelikinin üzündəki etinasız ifadəylə daha yaxından tanış oluruq. Evin balkonuna gedən Angeliki mənzərəyə tamaşa edir, əvvəlki etinasız və küskün ifadəsini yığışdırıb həyata son dəfə gülümsəyir və ardınca özünü balkondan aşağı tullayır, 11 yaşlı qız intihar edir. Ailənin digər 6 üzvü cəsədin başına yığılır, filmin adındakı şiddətin ilk hissəsi bu səhnədə qabarır - 6 nəfərlik ailə sadəcə cəsədə baxmaqla yetinir. Bəli baxmaqla, sadəcə “baxan” insanlarla dolu bir ailə portreti. 



Film gündəlik problemlərin müşaəti ilə ailəni göz önünə gətirərkən ağla gələn ilk sual 11 yaşlı qızın öz ad günündə niyə intihar etməyidir. Buna səbəb nədir? Niyə ailə öz fərdinin ölümünü heçə sayır? Filmin böyük hissəsi boyunca tamaşaçı bu sualları ünvanlayır. Ta ki, rejissor son sözünü deyənədək. Ailənin sükanını əlində saxlayan ata obrazı qızlarını və nəvələrini nəzarətdə saxlayarkən qapıların kilidlərini sökür. Ailə sirrlərini mövzu edən filmlərdə bağlı qapılar əsas motiv sayılsa da, bu filmin əsas obrazı olan ata qapıların bağlanmağına icazə vermir və qurduğu ailənin hər fərdinin şəffaf şəkildə göz önündə olmağını istəyir. Hətta rejissor  qapı əlaqəsini gücləndirmək üçün filmdə göstərilən ailəyə qarşı qonşu evin qapısının kilidli olduğunu xüsusilə göstərir. Filmin sonlarına qədər bu qəribə vəziyyəti aydınlaşdırmaq çox çətindi. Sonda isə film tamaşaçı ilə açıq oyuna girir. Nənə rolunda heç səsini çıxartmayan passiv qadın, Angelikinin anası rolunda ruhi xəstə olan ailənin qızı və nəzarət altında olan robot kimi nəvələr; hamısını avtoritar, şiddətli qanunlarla idarə edən  ata obrazı qızlarını hətta nəvələrini də cinsi istismar edir. Angelikinin də bu sistemə daxil olmadan əvvəl intihar etməyi üzə çıxanda əslində intiharın bir qaçış olduğunu, ailə üzvlərinin onun cəsədinə keyləşmiş şəkildə baxmağının isə bu qaçışın onlarda ikrah hissi oyatmış olduğunu anlayırıq. Filmdə şiddət bir daha ailədə qabarır və hər bir fərdi ələ keçirir. Ailə üzvləri əxlaqın və azadlığın yox sayıldığı işlər görərək həyata tutunurlar. Hətta intihardan sonra şiddətin özünü aydın şəkildə büruzə etməyinə baxmayaraq ailə özvlərindən heç biri yuvadan çıxmır. Ya sistemə tabe olub onun bir köləsi olmalısan, ya özünü öldürüb sistemdən qaçmalısan, ya da qapını bağlayıb gizlənərək sistemin unutduğu fərdlərdən biri olmalısan. Ancaq nə olur olsun çölə çıxıb sistemi dəyişdirməyə cürət etməməlisən. Filmin demək istədiyi və göstərdiyi əsas problem sistemə dirənir və ona öz tənqidini digər bir yunan rejissorun lentə aldığı “Dogtooth” filmində olduğu kimi ailə konteksindən tamaşaçıya çatdırır. Avranas açıq bir şəkildə dövlət - ata, ölkə - ailə müqayisəsi etdiyi hekayənin sonlarında baş verən heç bir şeyə səs çıxarmayan ana personajının atanı bıçaqlamağı və ilk iş kimi qapını kilidləməyi filmdə tutarsız bir çarə kimi təsvir edilir. 


“Miss Violence”  ailə sirrləri kimi dəyərləndirilən mövzusu və şiddət konteksinə uyğunlaşdırılmış təhkiyəsi ilə minimalist filmdir.  Avranas bəzi səhnələrdə tamaşaçını sıxmağa çalışsa da, hadisələr zənciri filmin marağını öldürmür. Filmin retro atmosferi və solğun rəngləri ailə fərdlərinin soyuq hal və hərəkətləri ilə uyğunluq təşkil edir. Xüsusilə aktyorların qan donduran ifaçılığını da vurğulamaq yerinə düşər. 2014-cü ildə Venesiya film festivalında “Ən yaxşı rejissor” və “Ən yaxşı aktyor” nominasiyalarında qalib olan film Yunan Yeni Dalğasının ən yaxşı filmlərindən biri kimi yadda qalmağı bacarır.



0 Şərh:

Yorum Gönder