11 Kasım 2015

"Martyrs" - Pascal Laugier (2008)



Fransız rejissor Pascal Laugierin quruluş verdiyi "Martyrs" filmi dinamik ssenarisi ilə tamaşaçıya gözünü ekrandan çəkməyə imkan vermir. Qorxu janrı kinosevərlərin az-az müraciət etdiyi bir janr olsa da "Martrys" şiddət və işgəncə mövzusunu sonacan səlis şəkildə işləməyi bacarır. Həmçinin tamaşaçını qorxutmaqla yetinməyib əksinə sərt üzünü göstərmək üçün zorakılıq ünsürünü bəlli bir məntiq ardıcıllığına uyğunlaşdırmaqla işinin öhdəsindən artıqlaması ilə gələ bilir. Eyniylə Gaspar Noenin "İrreversible" və Lars von Trierin "Antichrist" filmlərində olduğu kimi.

Martyrs latın dilindən tərcümədə şahid olmaq və eyni zamanda işgəncəyə məruz qalaraq müqəddəs bir döyüş uğrunda “şəhid olmaq” mənasının verir. İlk etapda filmin adının niyə “Martyrs” olduğunu anlamaq mümkün deyil. Ancaq ssenari mütəmadi olaraq yolunu dəyişib ağılagəlməz istiqamətlərə yönəldikcə adın filmə mükəmməl şəkildə oturduğunu anlayırıq.

Film qana bulaşmış bir qızın-Lusinin qışqırıqlar ilə köhnə bir binadan çıxaraq qaçması ilə başlayır. Ardınca filmin titrləri yazılan əsnada Lusinin bir psixi xəstəxənada müalicə gördüyünə dair bir sıra kadrajlar görürük. Onun burada başqa bir xəstə olan həmyaşıdı Anna ilə dostluq qurduğunu, Annanın Lusiyə kömək etdiyini, daima yanında olduğunu başa düşürük və bu detalın altından xətt çəkirik. Filmin sandığındakı gizlədiyi pambığı ortaya çıxarması ilə illər sonra, səhər yeməyi masasında günlük məsələlərdən bəhs edən 4 nəfərlik modern bir ailə ilə qarşımıza çıxır. Ailə yeməkdə ikən Lusi birdən-birə evə daxil olur və sözügedən ailənin bütün üzvlərini tüfənglə öldürür. 


Lusi illər əvvəl ona işgəncə edənlərdən qisas almaq üçün ona dəstək olacağına söz vermiş Anna ilə öldürdükləri ailənin üzvlərini basdıraraq faktları ört-basdır etmək istəyirlər. Lakin Lusinin daima arxasınca qaçan, mütəmadi olaraq ona əzab verən insanabənzər bir məxluqla da mübarizə aparması işləri çətinləşdirir. Anna Lusinin bitib tükənmək bilməyən hirsli davranışlarından və şiddətə meyilli hərəkətlərindən narahat olsa da evin zirzəmisində rastına çıxan həqiqət, onun həyatını heç ummadığı bir nöqtəyə çevirir. Filmin mövzusunun təməli isə çox sadədi. Təşkilatlanmış bir qrup və ya bir növ təriqət, gənc qızları qaçıraraq onlara işgəncə edir. Qurbanlarının ölməyinə isə əsla icazə vermirlər, hiss etdikləri əzabı daimi yaşamaqları üçün işgəncələri stilizə edirlər. Dolayısı ilə Lusi, xilas olduğu o təriqətə bağlılığı olan ailəni illər sonra tapmış, kişi və qadını öldürərək qisasını almışdır. Lakin Annanın aqibəti isə daha dəhşətli olur.


Martrys filmini orijinallaşdıran birinci ünsür işgəncəyə verdiyi məna yüküdür. Filmdəki gizli təriqətin inancına görə “əzab müqəddəsdir”. Əzab çəkən insan ibadət ediləsi insandır. Belə ki, əzab çəkən şəxsin iztirabları maksimal bir ölçüyə yüksəlməli, dünyəvi hisslərdən uzaqlaşaraq tanrıya yaxınlaşmalıdır. Yəni həm şəhid, həm də həqiqətə şahid olmalıdır. Əzab çəkən şəxs ləyaqətlidir. Bu təriqət də ələ keçirdikləri qızları işgəncələr verərək nirvanaya çatmaqlarını təmin edir. Digər yandan da işgəncə verərkən qurbanların gözlərində yazılanları oxumağa çalışırlar. Çünki tanrının da əzab çəkənin yanında olduğunu düşünürlər. İslam dinindəki şəhid olanların canlarını Əzrayıl tərəfindən yox, məhz Allah tərəfindən alındığı düşüncəsi bu filmdə funksionallaşır. Dolayısı ilə ilk baxışda hesab olunanın əksinə seçilən qızlar tanrıya bəxş olunan “qurban” deyil, işgəncə görən qız heyranlıq bəsləniləcək bir müqəddəs varlıqdır. Təriqətin düşüncəsinə görə seçdikləri qıza verdikləri əzab onları hidayətə çatdırır. Sadist və mazoxist bir əzab fetişizminin əksinə, əzabsevərliyin tanrıya qalxmağın tək pilləkəni olduğu düşüncəsinə malikdir film.

Məsələyə bu yöndən baxanda Anna ilə bərabərləşdirilən ilk fiqur İsa peyğəmbərdir. Onun böyük işgəncələr görərək çarmıxa çəkilmə hadisəsi; günahsız olduğu halda bütün insanlığın günahlarını öz öhdəsinə götürməsi, hər kəs üçün əzab çəkməsi və sonda əzablarının zirvəyə ucalmasına paralel şəkildə göyə merac etməsi kimi hesab olunmurmu? Bir çox xristian məzhəbində əzab çəkməyin vacib bir proses sayılması boş deyil. Martyrsdə Anna, Həzrəti İsa fiquruna çevrilərək işgəncələr vasitəsi ilə sirrlərə yiyələnir. Lakin əzaba ən çox tab gətirən qadınlar olduğunu deyən film, Həzrəti İsa fiquru ilə yanaşı Həzrəti Məryəm kimi bir “madre dolorose / əzabkeş ana” fiqurunu da diqqətə gətirir. Beləliklə qadın və zorakılıq əlaqəsinə dair qüvvətli bir alt mətin ortaya çıxır. Kilsə tərəfindən əvvəlcə yandırılan 450 il sonra da müqəddəs elan olunan Janna Darkı bu səbəbdən yada salmaq olar. Qadın istər aktiv olsun, istərsə də passiv inanclarda və mədəniyyətdə əzabla sınanması qaçınılmazdır. Əzabın müqəddəs hesab olunması tək xristianlıqda deyil təbii ki. Çox köklü anlayışdır bu və filmin yuxarıda sadalanan xristianlıq ünsürlərini açıqlıqla bəlli etməməsi doğru seçimdir. Beləcə mövzunu tək ehtimala yönləndirmədən azad şəkildə düşünməyimizə imkan yaradır. Avropanın ən qədim dillərindən olan almancada “ağıllı” sözü ilə “əzab” sözünün eyni kəlmə ifadə edir: “schmerz”. Həmçinin ingilis dilində də “ağıllı” və “əzab” sözləri də eyni kəlmə ilə ifadə olunur: “smart”. Ağıllı insan əzab çəkməlidi. Elə isə dərinə enib filmin bizə işarə elədiyi yerə gedək.


Qeybə çəkilmiş qitə Atlantidadan Qədim Misirə gələn bir insandan bəhs olunub: Hermes Trismegistus (yəni “Üç Dəfə Böyük Hermes”). Bu ustadın, Qədim Misirin formalaşması, elm sahəsində köklü dəyişikliklərin baş verməsi mövzusunda böyük köməyi olduğu deyilir. Yunan mifologiyasında və İslam inancında-Hermes / Hürmüz / İdris-özünə yer tapıb Hermes. Qədim Misirdə əvvəlcə Hermesçilik təriqətini qurmuş, zaman keçdikcə rahiblər və xalq tərəfindən müdriklik tanrısı Tot kimi adlandırılmışdı. Hermesçilik tarixdə əzab çəkmək fikirini ilk ortaya atan təriqət idi. Hermesə inanc gətirən rahiblər özlərini işgəncələrlə dolu bir sınaqla yoxlayıb, labirintlərdən keçib, hər qapıda müxtəlif əzablara tab gətirirlər. Onların bu əziyyətli səyahəti yerin mərkəzinə doğru uzanan qaranlıq koridorlarla davam edirmiş. Beləcə “Hermes otağı” deyilən hücrəyə gəlib çatırlarmış. Bu otaqda isə oruclar tutub işgəncələrə sınanırlarmış. Sonda isə Hermes dözə bilən rahibi hidayətə çatdırırmış. Bu tarixi bilgilərin işığında filmə nəzər yetirdikdə, Anna evin salonunda təriqət üzvləri tərəfindən ələ keçirilir, gizli keçiddən aşağıya endirilərək koridorlar boyu süründürülməsi və ikinci bir keçiddən təkrarən aşağıya endirilməsi və sonra qaranlıq bir otağa gətirilərək işgəncə görməsi Hermes rahiblərinin sınaqları ilə olduqca paralel deyilmi? Üstəlik Anna da aldığı zərbələrin və gördüyü zorakılığın sonunda əzabla barışır, təslim olur və meraca yüksəlir. Bu sxem Kabbala inancı ilə və bu inancın İslamdakı qarşılığı Sufiliklə də yaxınlıq qurur. Təsəvvüf dərgahında da inanc sahibi olmaq və tanrıya ucalmaq üçün yer altındakı otaqlarda əzablara qatlaşılmırmı?

Martyrs öz hekayəsini bu istiqamətdə qurarkən həm də inancların içindəki bu çiləkeşlik anlayışı haqqında düşünməyə, daha doğrusu təsvirini cızmağa çalışır, həm də əzabı müqəddəsləşdirən insanlığın yanlış yolda olduğunu göstərir. Tənqidi oxlarını, gizli təriqət vasitəsi ilə bütün insanlıq tarixinə yönəldir. Çünki işgəncəyə olan bu kor ehtirasın insanları əslində cəhalətə doğru sürüdüyünü, məhv etdiyini və sevgi kimi əzabdan daha müqəddəs olan duyğunu əridib yox elədiyini deməyə çalışır.


Digər yandan da “qadına qarşı zorakılıq” mövzusunda da eyni ironik təsvir dilindən istifadə edir. Madmazel deyə çağırılan təriqət liderinin “qadınlar daha güclüdür, əzaba ən dayanıqlı olanıdır” replikası, müasir dövrümüzün də qanayan yarası olan, qadınlara yönələn zorakılığın bir seksist güc birliyinin qaçınılmaz nəticəsi deyil, hər kəsin-qadınların özü də daxil olmaqla-qadına qarşı zorakılığın tətbiqinə dair bir tezisə çevrildiyini ortaya qoyur. Filmdə də bu tezisin bir ruhi pozğunluq olaraq dəyərləndirilməsinin lazım olduğunu, yoxsa bu şiddət arzusunun getdikcə güclənəcəyini göz önünə gətirir. Filimin əvvəlində Lusinin işgəncə hücrəsindən qaçdıqdan sonra qisas alma mexanizminə çevrildiyini diqqətə gətirsək, ovun ovçuya çevrildiyini, əslində isə sistemin insanları bir-birinə qırdırdığını da aydın görmək mümkündür. Lusi əvvəlcə sözügedən ailənin evinə girərək ana və atanı öldürür. Amma bununla da yetinməyib ailənin oğlu və qızına da mərhəmətli davranmır və onlara valideynlərinin aqibətini yaşadır. Evin qadını yaralı ikən qaçmağa çalışarkən Lusi onun başını əzib una çevirir. Yəni film, Lusinin sistem tərəfindən bir ölüm maşınına çevrildiyini dəqiq təsvirlərlə tamaşaçıya göstərir.

Eyni zamanda öldürülən və evlərinin zirzəmisində işgəncə otağı olan cəmiyyətin çəyirdəyi olan bu ailə də filmi güclü edən faktorlardan biridir. Çünki film, qurduğu simvollarla bir növ cəmiyyətin məhəng daşı sayılan ailə qurumunun alt qatında zorakılıq anlayışının mövcud olduğunu əhatəli şəkildə nəzərdən keçirir. Onsuz da Annaya zorakılıq tətbiq edən “ana” və “ata” personajlarını xatırlatmırmı? Annanı ölümcül şəkildə döyənin qüvvətli bir kişi olmasına və yemək yedirib təmizləyənin isə ortayaşlı bir qadın olmasına xüsusi diqqət yetirmək lazımdır.

Son olaraq onu deyək ki, Pascal Laugierin yazdığı ssenarisi və stilizə edilmiş rejissorluq qabilliyyəti ilə Martyrs filmi bol qatlı bir vizual mətnə çevrilib. Kinosevərlər üçün dişə vurmağa dəyər qorxu və triller janrını özündə ehtiva edən bir filmdir. Hətta bir müddət sonra kult filmə çevriləcəyinə də “şahid ola” bilərik.

0 Şərh:

Yorum Gönder