17 Kasım 2015

"Caravaggio" - Derek Jarman (1986)

                                                                  

Rəssam, yazıçı ya da şairlərin həyatı haqda film çəkmək çətin məsələdir. Çəkilən film həmin insanın başına gələn hadisələrə ekran həyatı verməkdir. Bu ekran işində ön plana çıxarılan, haqqında film çəkilən sənətçinin kino vasitəsi ilə yenidən yüksəldilməyi ya da sadəcə bəsit şəkildə həyatını bilməyənlərə məlumat xarakterli informasiya ötürməkdir. Unudulan isə kinonun da bir sənət vasitəsi olmağıdır. Rəssam və ya ədəbiyyatçıların eləcə də digər peşə sahələrində iz qoyan insanların həyatını hekayələşdirmək rejissordan çox bioqrafiya yazıçısının işidir. Həmin bioqrafiyanı vizual şəkildə ekrana köçürmək bəsitlikdən başqa bir şey deyil. Bunun səbəbi kinematoqraf olmağı bacara bilməyən rejissorların sadəliyə qaçmağıdır.

Derek Jarman
Derek Jarman! Jarman bioqrafik filmləri ilə yuxarıda bəhs olunan bəsitlikdən qaçan rejissordur. Rəssam Mikelancelo Caravaggiodan bəhs edən “Caravaggio” filmi 1986-cı ildə lentə aldığı bioqrafik filmlərdən biridir. Jarman Carvaggio haqda film çəkərkən onun həyatını təhkiyə etmək əvəzinə onun həyat yolu ilə birgə irəliləməyi seçir. Bu seçimin səbəbi isə  Caravaggionun əsərlərinə yaxınlaşmaqdır. Jarman əlindəki digər bir sənət vasitəsi olan kino ilə, yəni öz qüvvəsi ilə Caravaggioya yaxınlaşıb onu “öpməyə” cəhd edir. Demək olar bütün səhnələri Caravaggionun rəsmlərinə bənzədərək qurur. Film vasitəsilə Caravaggionun 400 il əvvəlki modelləri ilə öz modellərini (aktyor və aktrisalar) yaxınlaşdırır, ortaq bir məkanda onları eyniləşdirməyə çalışır. Ortaq məkan anlayışı isə Kino və Rəsm arasında bir fərqin olmadığı ərazini özünə məskən edir.

Caravaggio (Concert, 1595)

Derek Jarman (Caravaggio, 1986)
Caravaggio öz rəsmlərindən yaranan “Tenebrizm” cərəyanını öncülüdür. Düzdü, Caravaggio yaşayarkən belə bir cərəyan yaradıb onun lideri olmayıb. Sonradan sənət araşdırmaçıları Caravaggio kimi işıqdan istifadə edən və konkret zorakılığı özündə birləşdirən rəsmləri və rəssamları “Tenebrizm” cərəyanının bir parçası olduğunu deyiblər.

Caravaggio (əsl adı, Michelangelo Merisidir) nə vaxt və nə üçün öldüyü dəqiq bilinməyən rəssamdır. Həyatı haqda da bilinən çox az məlumat var. Doğulduğu şəhər Milanda bir məmuru yaraladığı, bundan sonra Romaya qaçmağı onun haqda bilinən məlumatlardır. Lakin Romada yenidən bir cinayət törədir və bu cinayətdən sonra Napoliyə, oradan da Maltaya qaçır. Maltada da boş oturmayan Caravaggio bir  cəngavəri yaraladığı üçün zindana salınır. Bu məlumatlara nəzər yetirdikdə Caravaggionun rəsmlərində əks olunan zorakılığın öz həyat tərzinə uyğun gəldiyini görərik. Macəra dolu həyatı olan Caravaggio filmə çəkilmək üçün ən uyğun sənət adamlarından biridir. Lakin Jarman macəra janrının çörəyini yeməkdənsə, Caravaggionun həyatını da, sənətini də başqa bir sənət əsərinə çevirməyi üstün tutur.

Rejissor bu filmdə, Caravaggionun bütün həyatını qısa mərhələlərlə tamaşaçıya təqdim edir. Filmdə Caravaggionun rəssamlığa necə başladığı, kilsə ilə yaşadığı gərginliklər, çətin keçən ömrünün son günləri parça-parça təhkiyə edilir. Lakin Jarman tək-tək bu mövzulara daxil olmur, 3-5 dəqiqəliyinə ötəri nəzər salır. Buna görə də filmdə xronoloji ardıcıllıq yoxdur. Filmin dağınıq bir quruluşa malik olduğunu da deməliyik. Belə ki, filmin bir səhnəsində rəssamın ölüm ayağında olduğunu, növbəti səhnəsində isə gənclik illərinə qayıtdığını görmək mümkündür. Amma Jarman film və rəsm arasında həmahəng atmosfer yaratmaq üçün cəmi bir dramatik mövzuya müraciət edir. Bu dramatik quruluşun təməlini isə Caravaggionun modelləri ilə olan əlaqəsi təşkil edir. Bu əlaqələr bəzən rəssamın əsas güc mənbəyi şəklində, bəzən də gücünü itirdiyi anda düşdüyü vəziyyət şəklində əks olunub. Hər modeli ilə yaxın münasibət quran rəssam bir tərəfdən onlara rəğbət bəsləsə də, digər tərəfdən onları alçaltmaqdan da çəkinmir.



Caravaggionun modelləri arasında ön plana çıxan isə “Bakirə Məryəm” tablosunun modeli olan Lena obrazıdır. “Bakirə Məryəm” tablosu üçün Caravaggionun istifadə etdiyi bu modelin  dövrünün məşhur fahişələrindən biri olduğu kilsə tərəfindən aşkarlanır. Bu səbəbdən də Caravaggio kilsədən qovulur və ölümə daha da yaxınlaşır. Filmdə bu fahişəni Tilda Swinton canlandırıb.  Lakin Jarman filmdə Lenanı fahişə kimi təqdim etmir, onun yerinə Caravaggionun da aşiq olduğu və sonda qısqanclıq cinayətinə qurban gedən bir qadın kimi təqdim edir. 

Bakirə Məryəm (Caravaggio)


Derek Jarman yavaş-yavaş göstərdiyi hər Swintonlu  səhnədə onu müqəddsələşdirir. Belə bir oxşarlığı Godard “Vivre Sa Vie” filmində Anna Karina üçün etmişdi. Amma Godard Annaya aşiq idi. Bu səbəbdən bu müqəddəslik və ya ucaltma normal sayıla bilər. Lakin bilinən qədəri ilə Derek Tildaya aşiq deyildi (Derek Jarman homoseksual idi. Cinsiyyət məsələsini bir kənara qoysaq Tildaya aşiq olmamaq mümkün deyil).


Caravaggionun rəsm əsərləri artıq modern zamanda pop məhsul kimi alınıb satılır, rəsmləri rahatlıqla bəyənilir. 400 illik rəsmləri köhnə olduğu qədər həm də yenidir. Bu səbəbdən saxta bir məhəbbətlə də olsa sevilir. Derek Jarmanın filmi isə Caravaggioya yeni bir baxış gətirir. Çünki Jarman ona yaxınlaşmağın ən gözəl yolunu tapır və bu səbəbdən onu yeniləşdirir.

Rəssam əsərərində ən çox qollara diqqət verir. Qollar həmişə artıq bir obyekt kimi görünür. Buna görə də əsərlərində qollar bir istiqamətə doğru gücsüz  şəkildə uzanır və ya ölmüş bir insanın qollarına bənzəyir. Ömrünün sonunda Caravaggio sifilisə düçar olur(?), Jarman isə QİÇS-dən ölür. Xəstəlik bu hekayələrin sonunda peyda olur, hər ikisini də gücsüz və ya ölü qolları ilə qucaqlayır. 

0 Şərh:

Yorum Gönder