23 Kasım 2015

"Black Swan" - Darren Aronofsky (2010)



Darren Aronofsky 1998-ci ildə 60 minlik büdcə ilə lentə aldığı ilk filmi “Pi” ilə adını tanıtmağı bacarmışdı. Modern klassik hesab olunan “Requim for a Dream” isə onun məşhurluğunu ikiyə vurmuşdu. 2010-cu ildə ekranlaşdırdığı “Black Swan” filmi də onun uğurlu işlərindən hesab olunur. Ssenarisi Andres Heinzə məxsus olan “Black Swan”, “Qu Gölü” baletində müxtəlif rəqslərin səbəb olduğu vizual gözəlliklə təhkiyə edilir.

Filmin əsas personajı Nina (Natalie Portman) milyonlarla insanın yaşadığı New Yorkda baletə həddən artıq diqqət göstərən gənc qızdır. Bir vaxtlar özü kimi balet rəqsi ilə məşğul olan anası ilə bir evdə yaşayır. Balet rəhbəri Leroy (Vincent Cassel) yeni mövsümdə səhnələşdirəcəyi “Qu Gölü” baleti üçün yeni balerina axtradığını öz qrupunun diqqətinə çatdırır, lakin öz beynində ikili rol üçün Ninanı seçir. Nina isə bu ikili rolun ağır yükünü daşıyarkən bir başqa balerin Lilynin (Mila Kunis) onun roluna göz dikdiyinin fərqinə varır. Ancaq onun mübarizə apardığı tək problem Lily deyil həm də öz psixoloji vəziyyətidir.

Çaykovskinin 4 pərdəlik əsəri olan “Qu Gölü” musiqisi və xoreoqrafiyası ilə məşhur bir baletdir. Əsərin məşhur olmağına başlıca səbəb əsas personajın bir-birinə əks olan 2 xarakteri bir bədəndə birləşdirməyidir: Ağ qunun xarakteri kişilərlə münasibətdə mühafizəkar rəqslərlə açılarkən, qara qunun könül əyləndirən xarakterik cəhəti şux rəqslərlə diqqətə çatdırılır. Filmdə də məhz Mələklə - Şeytanı xatırladan bu psixoloji qarşıdurma ön plana çıxarılır.


Qara və ağ qunu canlandırmalı olan Nina filmin açılış səhnəsindən ziddiyət içərisində olduğu vizual təsvirini tapır. Kabusdan oyanan zaman kamera onun otağının bütün xırda detallarını göstərir  və bu zaman  parlaq işığın otağa dolmağı,  bununla yanaşı uşaq məsumiyyətini xatırladan oyuncaqları, onun yetəri qədər gün üzünə çıxmayan probleminin olduğuna işarə edir. İçə qapanıqlığın, duyğu boşluğunun rəngi sayılan ağ, Ninanın ağ rənglə örtülü yatağında qara bir çiçək naxışı ilə ikiyə bölünür. Onun şüurunun get-gedə qaralmağı Ninadan başqa hər kəsin qara tonallıqda geyindiyi paltarlarla dəstəklənir. Ninanın ağ dekorasiyalı metro pəncərəsindən özünü izləməyi, qatarın çıxışındakı qara rəngli koridordan keçməyi, onun digər yönünü kəşf etməyi üçün daxili bir səyahətə yollandığının təsvirini yaradır.

Hər insanda qondarma şəxsiyyət ilə gerçək şəxsiyyəti ziddiyət təşkil edir. Amma şüur insanın boğucu həyat tərzindən geri çəkilərək qondarma şəxsiyyətin dominantlığını qəbul edir: Ninanın bütün film boyu təzyiq altındakı ruhi vəziyyəti hallusinasiyalar vasitəsilə özünü göstərir. Ninanın belindən çıxan qara qu qanadı kimi səhnələr psixoloji təzyiqin onda yol açdığı pozuntunun vizual təsviridir. Psixoloji təzyiqin əsas mənbəyi kimi onun anası ilə olan münasibətində də görmək olar. Ana uğurlu balet həyatını 28 yaşında Ninaya hamilə qalarkən sonlandırmışdı. Buna görə də qzına qarşı nəzarətçi davranışları onun həyatını çərçivəyə salır. Beləliklə, Ninanın içinə qapanıqlığının dərinləşməyi onun qara quya çevrilmə metaforası ilə təsvir edilir.


Yaşadığı meqapolisdə sosial mühitdən uzaqlaşmış, həyatını ev və etdiyi məşqlər arasında məhdudlaşdırmış Nina, böyük şəhərin mühitində əzilərək öz iç dünyasına qapanmış insan tiplərindən fərqlənmir. Film boyunca onun dəymədüşərliyi, ağlağan portreti üz quruluşunda əks olunur. Sadə şeylərə qarşı xüsusi həssaslıq göstərən Nina Lilynin də komandaya qatıması ilə daha da həssaslaşır və ən xırda sözlərə belə ağlamaqla qarşılıq verir. Ninanın ağ qu halına qarşı Lily qara qu ilə onun tam əksidir. Ninaya nisbətən daha qaraşın olan Lily, geyimləri, makyajı, rəqsi ilə daha çox həzz almağa çalışır ki, bu da qara qunun xarakterinə uyğun gəlir. Sosial mühitə uzaqlaşma, ananın nəzarətçi rəftarı, baletin səbəb olduğu təzyiq, Lilynin onunla rəqabətdə irəli getmə cəhdləri, balet rejissorunun istək tənqidlərinə məruz qalmağı Ninanın şəxiyyətində parçalanmaya səbəb olur. Bu parçalanma kənarları bir çox hissədən ibarət olan və ortasında daha dar görüntü əks etdirən güzgü motivində özünü tapır ki, Nina bu parçalanmalar arasında öz şəxsiyyətini qorumaq üçün əlindən gələnin ən yaxşısını etməyə çalışır.

Aronofskynin bir çox filmində olduğu kimi bu filmində də səhnələrin quruluşunda eksperimentallığa daha çox yer verir. Balet səhnələrində fırlanma fəndlərini yerinə yetirərkən, eləcə də güzgü qarşısında məşqlər zamanı tullanan balerina ilə birlikdə kameranın da hərəkəti buna misaldır. Həmçinin Natalie Portmanın Nina rolundakı ifası filmin əyləncəli balet nümayişindən daha çox dramatik çəkiyə malik bir filmə çevirir. Sonda  ağ qu ilə, qara qunun səhnədə əksi dramatik həddə çatır və Nina buxarlanaraq quya çevrilir.

0 Şərh:

Yorum Gönder