15 Kasım 2015

"The Voyager" - Volker Schlöndorff (1991)

                                                           

“The Voyager” Max Frischin “Homo Faber” romanından Volker Schlöndörfün 1991-ci ildə ekranlaşdırdığı filmdir. Filmdə Frisch və Schlöndorffün avtobioqrafiyasının təsirləri özünü göstərməkdədir. Baş rollarda Sam Shepard və Julie Delpy yer alıb.

Filmin əsas qəhrəmanı Faber elmi işçi  olmağına baxmayaraq, başına gələn hadisələr daha çox sənət və mifologiya konteksindədir. Onun soyuqqanlı bir şəkildə dünyanı idarə etmək istəyinə qarşı, tale ya da əvvəlcədən hesablanmış təsirini bağışlayan bir sıra hadisələr salamlayır. Bu minvalla Faber bir oyanış yaşayır, o avtomatlaşdırılmış bir dövrün insanı ikən Orta Amerikada ölümlə qarşı-qarşıya gəlir. Bu qarşılaşma onu yuxudan oyadır, dirilməyi üçün öz “ölü”sünü görür.

Filmdə ziddiyyətlər əsas gücə sahibdi. İbtidai meşə həyatına qarşı Nyu-Yorkdakı rahat mənzil; elmin yeni dünyası və texnoloji inkişafa qarşı muzeylərin köhnə atmosferi, operalar, köhnə dövrlərin qalıqları; ən əsası atanın roluna qarşı aşiqin rolu kimi kəsişən mövzular diqqəti cəb edir. Filmin mövzusu ağıl/ehtiras, texnologiya/sənət, robot/bədən, təcrübə/gənclik, təsadüf/tale, şimal/cənub və Amerika/Avropa ziddiyətləri ilə tamaşaçını düşünməyə sövq edir. Lakin “The Voyager”in Amerika filmi olmağı onu fərqliləşdirir və ya “bəsitləşdirir”. Faber  filmdə üçüncü dünya ölkələrinin primitivliyinə və Avropanın estetik və fəlsəfi adətlərinə əks olaraq Amerikanıın texnoloji inkişafının və sosioetik həyatının təmsilçisinə çevrilir. Filmin strukturu iki paralel səyahəti özündə  ehtiva edir, bu hər iki səyahətin hər birində də ikili qarşıdurmanı birləşdirir. Henckeni görmək üçün etdiyi səyahət və Sabeth ilə birgə Afinaya etdiyi səyahət. Hər iki səyahət şimal və cənubu, keçmiş və indini, idarə olunan bilən və idarə oluna bilməyəni birləşdirən bir xüsusiyyətə malikdir. Hər iki səyahət texnologiya dünyasından ibtidai quruluşa malik bir dunayaya edilmiş səyahətdir. Faberin Joachimin ölümü ilə rastlaşması yazının əvvəlində deyildiyi kimi öz ölümü ilə rastlaşmağının metaforik təsviridir. Beləliklə, bu ölüm rastlaşması onu bir növ orta yaş böhranının səbəb olduğu ölümünün fərqinə varacaq və onu yenidən oyadacaq. 


Faber’in Sabethlə qurduğu əlaqə ikinci bir doğuşa, ikinci bir həyata səbəb olur. Beləliklə, film bir növ sevgi hekayəsinə çevrilir. Amma necə bir sevgi hekayəsinə. Cəmiyyətin dəstəkləmədiyi və əxlaqi dəyərlərin əl vermədiyi bir sevgi hekayəsi. Schlöndorf  əsərə nisbətən hörgünü daha da genişlədir. Rejissor İvy və stüardesa personajlarını filmə qoyur. Faber və Sabethin ətrafındakı amerikalılar süni qəhrəmanlardır və bu səbəbdən Sabeth ilə əksdir. Schlöndorff, yazıçının ziddiyyətlərinə daha birini əlavə edir: Süni Amerika Qadını və Təbii Avropa Qadını. Birinci ötəri münasibət, ikinci isə ciddi münasibət şəklində filmdə öz əksini tapır. Stüardessa Faberi ölümə aparan (təyyarə qəzası), Sabeth isə onu həyata qaytarandır.
Film eyni zamanda təsadüf və tale ilə əlaqəli fəlsəfi sualları da göz önünə gətirir. Mifoloji işarələrlə Sabeth və Faberin ətrafı əhatələnsə də film Faberin  vəziyyətinin daha yaxşı izah edə biləcəyinə dair nəticəni cavabsız qoyur. Schlöndorff  audio-vizual referanslarla Oedipiusun korluğunu diqqətə çatdırır (Faberin skmayada oturarkən Sabethin arxadan gəlib onun gözlərini əlləri ilə qapamağı, gecə  maşın sürərkən rolu Sabethin idarə etməyi və son səhnədəki kor eynəyi ilə oturmağı. Filmin sonundakı monoloqu isə bu korluğun göstəricisidir).


Baxmaq və görmək filmin əsas motivlərindən biridir. Faber və Sabethin sevgisi onların qarşılıqlı baxışlarında yatır. İlk görüşdə Faber Sabethə baxır, daha sonra mübahisə səhnəsində Sabeth Faberə baxır, bu isə baxışmaların artıq fərqli olduğunu özü ilə birgə gətirir. Bu baxış şəkli filmin irəliləyən dəqiqələrində paralel olaraq birindən digərinə ötürülür. Sonda isə bu Faberin təsliminə gətirib çıxarır, çünki o həm baxan, həm də simmetrik bir münasibətdə baxılan vəziyyətdədir.


Ata ilə qız arasında münasibət gəmidə başlayır. İlk olaraq Faber və Sabeth yığıncağı tərk edir və Faber onunla evlənmək istədiyini deyir. O həm ciddi, həm də xəyalpərəstdir. Ata qismi ilə, sevgili qismi ziddiyyət təşkil edir. Bəzi səhnələrdə isə Faberin atalıq qayğıları ön plana çıxarılır. Lakin talenin oyunundan xəbərsiz Faberin bu qayğıkeşliyi onu öz qızına aşiq edir. Çünki hər iki tərəf bu məsələdən xəbərsizdir. Həmçinin film bir atanın öz qızına göstərdiyi qayğı və ya doğmalıq əlaqələri olmadıqda cinsi qayğıkeşliyi də özündə ehtiva edən münasibətə çevrilə biləcəyini göz önünə gətirir.

Səyahətin şirin yerində ünsiyyət zamanı Faberə artıq hər şey aydın olur. Artıq onun sevgili qayğıkeşliyini atalıq duyğusu əvəzləyir. O artıq bir sevgili yox, atadır. Nəticədə münasibət soyumağa başlayır. Bu soyuqluq isə özü ilə faciəni gətirir. Sabethi ilan vurur və başının daşa çırpılmağına səbəb olur. Burada ilanın vurmağı təsadüf  və onun başının daşa çırpılmağı isə bu təsadüfün nəticəsidir. Simvolik olaraq ilan penisi təmsil edir, ilan vurmağı ilə ata ilə seksual münaibəti eyniləşdirilir və Sabeth bu təsadüfün səbəb olduğu ölümə düçar olur. 


Film bunlarla yanaşı daha bir köklü paradoksu ortaya qoyur: Sevginin ən mükəmməli cəmiyyət tərəfindən qəbul olunmayanıdır. Sevginin gücü onun mümkünsüzlüyü ilə düz mütənasibdir. Oğul üçün bəlkə də ən çox arzuladığı şey ananın sevgisidirsə, qız üçün bu ata sevgisidir. Filmdə isə əsas  mövzu tərs bir Oedipus kompleksidir - atanın öz qızına aşiq olmağı, saf  sevginin bir növ özünü büruzə etməyidir. Filmin quruluşunda da bu bir “dövrə” şəklində özünü göstərir. Bu fırlanan dövrə Afinada başlayır, əslində filmin sonu əvvəlidir, əvvəli isə sonudur və yenə həmin yerdə Afinada bir aeroportda sona çatır.

0 Şərh:

Yorum Gönder