29 Kasım 2015

"Nightcrawler" - Dan Gilroy (2013)



Dan Gilroyun 2014-cü ildə lentə aldığı “Nightcrawler” filmi  Amerikanın qaranlıq küçələrində baş verən hadisələri göz önünə gətirir. Jake Gyllenhaalın canlandırdığı Lou Bloom personajı isə kariyerist obrazlar arasında ən psixopatı olmağı bacarır. “Nightcrawler” Amerika kabel televiziya dünyasının “qan yoxdusa pul da yoxdu” prinsipini göz qırpmadan mənimsəyən jurnalist Lou Bloomun uğurlu həyat hekayəsidir. Los Angelesdə iş axtararkən sərbəst cinayət müxbirliyini kəşf edən və işin incəliklərini sürətlə öyrənən Lou Bloom, filmin sonunda kadrajı öz şirkətini qurmuş bir iş adamı kimi tərk edir.

Televiziya xəbərçiliyi dünyasına şok xəbər sayılan görüntüləri çəkib xəbər kanalına satmaqla başlayan Lou, “Amerikan Yuxusu”na qaranlıq tərəfdən yaxınlaşır. O, insanların əsəbini korlaya biləcək potensialda olan xəbərlərə görə cəzalandırılmır və ən pisi Lou dəyişmək üçün heç nə etmir. Əksinə onun gözünü bağlayan bu kariyerist təfəkkürü və filmin rejissoru Dan Gilroyun dediyi kimi “hiper-kapitalist” etikası qarşısında digər personajlar əzilib büzülür, onun istədiyi şəkildə dəyişməyənlər isə aradan qaldırılır.


Filmdə Lounun dilindən çıxan ilk cümlə, oğurluq edərkən tutulanda özünü xilas etmək üçün mühafizə polisinə dediyi “Yolumu itirmişəm” cümləsidir. Oğurladığını satmaq üçün müraciət etdiyi şəxsdən axıcı şirkət jarqonu ilə iş istəyən Lou üçün iş tapmaq, təkcə bir yerdə işləmək mənasını gəlmir. Yolunu itirmiş bir ruh kimi Lou, əslində iş tapmaqdan çox yolunu tapmaq istəyir. O bunun üçün həddən artıq işləməyə də hazırdır. Bir oğrunu işə götürməklə bir oğru ilə iş görmək arasında fərq tapa bilən işverən əxlaqi sarıdan qərarsızdır. Amma iş axtaran oğrunun fikirlərinə görə isə bu qanunidir. Onun oğurladığı məhsul qəbul olunur lakin oğrunun özü isə qəbul olunmur. Məhsulu birbaşa oğrudan almaq, müştəridə cinayətə ortaq olma duyğusunu oyadacaq. Lakin eyni məhsulu bir şirkətdən almaq qeyri-qanuni hadisə ilə müştərinin arasında daxili rahatlığa səbəb ola biləcək pərdə çəkir. Deməli, oğrunun dünyaya əlindəki məhsuldan daha çoxunu bəxş etməyi lazımdır ki, bunun üçün də oğrunun bazara daxil edəcəyi başqa bir dəyərə, manipulə edilmiş hüquqi bir keyfiyyətin  vasitəçiliyinə ehtiyacı var.


Lou TV rəhbəri ilə qarşılaşma səhnəsində, artıq televiziya xəbərçiliyinin ruhunu başa düşə biləcəyinə dair məlumatlar əldə edə bilir. Müştəri yəni tamaşaçı qan və göz yaşlarına canlı şahid olmaq istəmir, mümkün olan ən etibarlı çərçivədən, evinin ən yaxşı yerində dayanan televizordan və həddən artıq detallı olaraq görmək istəyir. Oğurluq məhsulu satanın şirkət olmağı, alıcıda necə bir “qeyri-qanuniliyə bulaşmamaq”   fantaziyası yaradırsa, Lounun xəbərçilik tərzi və ortaya qoyduğu məhsul tamaşaçıda katarsisə səbəb olur və bu da onlarda qeyri-qanunilikdən və cinayətdən uzaq olma hissini yaradır. Bununla belə Lou etdiyi işin uğurlu alınmağı üçün müştərisinə yəni tamaşaçıya, hadisə yerindəki mövcudluğunu unutdurmalı olduğunu anlayır. Xəbər departamentinin rəhbəri Nina ilə ünsiyyət zamanı o bunu açıq şəkildə ifadə edir: “Normal bir çərçivə gözü təkcə görüntü ilə özünə çəkməz, orada lazım olduğu qədər qalmağını da təmin edir, beləliklə mövzu ilə çərçivənin çölü arasında bariyer məhv olur”. Beləliklə, Lou Bloom, digər sərbəst müxbirlərdən fərqli olaraq daha çox uğur qazanır, çünki o görüntü götürməklə yanaşı , çərçivəyə daxil etdiyi qanlı bədənlər ilə tamaşaçı arasındakı məsafəni minimuma endirməyi gözə alır. Lounun xəbərçilik anlayışının bu istiqamətdə formalaşmağına qismən, cinayətin mərkəzdən periferiyaya doğru sürüşdüyünü deyən xəbər müdiri səbəb olur. Ninaya görə narkotik satıcıları, fahişələr, işçilər, qaçqınlar, zəncilər və neçə belə əlverişsiz qruplar tərəfindən şəhər işğal edilmişdir. Bu şəhərdən qaçmaq məcburiyyətində qalan burjuy ailələr və kostyumlular şəhərqırağı yerlərə getməklərinə baxmayaraq elə cinayət də onların arxasınca düşür. Lou Ninanın verdiyi bu xəritəni izləyir və bir ailənin öldürüldüyü şəhərqırağında olan evə polislərdən qabaq özünü çatdırır. Bu səhnə tamaşaçıda ədəbsiz, dəhşətverici bir yaxınlığa,  narahatedici bir şahidliyə ortaq olma hissi yaradır. Lounun kamerasının işığı evin içini parçalamış bir səthə çevirir. Bu mənada Nina və Lounun etdiyi televiziya xəbərçiliyi “qorxu tacirliyi” sözünə mükəmməl şəkildə oturur. Qorxunu satmağın ən rahat yolu, xəbərin hədəf kütləsinə yəni sistemin davamına imkan yaradan müştəriyə sanki gözləri ilə görürmüş kimi illizuyası yaratmaqdır.


Lou cinayətlərin və qəzaların qurbanları ilə, qurban olmağı ilə qorxudulan tamaşaçı arasındakı məsafəni görünməz etməyə çalışarkən, film Lounun yeni kəşf etdiyi məsləyi ilə arasındakı məsafəni də göz önünə gətirir. Hadisə yerinə ilk dəfə maşını ilə getdiyi zaman çox yaxında saxlayır və polislərlə qurbanlara kamerası ilə çox yaxınlaşır. Harada durmaq lazım olduğunu bilməyən biri kimi film onu şifrələyir. Rəqib operatorun maşınını sabotə edib ölümünə səbəb olur, köməkçisi onu da görüntü olaraq götürdüyündə “O bizdən biridir” deyərək Louya etiraz edəndə, Lou öz köməkçisinə professionallıqda bu kimi hadisələr zamanı mənəvi bağlılığın önəm kəsb etmədiyini deyərək cavab verir. Lou qarşısı alınmaz yüksəlişin işini sevərək (yalnız işini sevərək) etməyinə borcludur. Artıq xəbər yaratmağa başlayan Lou işi ilə eyniləşir, öz məsləyində var olur, hətta məsləyinə çevrilir.
  
Lou Bloom personajı Hollywodun “kariyerist psixopatlar” repertuarında heç şübhəsiz özünəxas bir yer tutacaq. Onun səthi duyğular, qorxu və özünü günahkar görməmə, yüksək manipuliyasiya qabiliyyəti və stresə dözümlülük kimi xüsusiyyətləri ilə yanaşı acgözlülük, maddi dəyərləri müqəddəsləşdirmə, narsizm kimi xüsusiyyətləri ilə də diqqəti cəlb edir. Lounun hədəfi zirvəyə çatmaqdır və bunun üçün nə lazımdırsa etməkdən çəkinmir. Çünki “Yaxşılıqlar çox işləyənləri tapır və cekpotun sənə düşməyini istəyirsənsə, əvvəlcə lotereya biletini almaq üçün pul qazanmalısan”.


Jake Gyllenhaal, Lou personajı üçün ən çox “doyurulmayan bir aclıq” haqqında düşündüyünü deyib. Gilroy ilə birlikdə Lounu bir çaqqal, yəni iştahını doyura bilməyən bir gecə heyvanı olaraq hazırladıqlarını deyiblər. Gyllenhaalın nadir hallarda qırpdığı gözləri bu aclıq fikrinin vizual təsviridir. Lou, parlaq Los-Angeles gecəsində maşını ilə gəzərkən “ac” gözləri ilə ətrafı izləyir, bu da tamaşaçıya, dünyanı gözləri ilə yemək istəyən, gördüyü hər şeyi istəyən bir personaj olduğu haqqında məlumat ötürür.
 
Filmdə həyəcanverici ünsürlərdən biri də, Lounun hər yerdə dilə gətirdiyi prinsiplərinə könüldən bağlı olmağı, kapitalizmin bütün aksiomlarına olan inamını təkcə danışıqda yox, praktikada da gerçəkləşdirməyədir.  Lou ailə, dostluq kimi yaxınlığı özündə ehtiva edən əlaqələrdən azaddır, danışıq dilində istifadə etdiyi sözlər və ifadələr yaxınlıq və səmimiyyətdən doğan dialoqlara deyil internetdə mənimsənilmiş saxta iş dünyası dilinə aiddir. Filmdə Lounun dilindən deyilən sözlərin çoxu ard-arda əlavə edilsə uzun bir monoloq təsiri bağışlayar. Personajın bu tək tərəfli, öz-özünə danışığının və basmaqəlib sözlərinin Nina və öz köməkçisi Rickdə yaratdığı təzyiq, dediyi hər şeyin kapitalist cəmiyyətdə qanuni və məqbul olduğundan irəli gəlir. Bu mənada Lou Bloom səthi bir dərinliyi özündə gizlədən orijinal personajlardan birinə çevrilir.

Sonda evində təkcə oturub izlədiyi televizorun da içinə girməyi bacaran Lou, artıq varlanmış olduğu göstərilir. Nina vasitəsi ilə xəbərlərinin artıq şirkətin adı ilə təqdim olunmağını əldə etmiş, etdiyi cinayətlər cavabsız qalmış, dəyişməmiş amma daha da inkişaf etmiş bir obraz kimi, işçiləri ilə birlikdə xəbər avtobusuna minib yoluna davam edir. Beləliklə, tamaşaçını həzm etməkdə çətinlik çəkdiyi bir həqiqətlə təkbətək qoyur: Kapitalist sistemin istəklərini hərfbəhərf yerinə yetirsən uğur qazana bilər, məqbul bir şəxs kimi hörmət sahibi olacaqsan. Yəni Lou Blooma çevriləcəksən.


0 Şərh:

Yorum Gönder