2 Şubat 2016

"Badlands" - Terrence Malick (1973)



“Qızıl Palma” və “Qızıl Ayı” mükafatlarına layiq görülmüş rejissor Terrence Malickin filmoqrafiyasının ilk filmi 1973-cü ildə lentə aldığı “Badlands”dir. Bu filmlə rejissor sonraki illərdə necə işlər ortaya qoyacağının ilkin toxumlarını səpir. 30 yaşında olarkən lentə aldığı bu ilk film Malick filmoqrafiyasının təməlini təşkil edir. 40 illik kino kareyerası boyunca sadəcə  7 tammetraj filmə imza atıb və filmlər arasındakı olan uzun müddət onun işinə necə diqqət verdiyinə dəlalət edir.

Filmdə gələcək illərdə məşhur simalara çevrilən – Martin Sheen və Sissy Spacek hələ karyeralarının əvvəlində iki gənc akytor və aktrisa kimi qarşımıza çıxır. Sheen filmdə sərgərdan ruhlu Kit, Spacek isə donuq sifətli gənc bir qız olan Holly obrazlarını canlandırır. Holly anasını hələ kiçik yaşlarında itirmiş və o illərdən bəri atası ilə yaşamış və atası ilə məsafəli münasibətdə olan qızdır. Bu səbəbdən mənəvi cəhətdən yarımçıq və ruhca içə qapanıq xarakterə malikdir. Yaşadığı həyat və dünya arasında sanki gözə görünməz bir sədd çəkilib. Kit isə xaricdən baxıldığında Hollynin tam əksi kimi görünsə də, əslində bu obrazların ortaq sıxıntısı var və onlar ruhən boşluq içindədirlər. Kit zibil yığan olmağına baxmayaraq, James Deanə bənzər yaraşığı ilə bir çox qızı yoldan çıxara biləcək potensialdadır. Lakin o bu yaraşığını Hollyni yoldan çıxarmaq üçün istifadə edir. Çünki Kitin tək motivasiyası zibillərini yığdığı orta sinifə məxsus bir ailənin qızını ələ keçirib içində var olduğu sosial vəziyyətin qisasını almaqdır. Holly də indiyə kimi heç kimdən görmədiyi bu marağı belə bir yaraşığa malik insandan görməyinin müqabilində özünü çox fikirləşmədən Kitə təslim edir və beləcə filmin dinamikasının artmağına təkan verir. Bu iki personaj onlara istəmədikləri həyatı yaşamağı məcbur edən sosial mühitin bütün qurumlarından xilas olub daxilindəki insanın ən saf halını ortaya çıxarmaq üçün təbiətə üz tutaraq həyatlarında yeni bir başlanğıc edirlər. Bu başlanğıc üçün seçdikləri üsul isə cəmiyyətin illərdir onlara tətbiq etdiyi psixoloji zorakılığın əvəzində fiziki zorakılıqdır.


Artıq Kit və Holly yoxdur, yeni xarakterlər, yeni insanlar peyda olur və beləcə adlarını dəyişərək James və Priscillaya çevrilirlər. Əvvəldə bu yeni həyat hər ikisnin xoşbəxtliyinə səbəb versə də, Hollynin balığı bu başlanğıcın sonuna dair çox vacib bir əlamətdir. Hələ cütlüyün yeni tanış olduğu vaxtlarda Holly xəstə balığını ölümə tərk edir və təzə bir balıq alaraq yeni başlanğıc edir. Kit və Hollynin əvvəlki xarakterlərini və adlarını ataraq yeni şəxsiyyətə bürünərək başlanğıc etmələri əslində ölü balığın başına gələnlərin eynisidir. Bu anda çox vacib bir detalı göz önünə gətirsək yerinə düşər: Holly balığını öldürdükdən sonra bütün qəlbi ilə peşman olduğunu Kitə etiraf etmişdi. Beləcə cütlük qaçınılmaz finala doğru ümidsizcə getməyə davam edirlər. Əslində Terrence Malick ciddi bir sistem tənqidin edərək fərdin kapitalizmin xaricində qala bilməyəcəyini qabardır. Kit və Holly çərçivələri qıraraq sistemin xaricinə çıxdıqları andan etibarən bütün dünya onlara düşmən kəsilib arxalarınca düşür. Halbuki onların istədiyi sadə bir şey var ki, öz həyatlarını daha mənalı etsinlər. Film bu mənada qəbahətin Kit və Holly də olduğuna deyil, dünyanın hər yerində gördüyü işlərlə kapitalist sistemə daima baş əyən insanlarda axtarmalı olduğuna dair eyham vurur.


“Badlands” ilk filmi olmağına baxmayaraq olduqca yetkin bir üslubu  ilə diqqəti cəlb edir və gələcəkdə Malickin çəkəcəyi filmlərin təməlini təşkil edir. Məhz sonrakı illərdə çəkdiyi – xüsusilə, “Days of Heaven” (1978) və “Tree of Life” (2011) filmlərindəki insan həyatının dəyəri və təsadüfləri, kainatda insanın yeri və zorakılığa meyilliliyi kimi mövzular “Badlands” filmindən və birbaşa Malickin özündən qaynaqlanır. Bu səbəbdən də filmin Terrence Malick filmoqrafiyasının klassik bir nümunəsi olduğunu demək olar.


0 Şərh:

Yorum Gönder