3 Şubat 2016

Gəncliyə tərif, qocalığa mərsiyə deyən film "Youth" - Paolo Sorrentino (2015)




2013-cü ildə "La Grande Bellezza" filmi ilə kinoda öz sözünü deməyi bacaran Paolo Sorrentino bu dəfə yeni işi olan "Youth"la izləyicilərinin qarşısındadır. Rachel Weisz, Paul Dano, Michael Cane, Harvey Keitel, Jane Fonda kimi usta oyunçularla işləyən Sorrentino əsl kino hissini hər anında hiss edə biləcəyiniz bir filmlə geri dönməyi bacarıb desək yəqin ki yanılmarıq.

Gəncliyin tərifi

Sorrentino filmin mərkəzinə Fred və Mick adlı iki köhnə dostu yerləşdirib. Həyatlarının son akkordlarını yaşayan personajlarımız film boyunca gənclik günlərini yad edirlər. Filmin əsas mövzusu da məhz itib gedən gəncliyimizdən bəhs edir. Fred Bellinger bir vaxtlar Venesiya Orkestrində maestro olub. Lakin sonradan şəxsi səbəblərlə əlaqədar təqaüdə çıxıb. Fiziki olmasa da ruhi mənada tükənmiş bir adamdır. Dostu Mick isə "vəsiyyətnaməm" dediyi və "Son Gün" adını verdiyi filminin ssenarisiylə məşğul olan bir rejissordur. Öz ixtisaslarında artıq veteran sayılan Fred və Mick, təqaüd yaşının gəlib çatmasıyla sürətlə axıb gedən həyatın acımasızlığı ilə üzləşirlər və ətraflarındakı gənclərə heyranlıqla tamaşa eliyirlər. Mick "Gənckən hər şey çox yaxın görünür, yaşlılıqda isə hər şey uzaq ..." cümləsi ilə gələcəyi və keçmişi müqayisə edir. Bu müqayisə hər iki vəziyyətdə də ölüm gerçəyiylə tərs mütənasibdir. Qarşımıza hədəflər qoymaq və ümidimizi ölümsüzləşdirmək gəncliyin gözəlliyini izah edir. Yaşlılıq isə gənclikdə qoyulan hədəflərə nail olub olmamaq qənaəti, həyat yolunda göstərilən səylərin nəticəsində ruhi və fiziki yorğunluğun özünü göstərməsi və ölümün yaxınlaşmasıyla hər şeyin uzaq görünməsi mənasını verir. Rejissor gəncliyi müqəddəsləşdirir və gənc  xarakterlərdən də nümunələr verir. Eyni spa salonunda olan gənc ulduz Jimmy, gəncliyin verdiyi inamla qorxunu deyil arzunu seçir. Əxlaqsız da olsa, qeyri-mümkün də olsa bizi biz edən arzularının arxasınca gedəcəyini söyləyir. Dünyanın ən yaxşı futbolçularından biri olan və cəldliyi ilə tanınan Maradonanın isə artıq gəzməkdə və yorulduğunda nəfəs almaqda çətinlik çəkən bir adama döndüyünü görürük.


Qocalığa mərsiyə

Rejissor gəncliyi tərifləyərkən yaşlılığa da səssiz bir mərsiyə oxuyur. Filmdə yaşlılıq haqqında heç bir müsbət düşüncəyə rast gəlmək mümkün deyil. Yaşla birlikdə gələn təcrübə və müdriklik heçə sayılır. Fred Mickin sevgi-məhəbbətlə əlaqədar təcrübələrindən faydalanmaq istədiyini dediyində, Mickin cavabı "Artıq gecdi, iş işdən keçdi artıq" olur. Başqa bir səhnədə Brenda Morel Mickə "Digər həmkarların kimi yaşlandıqca sən də paslanmısan. Artıq kinodan anlamırsan, çünki yaşlısan" kimi cümlələrlə qocalığın yaradıcılığı öldürdüyünü ifadə edir. Bəzi istisnaları nəzərə almasaq "Youth"daki rejissor xarakterimiz və filmin yaşlılıq haqqında söyləmək istədikləri barədə Sorrentinoya haqq vermək olar. Yaşlılıqda gəncliyin necə göründüyünü əsas personajlar üzərindən dəqiq müşahidələrlə verən Sorrentino, gəncliyimizdə nə qədər böyük uğurlara imza atsaq da həyatın qaçınılmaz dövrü gəlib yaşlandığımızda məhdudlaşacağımızı, ehtiraslarımızı itirəcəyimizi və məğlub olacağımızı söyləyir. Filmdə yaşlı cütlüklərin intim həyatlarının yadırğamağı və yaşlı bədənlərin nümayişində sezilən hüzn də diqqət çəkici incə detallar olaraq qarşımıza çıxır.


Gözəllik

"La Grande Bellezza" kimi "Youth"da Sorrentinonun gözəlliyə çatma arzusunun bir başqa vizual təsviridir. Yenə olduqca estetik bir filmlə qarşımıza çıxan rejissor bu dəfə filmin əsas məsələsini, yəni gəncliyi gözəlliklə əlaqələndirir. Mick otağında yatan ssenarist həmkarlarına baxıb "Nə qədər gözəldirlər" deyir. Buradan həyata öz baxış bucağından baxan Mickin yaşlılıqla birlikdə gözəllik haqqındakı fikirlərinin dəyişdiyini, gəncliyi gözəllik olaraq görməyə başladığını başa düşürük. Sorrentino bu filmində insan üzərindən gənclik və gözəllik anlayışlarını araşdırır. Qocalığın vizual təsviri ilə isə gəncliyin və gözəlliyin keçiciliyi izah edilir.


Dünya gözəli spa salonuna gəldikdə cəsarətlə çılpaq bədənini sərgiləyərək Mick və Fredin olduğu hovuza girir. Həyata qarşı ehtiraslarını itirən personajlar bu gözəllik qarşısında özlərini itirirlər. Filmdə dünya gözəli seçilmiş bir xarakterin iştirak etməsi gözəlliyə vurulan eyhamdan başqa bir məna daşımır. Filmin əksər kadrlarında  gənc və yaşlı bədənləri bir arada görmək mümkündür. Hovuzda xüsusilə də saunada gənc və çılpaq bədənlərin nümayiş olunmağı və ya bir fiqurun heykəl kimi hərəkətsiz duruşu, Sorrentinonun çılpaqlığın təbiiliyini anlatmasından daha çox filmin estetikasına xidmət etməsi məqsədi daşıyır.


Son olaraq "Youth" 2015 Avropa Film Mükafatlarında "Ən yaxşı film", "Ən yaxşı rejissor" və "Ən yaxşı aktyor" (Michael Caine) nominasiyalarında qalib olub.


0 Şərh:

Yorum Gönder