2 Şubat 2016

"Meshes of the Afternoon" – Maya Deren (1943)



Eksperimental kinonun əsas simalarından olan Maya Deren 1917-ci ildə Kiyevdə anadan olub. Baş qaldıran anti-semitist cərəyanına görə 1922-ci ildə ailəsi ilə birgə Ukraynanı tərk edərək Amerikaya köç ediblər. Amerikaya yerləşdikdən sonra Maya Sirakuz universitetinə qəbul olunur. O burada jurnalistika və siyasi elmlər fakültəsini bitirir. Maya burada oxuduğu illərdə fəallığı ilə seçilməyi bacarırdı. Sirakuz universitetini bitirdikdən sonra təhsilini Nyu-York univesitetində davam etdirir. Burada magistr pilləsini ingilis ədəbiyyatı və simvolist şeir mövzusu üzrə müdafiə edir. Magistrdan sonra amerikalı məşhur rəqqas və xareoqraf Katerin Dunhamın asistentliyini edir. O Dunhamın yaradıcı gücündən təsirlənir və onlarla bir yerdə qastrol səfərlərinə qatılır. 1941-ci ildə Maya çexiyalı operator və produser Aleksandr Hammid ilə tanış olur və beləliklə onun həyatında kinoya yol açılır. Atasından ona qalan kiçik mirasla 16 mm-lik kamera alan Maya Deren Aleksandr Hammidlə birgə ilk eksperimental filmi olan “Meshes of the Afternoon” u lentə alır.


Filmin ssenarisinə keçməzdən əvvəl eksperimental film haqda qısa məlumat versək yerinə düşər. Belə ki, əgər rejissorun çəkdiyi filmin mövzusu daha əvvəl heç bir filmdə istifadə olunmayıbsa və bu mövzunu işləyən rejissor qeyri-adi və ənənəvi olmayan müxtəlif cür təhkiyə üsullarından istifadə edibsə bu eksperimental film deməkdir. Əslində belə rejissorları kino ixtiraçı adlandırmaq da mümükündür. Maya Derenin filmoqrafiyası özündən sonra gələn rejissorların formalaşmasında da mühüm rol oynayıb. Məşhur amerikalı rejissor Devid Linçin kinematoqrafiyasında bu özünü qabarıq şəkildə göstərməkdədir.


“Meshes of the afternoon” Maya Derenin lentə aldığı ilk filmdir. 1943-cü ildə müharibə illərində lenta alınan filmdə o dövrün hadisələri psixo metaforalarla tamaşaçıya çatdırılr. Maya Deren özünün ssenarisini yazdığı  filmə Aleksandr Hammid ilə birgə quruluş verib. Filmin ssenarisi iki qadının gördüyü və zehnində təkrarladığı obyektlərdən ibarətdir. Kameranın göstərdiyi çörək kəsən bıçaq, dəstəyi kənara atılmış telefon, ayna və çiçək, açar və kilid kimi nəsnələr sürrealist üsulla bəlli olmayan bir zaman kəsiyində istifadə olunub. Maya Derenin filmdə istifadə etdiyi narahatedici musiqinin müşayiəti ilə qadının özünü təkrar edən yuxusunda baş verən hadisələrdə şüuraltı, yuxu və gerçəyin ziddiyəti, şəxsiyyətin bölünməsi kimi kinoda birmənalı qarşılanmayan mövzular tamaşaçıya çatdırlır. Bu ağır psixoloji filmin baş rolunu isə Maya Derenin özü ifa edib. Film 13 dəqiqəlik xronometraja malikdir və səssizdir. Yalnız Teiji İtonun filmdə Maya Derenin pilləkənlərlə atdığı addımları müşayəit edən baraban səsini eşitmək mümkündür. Maya Deren Eyznşteynin ritmik montaj texnikasından bəhrələnərək filmin nizamını və ritmini tənzimləyib. Filmin əsas tənzimləyici elementlərindən biri olan ritm hekayənin tamamlayıcısı olan təkrarlardan və həmçinin fərqlilikdən doğur. Film tamaşaçını sürreal mizanı, bilinən bir məntiq ardıcıllığı ilə davam etməyən mövzusu və musiqinin yaratdığı ab-hava ilə mücərrəd düşüncəyə söykənən bir hekayədə iştirak etməyə çağırır. Filmə baxdıqdan sonra Tomas Şatz “Meshes of the Afternoon” u son 10 ilin ən yaxşı eksperimental filmi adlandırıb. Filmi poetik psixodrama kimi qiymətləndirdirən Şatz həmçinin onun radikal ekran dili ilə seçilən filmlərə böyük təsir göstərdiyini deyib. Şatzın dediklərinə görə poetik psixodram olan “Meshes of the Afternoon” sürrealist dəyərlərə əsaslanan, cinsi kimlik problemlərinin öhdəsindən gələn, Hollivud realizminin söykəndiyi yer və zaman anlayışını məhv edən filmlərdən biridir.

0 Şərh:

Yorum Gönder