31 Ocak 2016

"Chungking Express" - Kar Wai Wong (1994)



Kar Wai Wong pop-art estetikasında özünəməxsus yol açan rejissorlardan biri hesab olunur. Pop-art axımının imkanlarından yararlansa da heç vaxt tamaşaçının anlayışına görə hərəkət etmir və filmlərini özünəxas üslubla lentə alır. Filmləri Godardın sənət rejissurasına uyğun gələn cizgilərə malikdir və rejissorun filmlərindən söhbət açılanda ağla gələn elementlərdən birincisi “sehirli qayçı” yəni montaj üslubu, ikincisi isə kadrları müşaiət edən sehirli musiqilərdir. Hekayələrdəki başlanğıc və final nöqtələrindən çox personajların ani deyilə biləcək hisslərinin dərinliklərinə enən sehirbaz rejissor, xüsusi zərifliklə dizayn etdiyi rejissura ilə hadisələri çöldən izləyən biri varmış kimi gizli bir göz vasitəsilə qurur. Həmin gözün yerinə keçən rejissorun demək istədiyini başa düşən tamaşaçı olur.


Kar Wai Wongun 1994-cü ildə lentə aldığı “Chungking Express” filmi o dövrdə çəkdiyi “Fallen Angels” filmi ilə birlikdə rejissorun sənət anlayışının yüksəlişinə səbəb olur. Bir-biri ilə az bir müddət ərzində ortaq an yaşayan lakin hekayələri fərqli istiqamətlərdə davam edən iki polisin tənhalıqla dolu günlərinin təhkiyə edildiyi “Chungking Express” filmində həm rejissorun pop-art axımından çox gözəl şəkildə istifadə etdiyini görür, həm də melodram elementlərdən gen-bol şəkildə yararlanaraq tamaşaçını duyğu dalğasına qərq etdiyinə şahid oluruq. 223 və 663 nömrəli iki polisin hekayəti əvvəldən bu personajların nömrələrini göstərməklə tanışlıq verir. Kosmopolit bir dünyanın gözə görünməyən iki kiçik parçası olan bu polislər və onlara verilən bu nömrələrlə sistemin kölgəsində qalan iki şəxsdir. Hündür binaların, neon işıqların və zavodların qaranlıqda belə dumana qərq etdiyi küçələrdə iki polisin ortaq yanları evlərindən çox vaxt keçirdikləri yerlər məhz elə bu küçələr və kiçik bir restorandır. Gecə və fərqli zamanlarda vaxt keçirdikləri bu restoranda tənhalığa bir müddətlik də olsa çarə tapan iki polisdən biri olan – 223 nömrəli polis – sevgilisindən təzə ayrılmış və bu ayrılığın səbəb olduğu duyğu boşluğuna qarşı mübarizə aparmaqdadır. Polisi ələ keçirən tənhalıq duyğusu və üstünə əlavə olunmuş ayrılıq həsrəti onun böhranlı portretini cızır. Eyni hekayənin digər tərəfində sarı pariki və mimikasız üz ifadəsi ilə bir narkotik qaçaqçılığı edən qadın var ki, o da hadisələrin davamında kadraja girərək polislə qısa bir müddətlik olsa da öz tənhalıqlarını bölüşürlər. İkinci polis – 663 nömrəli polis – stüardessa sevgilisindən ayrılmış və o da bu vəziyyətlə mübarizə aparmaqdadır. Əvvəlki polisə nisbətən fərqli hisslər keçirən 663 nömrəli polis sanki ayrılıqdan dolayı əldən düşmüş kimi davranır, ayrılığın özü onu əzir. Bu əsnada getdiyi restoranda tanış olduğu və orada işə yeni başlayan Fayenin ondan xoşu gəlir və bu hisslər polisə qarşı adətkarlıqla nəticələnir.



Kar Wai Wongun təhkiyəvi qurğusu deyildiyi kimi başlanğıc və final səhnəsindən yoxsuldur. Belə ki, filmi izlədikcə tamaşaçı hadisələr ardıcıllığını itirə və filmdən qopa bilər. Lakin bu film daha çox hisslərini itirməkdən qorxan bir qrup insanın yalnızlıq, tənhalıq bataqlığında çırpınışlarını və yaşadıqları böyük şəhərdə həyəcan təbili çaldığını diqqətə çatdırır. Bütün obrazlar sıxıcı və rutin bir həyata malikdir, personajlar arası mənəvi keçidlər və açılışlar həmişə bir-birlərindən uzaqda olarkən baş verir, dialoqları içdən olduğu üçün deyildiyi zaman təsirli ola bilir. Dövrümüzdəki cəmiyyətlərdə insanların yaşadığı “səssiz böhranı” əks etdirən ən yaxşı rejissor Kar Wai Wongdur və üstəlik bunu da qabarıq melodram elementləri vasitəsilə etmir. Filmin bəstəkarı rejissorun bir çox filmlərində verdiyi musiqilərlə yadda qalan Shigeru Umebayashi olma sa da, yenə də çox gözəl əsas musiqisi yaddaşa hopmağı bacarır. Filmin orijinal musiqiləri ilə yanaşı pop musiqilərinə də yer verməyi personajların yaşadıqları depressiv pop dövrünə xüsusi eyham vurur. Tony Leung və Takeshi Kaneshiro kimi güclü aktyorlar çətin işin öhdəsindən gəlir və  anlıq mimikalarla səhifələr dolusu hissləri və yazıya tökülməyi bir o qədər çətin olan ssenarini uğurla tamaşaçıya təqdim edir.

0 Şərh:

Yorum Gönder