3 Ocak 2016

"Medeas" - Andrea Pallaoro (2013)




Yazan: Elmidar Süleymansoy


Medeya Yunan mifologiyasında Yasona qızıl badəni tapmaqda kömək edən, onu sevərək ondan bir neçə övlad dünyaya gətirən Kolxida çariçasıdır. Sonradan Yason ona xəyanət edərək başqası ilə evlənəcəyini xəbər verəndə çariça rəqibini və Yasondan olan iki övladını öldürür və babası Günəş tanrısı Heliosun ona verdiyi qanadlı araba ilə göyə çəkilir.

Rejissor Andrea Pallaoro bu mifoloji süjeti ilk tammetraj filmi olan "Medeas"da gen-bol istifadə edib. (Filmin adında söz oyunu olmağını güman etmək olar. Burada söhbət bir yox, bir neçə Medeyadan gedir. Ona görə də adda cəm şəkilçisinin olması təsadüfi deyil) Hadisələr qeyri-müəyyən zamanda baş verir. Lakin yağış yağdırılmasına edilən dua və sonda onun baş verməsi apokaliptik motivləri xüsusən Bibliyanın bu hissə ilə bağlı olan əhvalatlarını xatırladır. Sadəcə landşaftdan bilmək olur ki, ərazi haradasa ABŞ-Meksika sərhədində olan bir yerdir.

Filmdə sujetin xeyli maskulinləşdirilməsini görmək olur. Mifoloji sujet ailənin atası olan kişi roluna proyeksiya olunub. (Filmdə bu rolu Brian F. O'Byrne canlandırır) O xeyli ailəcanlıdır, işgüzardır, övladlarını sevir lakin paralel olaraq patriarxal qaydalarla yaşayır, (televizoru söndürmə səhnəsi, qızının kosmetik vasitələrdən istifadə etməsinə verdiyi kəskin reaksiya, yaşca ikinci oğlunu babasının yanına getməyə israr etməsi və.s.) ənənəvi olaraq ata-oğul (xüsusən də böyük oğulla) münasibətləri çərçivəsində özünü haqlı sayır, yeniyetməlik dövrünə keçmiş qızının üzərində məsuliyyətlə bərabər həm də öz dəyərlərindən irəli gələn hökmlər verir. Ailənin intim həyatının dağınıq olması böyük oğulda Edip kompleksinin əlamətləri, digər uşaqlarda ata bağının demək olar sezilməməsində özünü biruzə verir.


Ana rolununun (Catalina Sandino Morenonun qəhrəmanı) Medeya sujetində yerini xəyanət elementində görmək olar. O lal-kardır (düzdür bunu filmin kulminasiya hissəsindən sonra bilmək olur. “Üç meymun” sujetinin elementlərini də sujetə daxil olmağını görmək olur) ərinə cavan bir kişi ilə xəyanət edir. İntiqam elementlərindən qaçan rejissor qadının əri və məşuqunu qarşılaşdıran zaman mifoloji dekonstruksiyadan istifadə edir. Sadəcə sujetə əlavə gərginlik verməklə hadisəni açıq saxlayır.

2013-cü ildə 70-ci Venesiya film festivalında “Horizontlar” bölməsində iştirak edən filmin rejissoru haqqında həmin il jüri rəhbəri olmuş Paul Schrader müsahibələrinin birində: “Gələcəyi ümid vəd edən 30 yaşlı Bergman” demişdir.    


0 Şərh:

Yorum Gönder